Paris kafedral məktəbi (), Kluatra məktəbi () və ya Paris məktəbi () — Paris Notr-Dam kafedralının nəzdində fəaliyyət göstərən təhsil müəssisəsi. Kafedral məktəbi ilk növbədə ilahiyyat məktəbi idi, lakin burada hüquq, tibb və yeddi azad sənət () də tədris olunurdu.

Bu məktəb sonradan Paris Universitetinin əsasını təşkil etmişdir. Universitet 1200-cü ildə kral II Filipp Avqustun xartiyası ilə rəsmi status almış, 1215-ci ildə isə Roma Papası III İnnokenti tərəfindən tanınmışdır.

Paris Kafedral Məktəbinin şöhrəti burada tədris olunan İncil ilahiyyatı ilə bağlı idi. Tədris Müqəddəs Yazının izahı və təfsiri üçün tətbiq edilən yeni metod əsasında qurulmuşdu. Bu metod legere (oxumaq), disputare (müzakirə etmək) və praedicare (təbliğ etmək) mərhələlərindən ibarət idi və sxolastik məşğələlərlə tamamlanırdı. Bu təhsil prosesi nəticəsində tələbələr Müqəddəs Yazılar sahəsində həqiqi magistr dərəcəsinə yiyələnirdilər.

1985-ci ildə Paris arxiyepiskopu Jan-Mari Lüstije Paris seminariyası üçün yeni ali təhsil institutunun yaradılması barədə qərar qəbul etmişdir. Bu institut 8 dekabr 1999-cu ildə Roma Papası II İohann Pavel tərəfindən "Notr-Dam Fakültəsi" adı ilə kanonik fakültə statusuna yüksəldilmişdir. 2008-ci ilin sentyabrından etibarən Kafedral Məktəbi Parisin V arrondismanında yerləşən Bernardinlər Kollecində fəaliyyət göstərir. Həmin binada eyni zamanda Fransa Katolik Akademiyası da yerləşir.

Tarixi Böyük Karlın əmri ilə hər bir kafedralın nəzdində gələcək keşişlərin, sonralar isə mənşəyindən asılı olmayaraq bütün tələbələrin təhsil alması üçün məktəblər yaradıldı. Parisdə də bu siyasət nəticəsində Paris Notr-Dam kafedralının nəzdində yepiskop məktəbi fəaliyyətə başladı. XI əsrin sonlarında burada Avropanın müxtəlif ölkələrindən gəlmiş tələbələr təhsil alırdılar.

Kapetinqlər sülaləsinin hakimiyyəti dövründə paytaxtı Paris olan Fransa krallığının möhkəmlənməsi şəhərin inkişafına, eyni zamanda kafedral məktəbinin nüfuzunun artmasına səbəb oldu. XII əsrin əvvəllərində bu məktəb Fransanın ən nüfuzlu ali təhsil mərkəzinə çevrilmişdi.

Təxminən 1100-cü ildə filosof Şamponlu Giyom dialektika dərsləri ilə çoxlu sayda tələbə cəlb etdi. Onun tələbəsi Pyer Abelyar sonradan dialektika və fəlsəfə sahəsində müəllimini geridə qoydu. Pyotr Lombard 1140-cı ildən etibarən məktəbdə dərs deməyə başladı. İlahiyyatçı və Paris Notr-Dam kafedralının kanoniki Pyer Leşantr isə 1168-ci ildən sonra burada müəllimlik etmişdir.

Üçüncü Lateran Kilsə Məclisinin (1179) qərarına əsasən, Kilsə keşiş namizədləri və kasıb tələbələr üçün təhsili pulsuz təmin etməyə başladı. Məktəb Site adasında, kafedralın ətrafında yerləşən yepiskop kompleksinin bir hissəsi idi. 1126–1127-ci illərdən əvvəl onun binaları şimal-şərqdəki kluatrada, indiki presviteriyanın yerləşdiyi ərazidə, təxminən Arkole küçəsi, Kluatr-Notr-Dam küçələri və Çiçəklər sahilinə () qədər uzanan hissədə yerləşirdi. Kompleks kapitul ilə bağlı idi, burada bir neçə ibadətgah, həmçinin öz bağları və yardımçı tikililəri olan təxminən on beş ev mövcud idi.

1126–1127-ci illərdən sonra tədris otaqları kilsənin digər tərəfinə, yepiskop kuriyasının yaxınlığına köçürüldü. Tədris kapitulun nəzarəti altında aparılırdı və yepiskopla kanoniklərə evlərini tələbələrə kirayəyə vermək qadağan edilmişdi. 1160-cı ildən sonra, Paris yepiskopu Moris de Sülli Paris Notr-Dam kafedralının tikintisinə başladıqda, məktəb kluatra ərazisini tamamilə tərk etdi.

Tədricən dünyəvi fənlərin tədrisi kafedral məktəbindən ayrıldı və çoxlu sayda tələbə ilahiyyatdan üz döndərərək yeddi azad sənətin öyrənilməsinə üstünlük verməyə başladı. Professorlar və tələbələr Notr-Dam kanslerinin yurisdiksiyasından çıxmaq məqsədilə Senanın sol sahilinə köçərək məktəbi Sen-Jenevyev abbatlığının yurisdiksiyasına keçirdilər.

Təxminən 1222-ci ildə kafedral məktəbinin kansleri sol sahildə fəaliyyət göstərən yeddi azad sənət məktəblərini yenidən öz tabeliyinə qaytarmaq ümidindən əl çəkdi. Kafedral məktəbi yalnız ilahiyyat, hüquq və tibb sahələrində dərəcə vermək hüququnu özündə saxladı və azad sənətlər magistri dərəcəsini vermək səlahiyyətinin Sen-Jenevyev abbatlığına keçməsini qəbul etdi.

Sonradan Müqəddəs Jenevyev təpəsində, Latın məhəlləsində fəaliyyət göstərən məktəblər Paris Notr-Dam kafedralı yanında qalmış ilahiyyat məktəbi ilə birləşərək Paris Universitetini yaratdılar. Universitetin İlahiyyat fakültəsi birbaşa Paris Notr-Dam Kafedral Məktəbinin varisi hesab olunur.

Sonrakı dövrdə kafedral məktəbi tamamilə Paris Universiteti ilə əvəz olundu. 1384-cü ildə Notr-Dam kapitulu kanon hüququnun tədrisi hüququnu yenidən əldə etməyə cəhd göstərsə də, bu təşəbbüs uğursuzluqla nəticələndi.

Paris Kafedral Məktəbində tədris dini mətnlərin oxunması, müzakirəsi, şərh edilməsi və sxolastik məşğələlər vasitəsilə izahına əsaslanan metod üzrə aparılırdı. Məktəb xüsusilə ilahiyyat sahəsində verdiyi yüksəksəviyyəli təhsili ilə şöhrət qazanmışdı.

Müasir dövrdə 1984-cü ildən etibarən Paris Kafedral Məktəbi Paris arxiyepiskopluğunun əsas tədris mərkəzi kimi fəaliyyət göstərir. O, kardinal Jan-Mari Lüstije tərəfindən yaradılmışdır. Kardinalın məqsədi yeparxiya səviyyəsində təhsil mərkəzi formalaşdırmaq və burada yepiskop kimi məsuliyyətinə uyğun hesab etdiyi ilahiyyat təhsilini təmin etmək idi.

8 dekabr 1999-cu ildə məktəbin ilahiyyat studiumu Müqəddəs Taxt-Tac tərəfindən "Notr-Dam Fakültəsi" adı ilə kanonik fakültə kimi tanınmışdır. Jurnalist Anri Tenkin qeyd etdiyi kimi, bu qərar eyni zamanda yepiskopun ilahiyyat tədrisini yenidən öz nəzarəti altına almaq istəyi kimi də qiymətləndirilə bilər. Çünki həmin vaxta qədər ilahiyyat əsasən Paris Katolik İnstitutunda () tədris edilirdi. Jan-Mari Lüstije bu ali məktəbə mənfi münasibətini gizlətmir, onu "həddindən artıq sarsıdıcı və kifayət qədər konstruktiv olmayan" bir müəssisə hesab edirdi. Sonrakı illərdə Notr-Dam Fakültəsi Paris Katolik İnstitutunun tələbələrinin əhəmiyyətli bir hissəsini özünə cəlb etdi və 2008-ci ildə tələbələrinin sayı 4000 nəfəri keçdi.

Paris Kafedral Məktəbinin tərkibində özəl ali təhsil müəssisəsi də fəaliyyət göstərir. Məktəb əsasən aşağıdakı bölmə və tədris proqramlarını birləşdirir: Notr-Dam İlahiyyat Fakültəsi — burada seminariya tələbələri, rahiblər və dünyəvi şəxslər təhsil alırlar. Fakültə Vatikan tərəfindən tanınan aşağıdakı dərəcələri verir: İlahiyyat bakalavrı (5–6 illik təhsil), İlahiyyat lisenziatı (bakalavr dərəcəsindən sonra 2 il), İlahiyyat doktoru (lisenziat dərəcəsindən sonra ən azı 3 il). Açıq mühazirələr — daha geniş auditoriya üçün nəzərdə tutulmuş bu kurslar gündüz və axşam saatlarında keçirilir və dini biliklərini dərinləşdirmək istəyən hər kəs üçün açıqdır. Bu bölmədə fəaliyyət göstərən "Yəhudilik" proqramının məqsədi xristianlara öz inanclarının yəhudi köklərini və yəhudilik dinini tanıtmaqdır. Rəhbərlərin hazırlanması proqramı — ikiillik tədris proqramı olub, kilsə icmalarında və müxtəlif dini hərəkatlarda məsul vəzifələr daşıyan şəxslər üçün nəzərdə tutulmuşdur.

Ailə İnstitutu — ailə ilə bağlı məsələləri İncil və Kilsənin təlimi işığında araşdırmaq istəyənlər üçün fəaliyyət göstərir.

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Paris Notr-Dam kilsəsi Kateqoriya:Xristian təhsili Kateqoriya:Fransa seminariyaları və ilahiyyat kollecləri Kateqoriya:Katolik seminariyaları Kateqoriya:Parisdə təhsil Kateqoriya:Kafedral məktəbləri