Yevgeniya Maksimilyanovna Romanovskaya ( ) — Loyxtenberq hersoqu Maksimilyan de Boharnenin qızı, Oldenburq şahzadəsi.

1845-ci ildə Sankt-Peterburqdakı Mariinski sarayında dünyaya gəldi. Atası Loyxtenberq hersoqu Maksimilyan de Boharne, anası isə rus çarı I Nikolayın qızı Mariya Nikolayevnadır. Atasının fransız-alman əsilli olmasına baxmayaraq, Yevgeniya və bacı-qardaşları pravoslav məzhəbinə uyğun təlim-tərbiyə edildi. Bu çar Nikolayın qoyduğu evlilik şərtlərindən biri idi. 1852-ci ildə atası vəfat etdi və anası Mariya Nikolayevna 2 il sonra başqasıyla evləndi. Ancaq onun bu evliliyi Çar Nikolaydan gizlədildi. Babasının ölümü və dayısı II Aleksandrın taxta çıxmasından sonra da qəbul edilməyən bu evlilik səbəbilə, anası Mariya Nikolayevna övladlarını geridə qoyaraq Rusiyadan sürgün edildi. Yevgeniya və bacı-qardaşları isə Çar Aleksandr və Çariça Mariya Aleksandrovnanın himayəsinə verildi.

Çar ailəsinə yaxın olması səbəbilə, bir çox dövlət tədbirlərində və rəsmi səfərlərdə iştirak etdi. 1860-cı ildə dul çariça Aleksandra Fyodorovnanın Fransa səfərinə qatıldı və bu səfər əsnasında uzaq qohumu olan Fransa imperatoru III Napoleon və xanımıyla tanış oldu.

19 yanvar 1868-ci ildə Qış sarayındakı Böyük kilsədə Oldenburq şahzadəsi Pyotrun oğlu Aleksandr Petroviçlə evləndirildi. Seçilən bəy namizədi rus çarı I Pavelin şəcərəsinə mənsub idi və onun qızı Yekaterina Pavlovnanın nəvəsi idi. Cütlüyün bu nigahdan yeganə oğlu dünyaya gəldi.

Oldenburqlu Pyotr Aleksandroviç

Əri Aleksandr Petroviçlə birlikdə Rusiyanın müxtəlif əyalətlərində məktəblər, xəstəxanalar, yetimxanalar və digər xeyriyyə qurumları təsis etdilər. Bir çox xeyriyyə qurumuna maddi dəstək verdilər. Bu səbəblə, alman əsilli olmasına baxmayaraq, yerli rus xalqı tərəfindən daim sevildilər.

1917 Fevral inqilabı əsnasında ailəsiylə birlikdə ölkədən qaçmağa məcbur oldu. Sürgündə öncə Finlandiyada, ardından Fransada məskunlaşdılar. 4 may 1925-ci ildə Biarritsdə vəfat etdi.

Mənbə

Ədəbiyyat

Belyakova, Zoia. Honour and Fidelity: The Russian Dukes of Leuchtenberg. Saint Petersburg: Logos Publishers. 2010 ISBN 978-5-87288-391-3 Radzinsky, Edvard (2005). Alexander II, The Last Great Tsar. New York: Free Press. p. 177. ISBN 978-0-7432-7332-9 Louda, Jiri; Michael Maclagan (1981). Lines of Succession. London: Orbis Publishing Ltd. p. 297. ISBN 0-460-04519-9 Vassili, Paul (December 2009). Behind the Veil at the Russian Court. Read Books Design. p. 246. ISBN 9781444689693

İstinadlar

Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Leyxtenberqlilər Kateqoriya:Ruslar