Əmirül-ərəb (), həmçinin əmirül-ürban (; ) — ardıcıl orta əsr müsəlman dövlətlərində Suriyada yaşayan bədəvi qəbilələrinin komandiri və ya rəhbəri. Bu titul hələ XI əsrdə Saleh ibn Mirdasa münasibətdə işlədilmiş, lakin Əyyubilər sultanlığı tərəfindən dövlət institutu kimi rəsmiləşdirilmiş və onun Məmlük xələfləri tərəfindən daha da möhkəmləndirilmişdir. Bu vəzifə erkən Osmanlı imperiyası dövründə (XVI–XVII əsrlər) ən azı təşrifat xarakterli də olsa qorunub saxlanılmış, lakin həmin dövrə qədər onun əhəmiyyəti azalmışdır. Əmirül-ərəbin yurisdiksiyası, əsasən, Mərkəzi və Şimali Suriya ilə məhdudlaşmış, bu vəzifəni daşıyan şəxs tez-tez Suriya səhrasında imarətül-ərəbi (bədəvilərin əmirliyi) təşkil edən iqtalar (feodal mülkləri) almışdır. İmarətül-ərəb həm Suriyanın tez-tez üsyan edən bədəvi tayfalarını dövlətə tabe etmək, həm də köməkçi qoşun kimi onların dəstəyini təmin etmək məqsədilə yaradılmışdır. Məmlüklərin hakimiyyəti dövründə əmirül-ərəbin başlıca vəzifələrindən bəziləri İraq və Anadoluda monqol Hülakülər dövlətinə qarşı səhra sərhədini qorumaq, bədəvilərin dövlətə sədaqətini təmin etmək, düşmən qüvvələri haqqında kəşfiyyat məlumatları toplamaq, infrastrukturu, kəndləri və səyyahları qarətlərdən mühafizə etmək, eləcə də sultana at və dəvələr tədarük etməkdən ibarət olmuşdur. Bunun müqabilində əmirül-ərəbə iqtalar, illik məvacib, rəsmi titullar və fəxri xələtlər verilmişdir.
Əyyubilər dövründə müxtəlif vaxtlarda bir çox ərəb əmiri bu vəzifəni tutmuş və onlara iqtalar verilmişdir, lakin 1260-cı ildə Suriyada Məmlük hakimiyyətinin bərqərar olması ilə bu titul Bənu Cərrahın Təyy qolunun birbaşa nəslindən olan Fəzl sülaləsinin nümayəndələri tərəfindən mənimsənilərək irsi vəzifəyə çevrilmişdir. Vəzifə ziddiyyətli fasilələrlə Fəzl əmiri İsa ibn Mühənnanın ailəsində qalmış və Osmanlı dövrünün erkən mərhələlərinə qədər davam etmişdir. Həmin dövrdə İsanın xələfləri Məvali qəbiləsinə rəhbərliyi ələ keçirmişdilər. Osmanlıların hakimiyyəti altında əmirül-ərəbin rolu illik ödənişlər müqabilində dövlətə dəvələr təmin etmək və Həccə gedən zəvvar karvanının təhlükəsizliyini qorumaq ətrafında cəmləşmişdir.
İdarəetmə Əyyubilər imarətül-ərəbi rəsmi dövlət institutu kimi təsis etmişdilər, lakin Əyyubi siyasi sisteminin pərakəndə xarakteri səbəbindən təyin olunmuş əmirül-ərəb çox vaxt əmirül-ərəbi öz üstünləri kimi yox, bərabərhüquqlu tərəf kimi görən bədəvi rəhbərlərinin üzərində hakimiyyətini saxlaya bilmirdi. Məmlüklərin hakimiyyəti dövründə əmirül-ərəb Misirdən hökmranlıq edən sultan tərəfindən təyin olunur və dövlət məmuru hesab edilirdi. Onun iqta (feodal mülkü; cəmdə: iqtaət) torpaqları sultana məxsus dəftərxana tərəfindən təqdim olunan diplomla verilir və ya əmirül-ərəb Qahirədə sultan sarayını ziyarət edərkən şəxsən özü tərəfindən götürülürdü. Dəməşq, Hələb və paytaxt Qahirə kimi Məmlük əyalətlərində mehmandariyyə adlanan idarə bədəvilərin işlərinin idarə olunması və əmirül-ərəbin qəbul edilməsi ilə məşğul olurdu. Əmirül-ərəb və digər bədəvi əmirləri ərbabəs-süyuf (qılınc əhli), yəni hərbi iyerarxiyanın tərkib hissəsi kimi təsnif edilirdilər. Əmirül-ərəbin rütbəsi Dəməşq əyalətinin əmir miə muqəddəm əlf (yüz nəfərlik suvari birliyinin əmiri, min nəfərlik hərbi birliyin komandiri) və nazir əl-ceyiş (ordunun rəhbəri) rütbələrinə, eləcə də Hüms naibinə (valisinə) bərabər tutulurdu.
Erkən Osmanlılar ən azı XVI əsrdə imarətül-ərəb institutunu qoruyub saxlamışdılar və bu dövrdə titul əmir-ərəbi-Şam kimi adlandırılırdı, lakin tarixçi Məhəmməd Adnan Bəxitin qeyd etdiyinə görə, həmin dövrün mənbələrində əmirül-ərəbin hüquqları, rolu və Osmanlı Suriyasının inzibati sistemindəki mövqeyi dəqiq müəyyən edilməmişdir. Yurisdiksiyası XVI əsrin ortalarınadək bütün Suriyaya şamil edilən Dəməşq əyalətinin arxiv sənədlərində əmirliyin funksiyaları haqqında məlumat verilmir. Bundan əlavə, Bəxit bədəvi tayfalarının və ya əyalət hökumətinin əmir əl-ərəbi tanıması üçün sultanın təsdiqinin tələb olunub-olunmadığının qeyri-müəyyən qaldığını bildirir.
İqta sisteminə inteqrasiya Əyyubilərin hakimiyyəti dövründə qəbilə rəhbərlərinin böyük əksəriyyəti iqta sisteminə cəlb olunmuş və Əyyubilərdən ənənəvi ödənişlər almışdılar. Onların xələfləri olan Məmlüklər Suriyadakı bədəvi tayfalarına daha çox diqqət ayırırdılar, çünki bu regionu sahil zonasındakı Xaçlılar və Anadolu ilə İraqdakı Monqol Hülakülər dövləti ilə müharibələrdə mühüm sərhəd məntəqəsi hesab edirdilər. Məmlüklər bədəvilərdən köməkçi qoşun kimi istifadə edir, onların dövlətə qarşı dəyişkən, lakin çox ehtiyac duyulan sədaqətinə ehtiyatla yanaşırdılar. Məmlük mənbələri əmir əl-ərəbə verilən iqtaları "iqta i'tidad" (ehtiyat/güvən iqtası) kimi adlandırırdı. Tarixçi Tsuqato Satonun qeyd etdiyinə görə, bu status bədəviləri iqta sahiblərindən tələb olunan məcburi hərbi xidmətdən rəsmən azad edir və dövlətlə bədəvilər arasında "xüsusi münasibətlərin" olduğunu göstərirdi. Bununla belə, praktiki olaraq Suriya bədəviləri hərbi yürüşlərdə və ya fövqəladə hallarda köməkçi qoşun kimi tez-tez xidmətə cəlb olunurdular.
Bədəvilərə verilən iqtalar məmlük (azad edilmiş qul əsgər) əmirlərinin mülkləri ilə müqayisədə kiçik idi, lakin bəzi sultanlar əmirül-ərəbə xüsusilə cömərd iqtalar bağışlayırdılar. Qəbilələrə iqtaların paylanması, həm də onların adətən vərdiş etdikləri kənd və qəsəbələri qarət etməsinin qarşısını almaq və onları dövlətlə əməkdaşlığa sövq etmək məqsədi daşıyırdı. Tayfaların tez-tez üsyan etməsi də Məmlükləri onları iqta sisteminə cəlb etməyə məcbur edən amillərdən biri olmuşdur. Sultana qarşı üsyan qaldırıldığı hallarda əmirül-ərəbin iqtası əlindən alınırdı. Ümumiyyətlə, Sələmiyyə və Tədmür (Palmira) şəhərləri ardıcıl olaraq əmirül-ərəbin iqta ərazisi kimi xidmət etmiş və bu vəziyyət iqta sisteminin timar sistemi ilə əvəz olunduğu erkən Osmanlı erasınadək davam etmişdir. Sələmiyyə və Tədmürdən əlavə, Osmanlılar əmirül-ərəbə Dəməşqin cənubunda yerləşən Həvran düzənliyində də timar torpaqları ayırmışdılar.
Vəzifələri İqtalar, illik ənənəvi ödənişlər, fəxri titullar və xələtlər müqabilində əmirül-ərəbdən monqollara, səlibçilərə, onların müttəfiqlərinə və üsyançı məmlük əmirlərinə qarşı müharibələrdə öz süvarilərinə köməkçi qüvvə kimi komandanlıq etməsi gözlənilirdi. Əmirül-ərəb və aşağı rütbəli qəbilə rəhbərlərinin digər bir vəzifəsi sərhəd yaxınlığındakı düşmən hərəkətləri haqqında kəşfiyyat məlumatları toplamaq idi. Əmirül-ərəb və Suriya bədəvi qəbilələrinin rəsmi vəzifələrinə sultanlığın sərhədlərinin müdafiəsi, səhrada və öz iqta ərazilərində olan yolların, körpülərin və dağ keçidlərinin saxlanılması və nəzarətdə tutulması daxil idi. Bu xidmət həmçinin, ticarət karvanlarının və Hicazda yerləşən müqəddəs Məkkə və Mədinə şəhərlərinə çatmaq üçün bədəvi ərazilərindən keçən illik Həcc zəvvarlarının təhlükəsizliyinin təmin olunmasını əhatə edirdi. Qəbilə mənsubları ordunun və dövlət məmurlarının səhrada bələdçisi kimi də xidmət edirdilər. Əmirül-ərəb həmçinin, bədəvi tayfalarının ev heyvanlarından zəkat toplanmasına cavabdehlik daşıyırdı.
Sultan Baybarsın hakimiyyəti dövründə (hakimiyyəti: 1260–1277-ci illər) Misir və Suriya arasında barid (poçt rabitəsi) yaradılmış və bu, sultana əyalətlərdəki hadisələrdən davamlı olaraq xəbərdar olmaq imkanı vermişdir. Bu sistem Məmlük dövlətində mühüm mərkəzləşdirmə amili kimi xidmət edirdi və hər bir poçt stansiyası üçün nəqliyyat atları tələb olunurdu. Bunu qəbilələr təmin edirdilər. Satonun qeyd etdiyinə görə, qəbilələrin at və dəvə tədarükü poçt sisteminin fəaliyyəti üçün əvəzolunmaz şərt idi. Cins atlar və cavan dəvələr əmirül-ərəb tərəfindən Məmlük sultanlarının saray ilxılarına hər il müntəzəm olaraq təqdim edilirdi. Erkən Osmanlı dövründə əmirül-ərəb sultan ilxılarını illik ümumi dəyəri 240,000 akçe olan 1050 cavan dəvə və 30 cavan at ilə təmin etməli idi. Bu ödəniş Dəməşq əyalətindən sultana gələn gəlirlərin bir hissəsini təşkil edirdi.
Tarixi Mənşəyi Barbalissosdan Əyləyə qədər uzanan Suriya səhrası islamdan əvvəlki dövrlərdən (VII əsrin ortalarınadək) bəri köçəri ərəblər olan bədəvi qəbilələrinin məskəni olmuşdur. 630-cu illərdə Müsəlmanların Suriyanı fəthindən sonrakı 250 il ərzində bədəvilər Raşidi (632–661), Əməvi (661–750) və erkən Abbasi (750–861) xilafətlərinin hakimiyyəti altına alınmışdılar, lakin bu dövr ərzində bəzi bədəvi tayfaları Əməvilərin sülalə daxili mübarizələrində, Abbasilər inqilabında, üsyançı xaricilərlə və iman Əli tərəfdarlarının hərəkatlarında, eləcə də lokal üsyanlarda iştirak etmişdilər. 861-ci ildən başlayan Abbasilərin tənəzzülündən sonra Suriya səhrasında dövlət nüfuzu əhəmiyyətli dərəcədə zəifləmiş və yaranan boşluğu bədəvi qəbilələri doldurmuşdur. Bənu Təğlib qəbiləsinin mənsubları olan Həmdanilər sülaləsi (890–1004) bədəvilərin yenidən qazandığı qüdrəti təmsil edirdi və XIV əsr tarixçisi İbn Xəldunun bildirdiyinə görə, onlar Suriya çölündə və Yuxarı Mesopotamiyada bütün bədəvi tayfalarını özlərinə tabe etmişdilər. Həmdanilərin intibah dövründən əvvəl və ya sonra bu regionda ortaya çıxan digər tayfa sülalələrinə Ukeylilər (990–1096), Numeyrilər (990–1081), Bənu Əsəd və Bənu Xəfəcə daxil idi. X əsrin sonlarında Bənu Təyy tayfasından olan Cərrahilər (970-ci illər – XI əsrin ortaları) və Bənu Kilab qəbiləsindən olan Mərdasilər (1024–1080) müvafiq olaraq Cənubi və Şimali Suriyaya ağalıq edirdilər. Onlar əvvəlcə Qərmətilərlə, daha sonra isə 977–1071-ci illər arasında Suriyanı idarə edən Fatimilərlə nominal tərəfdaş kimi fəaliyyət göstərmişdilər. XI əsrin ikinci yarısında səlcuqi türklərinin yürüşü nəticəsində əsrin sonuna qədər Suriya çölündə nüfuzlu ərəb qüvvəsi kimi yalnız Cərrahilərin kiçik bir qolu olan Bənu Rəbiə qalmışdır.
XI əsrin əvvəlləri ilə XIII əsrin ortaları arasında hakim müsəlman dövlətləri tərəfindən Suriya bədəvilərinin idarə edilməsi haqqında məlumatlar çox məhduddur. İki əsr ərzində əmirül-ərəb titulunun mənşəyi də qeyri-müəyyən qalmışdır. Bir sıra orta əsr müsəlman salnaməçiləri Hələbdə Mirdasilər əmirliyinin banisi Saleh ibn Mirdası (ölümü: 1029-cu il) "əmir-ərəbül-Şam", yəni "Suriyanın bədəvi komandiri" kimi adlandırmışdılar. Salehin müttəfiqi və Cərrahilərin rəhbəri Həsən ibn Mufərric də orta əsr mənbələrində əmirül-ərəb kimi xatırlanmışdır. Tarixçi Süheyl Zəkkara görə, bu titulun dəqiq mahiyyəti məlum deyil, lakin bu, ən azı sahibinin yüksək mövqeyini göstərir. Zəkkar Salehin bu titulu daşıyan ilk şəxs olub-olmaması və ya onun daha əvvəl mövcud olub-olmaması məsələsinin qaranlıq qaldığını qeyd edir. Titulun mənşəyinin müəyyən edilməsi çətindir, çünki onun islamdan sonra Suriya qəbilələri tərəfindən yaradıldığı, yoxsa islamın meydana gəlməsindən əvvəl Ərəbistan yarımadasında mövcud olub VII əsrdə islam fəthlərindən sonra Suriyaya gətirildiyi bilinmir.
Zəkkar ehtimal etmişdir ki, əmirül-ərəb titulu Suriya bədəviləri arasında islamdan əvvəlki (VI əsrin ortaları) siyasi ənənənin "bərpası və ya davamı" ola bilərdi. Həmin dövrdə Bizans imperiyasının ərəb vassalları olan Qassanilərin ali filarxı (qəbilə rəhbəri) Suriyanın digər bədəvi tayfaları üzərində rəsmi hakimiyyətə malik idi. Bundan əlavə, erkən müsəlman salnamələrində tez-tez "seyyid əhlül-badiyə" (səhra sakinlərinin ağası) və ya "seyyid Qeys" (Qeys qəbilələrinin ağası) ifadələrinə rast gəlinir. Zəkkar bunların zamanla "əmir-ərəbül-Şam" tituluna çevrilən ilkin formalar olduğunu düşünür.
Əyyubilər dövrü