Əbu Müaviyə Hüşeym ibn Bəşir ibn Qasım əs-Süləmi əl-Vasiti (; ) — mühəddis.
Həyatı Hüşeym ibn Bəşir 722-ci ildə Vasitdə anadan olmuşdur. Onun əslən Buxaralı və ya Bəlxli olduğu bildirilir. Rəvayətə görə, babası Qasım ibn Dinar ticarət məqsədilə Vasitə gəlmiş, burada məskunlaşmış və Həccac ibn Yusif üçün tikilən sarayın inşasında çalışmışdır. Atası Bəşir isə Hüşeym doğulmazdan əvvəl Həccacın aşpazlarından biri olmuşdur.
Ailələrinin kasıb olması səbəbindən atası Hüşeymin elm öyrənməsinə icazə vermirdi. Buna görə də o, atasından gizli şəkildə Əbu Şeybə əl-Qazının dərslərində iştirak etmiş, hətta onunla fiqhi müzakirələr apara biləcək səviyyəyə çatmışdır. Bir gün xəstələndiyi üçün dərsə gedə bilməyəndə müəlliminin onu evdə ziyarət etməsi atasına çox təsir etmiş və bundan sonra oğlunun elm öyrənməsinə razılıq vermişdir. Hüşeym də elm əldə etmək üçün Məkkə, Bəsrə və Kufə kimi şəhərlərə səfərlər etmişdir.
O, dövrünün tanınmış alimlərindən, o cümlədən Zöhri, Əmr ibn Dinar, Əyyub əs-Səxtiyani, Əməş, Abdullah ibn Əvn və başqa alimlərdən hədis öyrənmişdir.
Hüşeym Vasitdə olduğu dövrdə Əhli-Beytdən olan İbrahim ibn Abdullahın, 762-ci ildə Abbasi xəlifəsi Əbu Cəfər əl-Mənsura qarşı qaldırdığı üsyana Bəhamra adlı yerdə qoşulmuşdur. Bu döyüşdə onun oğlu Müaviyə və qardaşı Həccac ibn Bəşir həlak olmuşdur. Döyüşlərdə göstərdiyi igidliyə görə şöhrət qazanan Hüşeym, ehtimal ki, Mənsurun Vasiti ələ keçirməsindən sonra Bağdada köçmüş və ömrünün sonunadək burada yaşamışdır.
Məlumdur ki, Əhməd ibn Hənbəl ilk hədis dərslərini Hüşeymdən almış və dörd-beş il ərzində onun dərslərində iştirak etmişdir. Həmçinin Süfyan əs-Səvri, Şöbə ibn Həccac, Malik ibn Ənəs, İbnül-Mübarək, Yəhya əl-Qəttan, Əbdürrəhman ibn Mehdi, Əli ibn Mədini, Osman ibn Əbu Şeybə, Yəhya ibn Məin və Əsəd ibn Furat kimi tanınmış alimlər ondan hədis rəvayət etmişlər.
Hüşeym ibn Bəşir 799-cu ildə Bağdadda vəfat etmiş və Xeyzüran qəbiristanlığında dəfn olunmuşdur.
Mənbə
İstinadlar
Ədəbiyyatlar