İslam Xoca minarəsi () — Xivədə, İçan Qala qalasının mərkəzində yerləşən mədrəsə. Mədrəsə Xivə xanı İsfəndiyar xanın (1908-1910) baş naziri və qayınatası Seyid İslam Xoca tərəfindən tikilmişdir.

Tarixi Mədrəsənin tikintisinə 1908-ci ildə başlanılmış və tikinti işləri 1910-cu ilə qədər başa çatdırılmışdır. İslam Xoca mədrəsəsi 42 otaqdan (hücrədən) ibarət idi. Bu elm ocağında 50 tələbə təhsil alırdı. Seyid İslam Xoca Xivə şəhərinin abadlaşdırılması naminə canını fəda edən öz dövrünün ən tanınmış şəxsiyyətlərindən biri olub. Onun səyləri sayəsində Xivədə xəstəxana, poçt, teleqraf, qoşa qapı, Nurullabay sarayında İsfəndiyar xanın qəbul zalı, həmçinin Xarəzmin bəzi bölgələrində yeni dəmir körpülər inşa edilmişdir.

Memarlığı Mədrəsənin (42,8 x 32,5 m) əsas üslubu iki mərtəbəlidir. Girişin sağ tərəfində xüsusi bir məscid də tikilmişdir. Baş fasadı ilə minarəyə bağlanan mədrəsənin xarici görünüşü və tərtibatı Xivənin digər mədrəsələrindən çox da fərqlənmir. Binanın yan qanadları iki mərtəbəli tağlar şəklində bəzədilib, küncləri isə qübbəli bürclərlə (gülbəstələrlə) tamamlanıb. Eyvanların yuxarı hissəsi naxışlı haşiyələr və kaşılarla bəzədilsə də, həyətin divarlarında heç bir bəzək yoxdur.

Həyət (23 x 20 m) bir mərtəbəli kiçik otaqlarla (ümumilikdə 42 hücrə) əhatə olunub. Əsas binanın həyətə baxan ikinci mərtəbəsində bir eyvan yerləşir. Mədrəsənin cənub-şərqindəki məscid günbəzlidir və onun mehrabı kaşı və gəc oyma naxışları (gənckari) ilə bəzədilib.

Onun qarşısında Xivənin ən uca minarəsi (56,6 m) - İslam Xoca minarəsi ucalır. Oturacağının diametri 9,5 m olan bu minarə yuxarıya doğru getdikcə nazilir. Minarənin üzərində göy və yaşıl naxışlardan ibarət kəmərlər işlənib. Zirvədəki qəfəsəyə (şərəfəyə) məhəccərlər quraşdırılıb və ən yuxarı hissəsi kiçik bir günbəzlə tamamlanıb. Minarə şəhərin demək olar ki, hər yerindən görünür.

İslam xoca mədrəsəsi və minarəsinin tikintisində memar Xudayberqan Hacı, nəqqaşlar Eşmühəmməd Xudayberdiyev, Bolta Voisov və başqaları iştirak etmişdilər. Piştağın (baş qapının) arxa tərəfində, otaqların üstündə sadə ağac sütunlu bir eyvan tikilmişdir. Mədrəsənin ən böyük otağı geniş günbəzli məsciddir və o, İslam xoca mədrəsəsinin bütün cənub-qərb tərəfini tutur. Məscidin daxili məkanı, Xivə ustalarının yaradıcılıq məktəbinə xas olan böyük bir günbəzlə qapadılmış geniş otaq tipindədir. Məscidin cənub tərəfindəki küncdə, günbəzin altında və mehrabda ipək və gəc oymaları vasitəsilə gözəl bir mənzərə yaradılmışdır.

İslam Xoca mədrəsənin fəaliyyətini təmin etmək üçün öz mülkündən 14 451 akr torpaq sahəsini vəqf (fond) olaraq ayırmışdı.

Hazırkı vəziyyəti Hazırda mədrəsədə "Xarəzm Tətbiqi Sənət" muzeyi fəaliyyət göstərir. Muzeydə ağac oyma nümunələri, metal əşyalar, xalçalar, üzərində qədim ərəb yazıları olan daşlar, böyük saxsı küplər (xumlar), eləcə də məişət əşyaları və sikkələr nümayiş etdirilir.

İstinadlar

Xarici keçidlər Ўзбекистон миллий энциклопедияси (узб.). — Тошкент: Давлат илмий нашриёти, 2000—2006.

Kateqoriya:1910-cu ildə yarananlar Kateqoriya:Özbəkistandakı ümumdünya irsi Kateqoriya:1910-cu ildə tamamlanmış dini tikililər Kateqoriya:1910-cu illərdə Özbəkistanda yarananlar