Şur — Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1948-ci ildə simfonik orkestr üçün bəstələdiyi simfonik muğam. Əsər bəstəkarın həmin ildə yaratdığı "Kürd-Ovşarı" ilə birlikdə Azərbaycan professional musiqisində simfonik muğam janrının ilk nümunələrindən hesab olunur. Əmirov əsərdə ənənəvi Şur muğam-dəstgahının lad-intonasiya və dramaturji prinsiplərini Avropa simfonizminin kompozisiya və orkestr inkişafı üsulları ilə birləşdirmişdir.

"Şur"un ilk ifası 8 avqust 1948-ci ildə Bakıda Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri tərəfindən həyata keçirilmişdir. 1949-cu ildə Əmirov Şur və Kürd-Ovşarı simfonik muğamlarına görə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.

Əsərin kompozisiyası ənənəvi Şur dəstgahının quruluşu ilə sıx bağlı olsa da, onun birbaşa orkestr transkripsiyası deyil. Əmirov muğamın ayrı-ayrı şöbə və guşələrini seçərək, onları xalq mahnısı, təsnif və rəng xarakterli materialla birləşdirmiş, muğam improvizasiyasına xas variant inkişafını simfonik inkişaf prinsipləri ilə əlaqələndirmişdir.

Tarixi left|thumb|330px|"Şur" muğamının səs düzümü (qamması). XX əsrin birinci yarısında Azərbaycan bəstəkarlarının yaradıcılığında xalq musiqisinin və muğamın professional musiqi formaları ilə əlaqələndirilməsi mühüm istiqamətlərdən birinə çevrilmişdi. Muğamların nota köçürülməsi də bu prosesin tərkib hissəsi idi. 1930-cu illərdən etibarən Şurun müxtəlif ifa variantları Azərbaycan bəstəkarları tərəfindən nota alınmışdı.

1935-ci ildə Niyazi Şur muğamını Cabbar Qaryağdıoğlunun ifasından nota köçürmüşdü. Qara Qarayev də muğamın Qurban Pirimovun ifasında səslənən variantını yazıya almış, bu not yazısının "Mayə" hissəsi sonralar rus musiqişünası Viktor Belyayev tərəfindən nəşr edilmişdi. Fikrət Əmirov özü də Şurun müxtəlif ifaçı variantlarını nota köçürmüşdü.

Əmirov 1948-ci ildə Şur və Kürd-Ovşarını yaradaraq muğamın intonasiya və dramaturji qanunauyğunluqlarını böyük simfonik orkestrin imkanları ilə əlaqələndirdi. Musiqişünaslıqda sonradan simfonik muğam adı ilə sabitləşən bu janrda muğam materialı hazır orkestr işləməsi şəklində deyil, simfonik inkişafın tərkib hissəsi kimi istifadə edilirdi.

Şur və Kürd-Ovşarı eyni ildə yaradılmış və onların musiqi materialı arasında bir sıra intonasiya və dramaturji əlaqələr qurulmuşdur. Buna görə bəzi tədqiqatlarda hər iki əsər vahid silsilə və ya dilogiya kimi nəzərdən keçirilir.

Yazılma tarixi

F. Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazmışdır. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir.

Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir:

Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim."

S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır."

Musiqi tarixində yeri

Şur və Kürd-Ovşarının yaradılması Azərbaycan professional musiqisində simfonik muğam janrının formalaşması ilə əlaqələndirilir. Bu əsərlərdə muğamın melodik materialının orkestr üçün işlənməsindən daha geniş kompozisiya prinsipi tətbiq edilmiş, muğamın lad sistemi, variant inkişafı, dramaturji yüksəliş prinsipi və improvizasiya xüsusiyyətləri simfonik musiqinin inkişaf vasitələri ilə əlaqələndirilmişdir.

Əmirov sonrakı yaradıcılığında simfonik muğam prinsipinə yenidən müraciət etmiş və 1971-ci ildə Gülüstan-Bayatı-Şiraz əsərini yaratmışdır. Müqayisəli musiqişünaslıq təhlillərində Şur ənənəvi muğam-dəstgah modelinə daha yaxın, Kürd-Ovşarı daha sərbəst və zərbi-muğam xüsusiyyətlərinin güclü olduğu, Gülüstan Bayatı-Şiraz isə muğam materialının daha sərbəst müəllif kompozisiyasına daxil edildiyi mərhələ kimi nəzərdən keçirilir.

Şurun muğam materialının simfonik inkişafla əlaqələndirilməsi, orkestr tembrlərinin funksional istifadəsi və variant inkişafının kompozisiyanın əsas qurucu prinsipinə çevrilməsi əsərin sonrakı simfonik muğam ənənəsinin formalaşmasındakı yerini müəyyənləşdirən əsas xüsusiyyətlərdəndir.

Ənənəvi Şur muğamı ilə əlaqəsi Muğamın not yazıları

Əmirovun simfonik əsərinin əsasını təşkil edən Şur Azərbaycan muğam sisteminin əsas dəstgahlarından biridir. XX əsrin birinci yarısında onun müxtəlif ifa variantlarının nota alınması muğamın melodik və struktur xüsusiyyətlərinin yazılı şəkildə öyrənilməsinə imkan yaratmışdır.

Niyazinin Cabbar Qaryağdıoğlunun ifasından 1935-ci ildə yazdığı variant və Qara Qarayevin Qurban Pirimovun ifasından hazırladığı not yazısı Şurun həmin dövrdə mövcud olan ifa ənənəsinin sənədləşdirilmiş nümunələrindəndir. Bu variantlarda Mayə-Şur, Şahnaz, Hicaz, Səmayi-Şəms və başqa şöbə və guşələrlə yanaşı rəng və təsnif xarakterli epizodlar da yer alırdı.

Bu not yazılarının mövcudluğu Əmirovun məhz həmin transkripsiyalardan birbaşa istifadə etdiyini sübut etmir. Onlar simfonik Şurun meydana gəldiyi dövrdə ənənəvi muğamın quruluşunun professional musiqiçilər tərəfindən öyrənilməsi və yazıya alınması prosesini göstərən tarixi mənbələrdir.

Fikrət Əmirovun Şur əlyazması

Əmirovun özünün də ənənəvi Şur muğam-dəstgahını nota aldığı məlumdur. Bəstəkarın bu əlyazması sonrakı dövrdə onun simfonik Şuru ilə müqayisəli şəkildə tədqiq edilmişdir.

Əlyazmanın tədqiqi simfonik əsərin partiturasında ayrıca başlıqla göstərilməyən muğam materiallarının da kompozisiyada istifadə olunduğunu müəyyənləşdirməyə imkan verir. Bu baxımdan "Şikəsteyi-fars" materialının simfonik Şurda istifadəsi xüsusi olaraq araşdırılmışdır.

Buna görə əsərin quruluşunu yalnız partituranın üzərində göstərilən şöbə adları ilə məhdudlaşdırmaq onun muğam materialının bütün qatlarını əhatə etmir. Əmirov ənənəvi dəstgahın strukturunu olduğu kimi təkrarlamaq əvəzinə onun lad, intonasiya və dramaturji xüsusiyyətlərini müəllif kompozisiyasının tələblərinə uyğun şəkildə yenidən təşkil etmişdir.

Musiqi mənbələri

Şurun tematik materialının əsasını eyniadlı muğamın intonasiya və melodik formulları təşkil edir. Bununla yanaşı, Əmirov əsərin simfonik dramaturgiyasına xalq mahnısı, təsnif və rəng xarakterli material daxil etmişdir.

Əsərdə "Ay qadası" və "Evləri var xanə-xanə" xalq mahnılarının melodik materialından istifadə olunur. "Şur-Şahnaz" sahəsinin orta hissəsində "Ay qadası" melodiyası Rəng funksiyasında işlədilir. "Evləri var xanə-xanə" melodiyasının istifadəsi də tədqiqatlarda qeyd edilsə də, onun əsərin formal quruluşundakı mövqeyi müxtəlif mənbələrdə "Ay qadası" qədər dəqiq müəyyənləşdirilmir.

Beləliklə, əsərin musiqi materialında üç əsas qat qarşılıqlı əlaqəyə girir: ənənəvi muğam intonasiyaları, xalq mahnısı və təsnif-rəng materialı, eləcə də həmin materialın Əmirov tərəfindən həyata keçirilən simfonik transformasiyası.

Quruluşu və musiqisi

Musiqişünasların təhlillərində Şur, Əmirovun simfonik muğamları arasında ənənəvi muğam-dəstgahın kompozisiya prinsipinə ən yaxın əsər kimi səciyyələndirilir. Partiturada Şur, Şur-Şahnaz, Bayatı, Əraq və Səmayi-Şəms əsas muğam sahələri kimi fərqlənir. Bunların arasında təsnif, rəng və keçid xarakterli epizodlar yerləşir.

Əsərin ayrı-ayrı sahələri bir-birindən qapalı nömrələr şəklində ayrılmır. Muğamın lad-intonasiya əlaqələri, motivlərin variant dəyişmələri, tembr transformasiyası və əvvəlki mövzuların sonrakı bölmələrdə yenidən meydana çıxması kompozisiyanın bütövlüyünü təmin edir.

Giriş və Mayə

Əsər muğam dəstgahlarındakı Bərdaşt funksiyasını xatırladan orkestr girişi ilə başlanır. Giriş ağır və təmkinli xarakter daşıyır. Musiqi materialının təqdimatında bas-klarnetin tembri mühüm rol oynayır; aşağı registrli orkestr səsləri, litavra və kontrabasların müşayiəti girişin tembr mühitini formalaşdırır.

Bayramovanın təhlilinə görə, giriş üçhissəli quruluşa malikdir. Burada təqdim edilən intonasiya materialı sonrakı inkişaf üçün də əhəmiyyət daşıyır və əsərin sonunda müəyyən mənada dramaturji çərçivə yaradır.

Mayə sahəsində Şur ladının əsas intonasiya dayaqları möhkəmləndirilir. Burada klarnetin improvizasiya xarakterli solo xətti muğam ifaçılığında xanəndənin yerinə yetirdiyi funksiyaya bənzər rol oynayır. Solo xətt orkestrin digər tembrləri, o cümlədən valtornlar və skripkaların flajolet səsləri ilə müşayiət olunur.

600px|center

Əsər epik xarakterli mövzu ilə açılır. Mövzunu əvvəl baş klarnet, sonra qoboy, daha sonra isə simli alətlər ifa edir. Nəhayət mövzu bütün orkestrın ifasında səslənir. Giriş mövzusu Şur təsnifinə əsaslanır. Mövzu tədricən nisbətən zil registrləri əhatə edərək işıqlı orkestr tembrlərinə nail olur. Növbəti bölmə Mayeyi-Şur ladın mayəsini tədiq edir. Klarnetin solosu sanki xanəndənin partiyasını ifa edir. Bu epizod girişin ostinat bas üzərində keçən variantı ilə tamamlanır.

Şur-Şahnaz

Şur-Şahnaz sahəsi əvvəlki materialın lad və intonasiya inkişafını davam etdirir. Bayramovanın təhlilində bu bölmə üçhissəli quruluş kimi nəzərdən keçirilir.

Bölmənin orta hissəsində "Ay qadası" xalq mahnısının melodiyasından istifadə olunur. Əmirov bu melodiyanı sadəcə sitat şəklində daxil etmir, onu muğam dəstgahında instrumental rənglərin yerinə yetirdiyi funksiyaya uyğunlaşdıraraq simfonik inkişafın tərkib hissəsinə çevirir.

Şur şahnaz bölməsi ladın üst kvartasına istinad edir. Onun mərkəzində sanki kiçik təsnif gizlənmişdir. Bu daha işıqlı bir mövzudur. Bəstəkar bu bölməni təsnif kimi qeyd etmir. Sırf şərq koloritli bu mövzunu fleyta-pikkolo və bas-klarnet ifa edir. Şur-Şahnaz bölməsi rənglə tamamlanır. Rəng yumşaq və səlis qoboy solosu ilə başlanır. Daha sonra mövzu klarnet və fleyta ilə ifa edilir. Özündə rəqsvari və mahnıvari başlanğıcı birləşdirən bu rəng incə və məlahətli səslənməklə səciyyəvi ritmə malikdir.

Bayatı

Bayatı sahəsində musiqinin emosional xarakterində dəyişiklik baş verir. Bayramova bu bölməni əsərin obraz inkişafında lirik ifadədən daha epik xarakterli ifadəyə keçid kimi səciyyələndirir.

Muğam intonasiyaları orkestr fakturasında genişləndirilərək müxtəlif instrumental qruplar arasında bölüşdürülür. Bunun nəticəsində ənənəvi improvizasiya prinsipi simfonik fakturanın daxili inkişafına daxil edilir.

Bəstəkar burada Şur muğamının Bayatı-Kürd şöbəsi ilə Çoban-bayatının intonasiyalarını birləşdirir. Bayatı muğam improvizasiyası ilə mahnıvari-rəqsvari epizodların növbələşməsi üzərində qurulur. Epik xarakterli bu şöbə möhtəşəm orkestr tuttisində səslənir. Bayatı daha zildə (re səsinə istinad etməklə) səslənir. Bütünlükdə bayatı özü bir neçə bölmədən ibarətdir. Birinci bölmə improvizasiya əsasındadır. Gümrah və həyatsevər ruhlu rəng dəqiq ritmə malik olub, enerjili intonasiyalardan qurulur.

Bayatının yeni bölməsi qoboy solosu ilə başlanır. Bu, Çoban-bayatısıdır. Çoban tütəyinin çalğısını təqlid etmək məqsədilə burada qoby və fleyta alətlərinə geniş yer verilir. Sonra "Evləri var xana-xana" xalq mahnısının melodiyası üzərində təsnif səslənir. 600px|center

Əraq