Kürd Ovşarı — Azərbaycan bəstəkarı Fikrət Əmirovun 1948-ci ildə simfonik orkestr üçün bəstələdiyi simfonik muğam. Əmirovun həmin ildə yaratdığı Şur ilə birlikdə Azərbaycan musiqisində simfonik muğam janrının ilk nümunələrindən hesab olunur. Əsər ənənəvi muğam və zərbi-muğam prinsiplərinin Avropa simfonik musiqisinin inkişaf və orkestrləşdirmə üsulları ilə birləşdirilməsinə əsaslanır.

Şur və Kürd-Ovşarı lad-tematik, melodik və dramaturji əlaqələrinə görə musiqişünaslıqda vahid dilogiya kimi də nəzərdən keçirilir. Şur klassik muğam-dəstgahın quruluşuna daha yaxın olduğu halda, Kürd-Ovşarında bəstəkar muğam materialını daha sərbəst şəkildə təşkil etmiş, zərbi-muğam xüsusiyyətlərini simfonik inkişaf prinsiplərinə tabe etdirmişdir.

Əsər dörd əsas bölmədən — Ovşarı, Şahnaz, Kürdi və Maanidən ibarətdir. Bunlardan yalnız Şahnaz sərbəst-improvizasiya xarakterli muğam inkişafına əsaslanır; digər bölmələrdə zərbi-muğam xüsusiyyətləri üstünlük təşkil edir. Əsərin kompozisiyasına həmçinin giriş, Ovşarıdan sonra səslənən təsnif və yekun koda daxildir.

1949-cu ildə Fikrət Əmirov Şur və Kürd-Ovşarı simfonik muğamlarına görə II dərəcəli Stalin mükafatına layiq görülmüşdür.

Tarixi

Fikrət Əmirov "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını 1948-ci ildə yazıb. Hər iki əsər bitkin, müstəqil formaya malik olsa da, mövzu baxımından bir-birini tamamlayaraq bir növ dulogiya əmələ gətirir. Bəstəkar, "Kürd-Ovşarı" simfonik muğamında "Şur" simfonik muğamının melodik elementlərindən istifadə edir. Muğamı simfonik orkestr vasitəsiylə səsləndirmək ideyasını F. Əmirova Bülbül vermişdi. Lakin, bəstəkarın özünün də tarzən olması və muğamlara bələdliyi də bu işdə xüsusi rol oynamışdır. "Şur" və "Kürd-Ovşarı" simfonik muğamlarını yazması haqqında xatirələrində F. Əmirov qeyd edir:

Bəstəkarın növbəti xatirəsində isə onun simfonik muğamlar üzərində işləyərkən ustad sənətkarlardan necə bəhrələnməsi əks olunur: "1948-ci ildə "Şur" və "Kürd-Ovşarı" simfonik muğamları üzərində çalışdığım zaman böyük sənətkar Bülbülün sayəsində mən Qurban Pirimov və Seyid Şuşinski ilə tez-tez görüşərək işləyirdim."

S. Təhmiraqızı "Fikrət Əmirov" adlı tədqiqat əsərində qeyd edir ki, "Musiqi sənətində tamamilə yeni bir janr olan simfonik muğam janrını yaratmaqla, F. Əmirov çətin və cəsarətli yaradıcılıq məsələsinin öhdəsindən bacarıqla gəlmişdir. Çox məzmunlu və orijinal formalı bu əsərlərdə dərin musiqi təfəkkürü, koloritli tapıntılar, xalq musiqisinə yaradıcı münasibət öz təcəssümünü tapır." Musiqişünas F. Əliyeva isə yazır: "F. Əmirov Azərbaycan xalq musiqisinin zəngin melodiya, məqam, ritm qanunlarının dərin qatlarına vararaq, prinsip etibarilə Avropa bəstəkarlıq təfəkkürünün məhsulu olan və musiqili-bədii kateqoriya kimi məhz bu mədəniyyət daxilində formalaşmış simfonizm üslub-janr sistemində yeni şaxə yaratmışdır."

Yazılması

Fikrət Əmirovun simfonik muğam janrına müraciəti onun Azərbaycan şifahi ənənəli professional musiqisinə, xüsusilə muğama dərindən bələd olması ilə bağlı idi. Bəstəkarın xalq musiqisi ilə tanışlığında atasının — xanəndə və tarzən Məşədi Cəmil Əmirovun, eləcə də Bülbülün rəhbərliyi altında aparılan xalq musiqisinin toplanması və nota köçürülməsi işlərinin mühüm rolu olmuşdur.

Əmirovun xatirələrinə əsaslanan mənbələrdə Kürd-Ovşarının bəzi melodik mənbələrinin əsərin yaranmasından bir neçə il əvvəl qeydə alındığı göstərilir. Bəstəkar 1940-cı ildə Cabbar Qaryağdıoğlunun ifasından sonradan əsərdə istifadə etdiyi melodik materialı yazıya almışdı. Qaryağdıoğlunun ifasından götürülən material daha sonra bəstəkar tərəfindən simfonik inkişafın tələblərinə uyğun şəkildə işlənmişdir.

Əsərin hazırlanması prosesində muğam ifaçılığı ənənəsinin daşıyıcıları ilə əlaqə də mühüm əhəmiyyət daşımışdır. Mənbələrdə Kürd-Ovşarı üzərində iş zamanı Seyid Şuşinskinin məsləhətlərindən istifadə edildiyi göstərilir. Əsərdəki təsnif melodiyasının mənbələrindən biri də Seyid Şuşinskinin ifaçılıq repertuarı ilə əlaqələndirilir.

1948-ci ildə Əmirov bir-biri ilə əlaqəli iki simfonik muğam — Şur və Kürd-Ovşarını tamamladı. Bu əsərlərin meydana çıxması Azərbaycan professional musiqisində muğamın simfonik orkestr vasitələri ilə yenidən təfsirinin yeni mərhələsini təşkil etdi.

"Şur" ilə əlaqəsi

Kürd-Ovşarı bəstəkarın Şur simfonik muğamı ilə sıx bağlıdır. Musiqişünaslıqda bu iki əsər bir sıra tədqiqatçılar tərəfindən dilogiya kimi xarakterizə edilir.

Əsərlər arasındakı birlik ilk növbədə onların lad və melodik qohumluğunda özünü göstərir. Riad Məmmədov bu əlaqəni lad-tematik və melodik yaxınlıq, giriş materialının çərçivələyici funksiyası və ümumi leytmotiv inkişafı ilə izah edir.

Kürd-Ovşarının Ovşarı bölməsində Şurla intonasiya əlaqələri meydana çıxır. Aygün Bayramovanın təhlilinə görə, bəstəkar Ovşarı bölməsində qədim aşıq havasından dəraməd kimi istifadə etməklə yanaşı, Şur muğamındakı Səmayi-Şəms materialının variantını da kompozisiyaya daxil etmişdir. Bu material iki simfonik muğam arasında tematik əlaqəni gücləndirir.

Əlaqə xüsusilə Şahnaz bölməsində aydın görünür. Kürd-Ovşarının Şahnazı tematik və lad baxımından Şur simfonik muğamındakı Şur-Şahnaz bölməsi ilə qohumdur. Şahnazın kulminasiyasında həmin material dəyişdirilmiş şəkildə yenidən meydana çıxır.

Əsərin kodası da iki simfonik muğam arasındakı əlaqəni tamamlayır. Burada Şur ladının tonik dayağı və ona xas melodik intonasiyalar qayıdır; musiqi yenidən başlanğıcdakı aşağı registr sahəsinə enir. Məmmədov bunu bütün simfonik dilogiyanın ümumi tamamlanması təəssüratını yaradan repriza funksiyası kimi xarakterizə edir.

Musiqi mənbələri

Kürd-Ovşarının musiqi materialı müxtəlif şifahi musiqi ənənələrinə əsaslanır. Əsərdə muğam və zərbi-muğam materialı ilə yanaşı, aşıq və xalq mahnısı intonasiyalarından istifadə edilmişdir.

Ovşarı bölməsi aşıq mahnılarının üslub xüsusiyyətlərini daşıyır. Burada mahnı xarakterli epizodlar instrumental keçidlərlə növbələşərək rondovari quruluş əmələ gətirir. Bayramova bu bölmədə qədim aşıq havası Ovşarıdan istifadə edildiyini göstərir.

Ovşarıdan sonra səslənən yeganə təsnif lirik xalq mahnısı materialına əsaslanır və dəqiq üçhissəli formaya malikdir.

Şahnaz bölməsinin əsasını sərbəst muğam improvizasiyası təşkil edir. Kürdi bölməsində muğam intonasiyaları daha yığcam və ritmik quruluş daxilində təqdim olunur. Maani isə zərbi-muğam ənənəsinə əsaslanan, marş xarakterli yekun bölmədir.

Musiqi xüsusiyyətləri

Kürd-Ovşarı sərbəst, rapsodik xarakterli kompozisiyaya malikdir. Əsərin ümumi quruluşunda muğama xas sərbəst improvizasiya ilə dəqiq metr-ritmə əsaslanan epizodların qarşılaşdırılması mühüm dramaturji rol oynayır. Bununla yanaşı, ayrı-ayrı bölmələrdə rondovari və üçhissəli forma prinsiplərindən istifadə olunur.

Əsərin əsas kompozisiya skeletini Ovşarı, Şahnaz, Kürdi və Maani təşkil edir. Şahnaz sərbəst-improvizasiya xarakterinə malik olduğu halda, digər üç bölmə zərbi-muğam xüsusiyyətlərini saxlayır.

Giriş və Ovşarı Əsər lirik və təhkiyə xarakterli girişlə başlanır. Aygün Bayramovanın təhlilinə görə, giriş mövzusu klarnetin solosunda təqdim olunur. Melodiyanın sakit və lirik xarakteri sonrakı ritmik fəallıqla kontrast təşkil edir. 600px|center Girişdən sonra Ovşarı bölməsi başlanır. Ovşarı bölməsi rondovaridir. "Ovşarı" qədim aşıq mahnısının adıdır və aşıq musiqili-poetik yaradıcılığında bir ənənəvi hava kimi məşhurdur. Onun əsas materialı aşıq mahnı üslubuna yaxın olub, mahnı epizodlarının instrumental keçidlərlə növbələşməsi nəticəsində rondovari quruluş meydana gətirir. Bayramovanın təhlilinə görə, bölmənin refreni orkestr tuttisində səslənir. Bəstəkar burada qədim Ovşarı aşıq havasından dəraməd kimi istifadə edir və ona Şurdakı Səmayi-Şəms materialının variantını əlavə edir. Birinci epizod fleytada, ikinci epizod isə trubada ifa edilir.

Ovşarı və təsnif arasında yenə Simayi-Şəms verilir. Lirik təsnifin melodiyası Seyid Şuşinskinin ifasından nota salınmışdır. Lirik təsnif orkestrdə çox orijinal tembrlərə həvalə olunur. Taxta nəfəsli alətlərlə valtornaların fonunda mövzunu fleyta-piccolo fleyta ilə birlikdə ifa edir. Təsnif üçhissəli formadadır. Onun orta hissəsinin mövzusu bəstəkarın özü tərəfindən düşünülmüşdür.

Musiqi inkişaf etdikcə əsas dayaq səs ətrafında intonasiya hərəkəti güclənir. Məmmədov partituranın bu hissəsində fis səsinin dayaq funksiyası daşıdığını və melodik inkişafın Şurla intonasiya qohumluğunu göstərdiyini qeyd edir.

Təsnif

Ovşarıdan sonra əsərdəki yeganə təsnif səslənir. Andante sostenuto tempində olan bu epizod əvvəlki bölmənin ritmik hərəkətinə lirik kontrast yaradır. Təsnif xalq mahnısı materialına əsaslanır və üçhissəli formada qurulmuşdur.

Təsnif müstəqil əsas bölmə deyil; Ovşarı ilə Şahnaz arasında lirik keçid və kontrast funksiyası daşıyır.

Şahnaz

Şahnaz əsərin dörd əsas bölməsindən ikincisi və onların içərisində ən geniş inkişaf etdirilən hissədir. Digər əsas bölmələrdən fərqli olaraq, Şahnaz sərbəst-improvizasiya xarakterli muğam prinsipi əsasında qurulmuşdur.

Bölmənin başlanğıcında akkord quruluşları mühüm rol oynayır; sonrakı inkişafda isə müxtəlif orkestr qrupları arasında dialoq yaranır. Nəfəsli və simli alətlərin növbələşməsi muğam improvizasiyasının orkestr mühitində təcəssümünə xidmət edir. 600px|center Şahnazın tematik və lad quruluşu Şur simfonik muğamındakı Şur-Şahnaz bölməsi ilə qohumdur. Bölmənin inkişafında həmin material dəyişdirilərək kulminasiyaya doğru aparılır.

Fortepiano partiyası bu hissədə mühüm solo funksiya daşıyır. Simfonik muğamlarda fortepianonun solo partiyasının sərbəst-improvizasiya xarakteri daşıması Azərbaycan orkestr musiqisində muğam ifaçılıq prinsiplərinin simfonik fakturaya daxil edilməsinin vasitələrindən biridir.

Fortepianonun solosunda səslənən kiçik kadensiya Şur simfonik muğamındakı Şur-Şahnaz materialı əsasında bölmənin kulminasiyasını hazırlayır. Kulminasiyada həmin intonasiya materialı bütün orkestrin səslənməsində genişləndirilir.

Şahnazın musiqi inkişafını qoboyun improvizasiya xarakterli partiyası tamamlayır. Qoboy solosu eyni zamanda növbəti Kürdi bölməsinə keçid funksiyasını yerinə yetirir. Qoboyun kadensiyasından sonra Kürdü bölməsi verilir. Burada Fikrət Əmirov tarzən Qurban Pirimovun ifasından nota saldığı toy mahnısının melodiyasından istifadə etmişdir.

Kürdi

Kürdi üçüncü əsas bölmədir. Allegro tempində olan bu hissə əvvəlki geniş Şahnazla müqayisədə olduqca yığcamdır və kompozisiyada intermediya funksiyasına yaxın rol oynayır.

Bölmə litavranın solosu ilə başlanır. Dəqiq ritmik quruluş Şahnazın sərbəst-improvizasiya xarakteri ilə kəskin kontrast yaradır. Bununla əsərin dramaturgiyasında sərbəst muğam inkişafından yenidən zərbi-muğam prinsipinə keçid baş verir.

Maani və koda

Əsərin son əsas bölməsi Maanidir. Largamente tempində olan Maani təntənəli, marş xarakterinə malikdir və rondovari quruluşda inkişaf edir. Onun bayram xarakterli refreni üç dəfə səslənir. 600px|center Maani əsərin ritmik və emosional yüksəlişini yekunlaşdırdıqdan sonra koda başlanır. Koda yalnız Kürd-Ovşarının deyil, müəyyən mənada Şur və Kürd-Ovşarı dilogiyasının ümumi yekunu funksiyasını daşıyır. Burada Şur ladının tonik dayağı və ona xas melodik intonasiyalar yenidən meydana çıxır. Musiqinin aşağı registrə qayıtması başlanğıcla əlaqə yaradır və bütün kompozisiyaya çərçivələyici xüsusiyyət verir.

Beləliklə, kodada əsərin əvvəlki mərhələlərində təqdim olunmuş intonasiya və lad əlaqələri ümumiləşdirilir və iki simfonik muğam arasındakı dramaturji bağlılıq tamamlanır.

Musiqi dili və inkişaf prinsipləri

Muğam və simfonik inkişaf

Kürd-Ovşarı ənənəvi muğamın simfonik orkestr üçün sadə transkripsiyası deyil. Əmirov muğama xas lad-intonasiya sistemi, improvizasiya, variantlıq və kontrast prinsiplərini müəllif kompozisiyasının tərkib hissəsinə çevirmişdir.

Muğamın sərbəst-improvizasiya bölmələri ilə metr-ritmik cəhətdən dəqiq mahnı və rəqs xarakterli bölmələrinin qarşılaşdırılması simfonik dramaturgiyanın əsas vasitələrindən birinə çevrilir. Əsərdə bu qarşıdurma xüsusilə Şahnazla Kürdi və Maani arasındakı münasibətdə özünü göstərir.