"Siren Song" () — Ukrayna müğənnisi MARUV-un ifa etdiyi kompozisiya. İfaçı bu mahnı ilə 2019-cu ildə Təl-Əviv şəhərində keçirilən Avroviziya Mahnı Müsabiqəsində Ukraynanı təmsil etməli idi.

Daxili seçim MARUV-un seçim turlarında iştirak edəcəyi yarımfinal iştirakçılarının püşkatma mərasiminin keçirildiyi gün məlum olmuşdur. O, son anda yarışmada iştirakdan imtina edən Tatyana Reşetnyakı əvəz etmişdir. Səsvermənin nəticələrinə əsasən, sözügedən kompozisiya birinci yarımfinalda 14 bal (münsiflər heyətindən 6 bal, tamaşaçılardan isə 8 bal) toplayaraq 1-ci yeri tutmuş və Milli Seçim turunun final mərhələsinə vəsiqə qazanmışdır. Milli Seçimin finalında isə mahnı münsiflər heyətindən 5 bal, tamaşaçılardan isə 6 bal alaraq 1-ci pillədə qərarlaşmışdır. Lakin sonradan müğənni ilə Ukrayna Milli İctimai Teleradio Şirkəti (NTU) arasında müqavilə şərtləri barədə razılıq əldə olunmamış, bu səbəbdən də ifaçı ölkəni müsabiqədə təmsil etməkdən imtina etmişdir.

Videoçarx Mahnı ilk dəfə 6 fevral 2019-cu ildə təqdim olunmuş və ifaçının rəsmi kanalında kompozisiyanın mətn görüntülü video variantı yerləşdirilmişdir. 5 aprel tarixində isə mahnının rəsmi musiqili video-klipinin premyerası baş tutmuşdur. Sözügedən klip yayımlandığı ilk sutka ərzində "YouTube" platformasında bir milyondan çox baxış sayı toplamışdır.

Qalmaqal Ukraynanın müsabiqə üzrə milli seçim turunun final mərhələsinə üç ifaçı vəsiqə qazanmışdır. Onların arasında 2019-cu ilin aprel ayı üçün Rusiyada konsert proqramları planlaşdırılan MARUV, həmçinin solisti Rusiya Federasiyası vətəndaşı olan, lakin bir neçə ildir Ukrayna ərazisində yaşayan "YUKO" qrupu yer alırdı. 20 fevral 2019-cu ildə Ukrayna Baş nazirinin müavini Vyaçeslav Kirilenko Ukrayna xalqını və ölkənin milli yayımçısını Təl-Əvivdəki müsabiqədə iştirakdan imtina etməyə çağırmışdır. Onun bəyanatına görə, Rusiyanın şəhərlərində fəal şəkildə qastrol səfərlərində olan ifaçılar müsabiqədə ölkəni təmsil etməməlidilər. Sonradan "STB" yayımçısı Rusiya ərazisində çıxış edən iştirakçıları seçim turundan kənarlaşdırmaq niyyətində olmadığını bildirsə də, gələcəkdə seçim qaydalarının dəyişdirilməsi ehtimalını istisna etməmişdir. Ukrayna Mədəniyyət Nazirliyi də məsələyə münasibət bildirərək, Ukrayna rəhbərliyinin seçim prosesinə müdaxilə etməyəcəyinə dair söz vermişdir.

23 fevral 2019-cu ildə MARUV-un milli seçim turunda qələbə qazanmasından sonra, Avroviziya Mahnı Müsabiqəsi üçün ölkə təmsilçisini müəyyənləşdirən Ukrayna Milli İctimai Teleradio Şirkəti (NTU) ifaçının qələbəsinə baxmayaraq, onun müsabiqədə iştirakı ilə bağlı yekun qərarı 48 saat ərzində qəbul edəcəyini açıqlamışdır. Bu qərar sənətkarın Rusiyadakı qastrol səfərləri ilə bağlı sualları cavablandırmasından sonra verilməli idi. Daha sonra NTU-nun müğənni MARUV-a Rusiyada qastrol səfərlərini qadağan edən bəndin də daxil olunduğu bir müqavilə təqdim etdiyi məlum olmuşdur. 25 fevral tarixində MARUV NTU tərəfindən ona təqdim olunan müqavilənin bəzi bəndlərini özünün "Instagram" sosial şəbəkə hesabında paylaşmışdır. Sənətkar müqavilə şərtlərinin sərtləşdirilməsi səbəbindən müsabiqədə iştirakdan imtina etmişdir.

26 fevral 2019-cu ildə final səsverməsinin nəticələrinə görə ikinci yeri tutan "Freedom Jazz" qrupunun da Ukraynanı 2019-cu il Avroviziya Mahnı Müsabiqəsində təmsil etməkdən imtina etdiyi bəyan olunmuşdur. Kollektiv bu barədə özünün "Facebook" səhifəsində məlumat paylaşmışdır. 27 fevral 2019-cu ildə NTU, milli seçim turunun finalında üçüncü yeri tutan "KAZKA" qrupuna müsabiqədə çıxış etməyi təklif etmişdir. Lakin qrup bu təklifdən boyun qaçırmışdır. Kollektiv verdiyi açıqlamada milli seçim turuna bu məqsədlə qatıldıqlarını, lakin hər nəyin bahasına olursa-olsun qələbə qazanmaq niyyətində olmadıqlarını qeyd etmişdir. Qrup öz missiyasını musiqi vasitəsilə insanları birləşdirmək, nifaq salmamaq kimi qiymətləndirmiş və NTU-nun təklifinə qəti olaraq 2019-cu ildə "Avroviziya"ya getməyəcəkləri cavabını vermişdir.

27 fevral 2019-cu ildə final səsverməsində dördüncü yeri tutan "Brunettes Shoot Blondes" qrupu da müsabiqədə mümkün iştirakdan imtina etmişdir. Qrup üzvləri "Instagram" səhifələrində yaydıqları bəyanatda NTU-nun onlarla əlaqə saxlayıb-saxlamadığı barədə çoxlu mesajlar aldıqlarını bildirmiş və qabaqcadan bəyan etmişlər ki, əgər onlara "Avroviziya-2019" müsabiqəsində iştirakla bağlı təklif gələrsə, bunu rədd edəcəklər. Onlar qrupun milli seçim turunda qalib gəlmədiyini və bu səfərin onlara aid olmadığını vurğulayaraq, pərəstişkarlarından bu qərarı anlayışla qarşılamalarını xahiş etmişdilər.

27 fevral 2019-cu ildə Ukrayna Milli İctimai Teleradio Şirkəti 2019-cu ildə keçirilən müsabiqədə iştirak etməmək barədə qərarı rəsmən təsdiqləmişdir.

İstinadlar

Kateqoriya:2019-cu ilin sinqlları Kateqoriya:Pop mahnılar