"Boom Bang-a-Bang" — musiqisi Alan Murhausa, sözləri isə Piter Uorna məxsus olan, Şotlandiya müğənnisi Lulunun ifa etdiyi mahnı. Kompozisiya Madriddə keçirilən 1969-cu il Avroviziya Mahnı Müsabiqəsində Birləşmiş Krallığı təmsil etmiş və yarışmanın dörd qalib mahnısından biri olmuşdur. Bəstə Böyük Britaniyanın sinql qrafiklərində 2-ci yeri tutmuş və bütün Avropada böyük hitə çevrilmişdir.
Tarixi "Boom Bang-a-Bang" mahnısı bəstəkar Alan Murhaus və söz yazarı Piter Uorn tərəfindən ərsəyə gətirilmişdir. Mətn baxımından mahnı, müğənninin öz sevgilisinə "məni bərk-bərk qucaqla" deyə etdiyi xahişdən bəhs edir. İfaçı daha sonra müvafiq musiqi müşayiəti altında "sən yanımda olanda ürəyim bum-benq-a-benq bum-benq-a-benq döyünür" deyə vəziyyəti izah edir.
22 fevral 1969-cu il tarixində keçirilən milli seçim turunda "Boom Bang-a-Bang" mahnısı Lulunun ifasında yarışmışdır. Bu final mərhələsi, daxili seçim turları vasitəsilə təmsilçi elan edilən Lulunun 14-cü Avroviziya Mahnı Müsabiqəsində ifa edəcəyi bəstəni müəyyənləşdirmək üçün Britaniya Yayım Korporasiyası (BBC) tərəfindən təşkil olunmuşdur. Mahnı seçim turunun qalibi seçilərək Böyük Britaniyanın müsabiqə bəstəsinə çevrilmişdir. Lulu bu mahnını eyni ad altında beş dildə: ingilis, fransız, alman, ispan və italyan dillərində yazdırmışdır.
29 mart 1969-cu il tarixində Madridin "Real" teatrında "Televisión Española" (TVE) telekanalının təşkilatçılığı ilə Avroviziya Mahnı Müsabiqəsi baş tutmuş və bütün qitədə canlı yayımlanmışdır. Lulu həmin gecə İtaliyanı təmsil edən İva Zanikkini qəbul edən "Due grosse lacrime bianche" mahnısından sonra və Niderlandı təmsil edən Lenni Kurun "De troubadour" mahnısından əvvəl səhnəyə yeddinci sırada çıxmışdır. Böyük Britaniya təmsilçisinin çıxışı zamanı canlı orkestri Conni Harris idarə etmişdir.
Səsvermənin yekunlarına əsasən, Böyük Britaniya təmsilçisi 18 xal toplamışdır. Eyni xalı İspaniyanı təmsil edən Salomenin "Vivo cantando", Fransanı təmsil edən Frida Bokkaranın "Un jour, un enfant" və Niderlandı təmsil edən Lenni Kurun "De troubadour" mahnıları da qazanmışdır. Həmin dövrdə bərabərlik vəziyyətində qalibi müəyyən edən xüsusi bir qayda mövcud olmadığından, hər dörd ölkə birgə qalib elan olunmuşdur.
İstinadlar
Kateqoriya:1969-cu ilin mahnıları Kateqoriya:İspan dilində mahnılar