Bakterial kapsul — bir çox bakteriyalarda rast gəlinən böyük quruluşdur. Kapsul hüceyrə örtüyünün xaricində yerləşən polisaxarid təbəqəsidir və buna görə də bakteriya hüceyrəsinin xarici örtüyünün bir hissəsi hesab olunur. O, yaxşı təşkil olunmuş təbəqədir, asanlıqla yuyulub uzaqlaşdırılmır və müxtəlif xəstəliklərin yaranmasına səbəb ola bilər.

Həm qram-mənfi, həm də qram-müsbət bakteriyalarda rast gəlinən kapsul, yalnız qram-mənfi bakteriyalarda olan və tərkibində lipopolisaxaridlər və lipoproteinlər daşıyan bakterial xarici membrandan fərqlənir. Kapsulu əmələ gətirən amorf və yapışqan ifrazat ətraf mühitə yayılaraq sərhədləri aydın olmayan boş bir örtük şəklində qaldıqda buna selik qatı deyilir. Kapsul və selik qatı birlikdə qlikokaliks termini altında birləşdirilir.

Bakterial kapsul hüceyrənin formasını izləyən yarı sərt sərhədə malikdir. Boyama zamanı Hind mürəkkəbini özündən kənarda saxlayır. Selik qatı isə sərt olmayan, asanlıqla deformasiyaya uğrayan matriksdir və Hind mürəkkəbini kənarda saxlaya bilmir. Biofilmlər çoxlu hüceyrələrdən və onların xarici örtüklərindən ibarətdir. Həm kapsulun, həm də selik qatının əsas funksiyaları qoruma və yapışmadır.

Tərkibi Bakterial kapsulların əksəriyyəti polisaxaridlərdən ibarətdir. Lakin bəzi növlərdə başqa maddələr də mövcuddur. Məsələn, Basillus anthracis bakteriyasında kapsul poli-D-qlutamin turşusundan təşkil olunmuşdur. Kapsulların çoxu sıx quruluşa malik olduğuna görə adi boyalar onların daxilinə nüfuz edə bilmir və buna görə də rənglənməsi çətindir. Polisaxaridlər heteropolisaxarid və homopolisaxarid olmaqla iki növə bölünür. Kapsullu bakteriyaları mikroskop altında görmək üçün nümunə Hind mürəkkəbi kimi tünd boya ilə işlənir. Kapsulun quruluşu boyanın hüceyrəyə daxil olmasına mane olur. Mikroskop altında müşahidə edildikdə kapsul qaranlıq fonda hüceyrəni əhatə edən parlaq halo şəklində görünür.

Funksiyaları Bakterial kapsul qoruyucu sipər rolunu oynayır və bakteriyanı toksinlərdən, eləcə də qurumaqdan qoruyur. Kapsul:

Səthlərə yapışmanı təmin edir. Bakteriyanın sahib orqanizmin immun sistemindən yayınmasına kömək edir. Qurumağa qarşı müdafiə yaradır. Xəstəlik törətmə qabiliyyətini artıran virulentlik amili hesab olunur. Faqositozun qarşısını alaraq bakteriyanın yaşamasını asanlaşdırır. Makrofaqlar kimi eukariot hüceyrələr tərəfindən udulmaqdan qoruyur. Bakteriofaqlardan müdafiə edə bilir. Bir çox hidrofob toksik maddələrin hüceyrəyə daxil olmasının qarşısını alır.

Bəzi hallarda kapsul biofilm əmələ gəlməsinə mənfi təsir göstərə bilər. Xüsusilə çox qalın və ya həddindən artıq selikli kapsullar bakteriyanın səthə ilkin yapışması üçün vacib olan pililər və fimbrilər kimi yapışdırıcı strukturların fəaliyyətinə mane ola bilər. Bu isə biofilmin yaranmasını çətinləşdirə bilər. Kapsula malik bakteriyalar ümumilikdə kapsullu bakteriyalar və ya polisaxarid kapsullu bakteriyalar adlandırılır.

Müxtəliflik

Kapsul daha çox qram-mənfi bakteriyalarda müşahidə olunur:

Escherichia coli (bəzi ştammlarında) Neisseria meningitidis Klebsiella pneumoniae Haemophilus influenzae Pseudomonas aeruginosa Salmonella Acinetobakter baumannii

Lakin bəzi qram-müsbət bakteriyalarda da kapsul mövcuddur:

Basillus megaterium – polisaxarid və polipeptid tərkibli kapsul sintez edir. Basillus anthracis Streptokokkus pyogenes – hialuron turşusundan ibarət kapsul sintez edir. Streptovkokkus pneumoniae – çoxsaylı kapsulyar serotiplərə malikdir və pnevmokok peyvəndlərinin əsasını təşkil edir. Streptokokkus agalactiae – sial turşusu tərkibli polisaxarid kapsul əmələ gətirir. Staphylokokkus epidermidis Staphylokokkus aureus Lactokokkus garvieae – bəzi hallarda hialuron turşulu kapsul sintez edir'.

Göbələk olmasına baxmayaraq, Cryptokokkus neoformans da kapsula bənzər quruluşa malikdir. Adi mikroskopla görünməyəcək qədər kiçik kapsullar mikrokapsul adlanır. Məsələn, Streptokokkus pyogenes M protein buna nümunədir.

Seroloji üsullar

Kapsul maddəsi antigen xüsusiyyətinə malikdir və xüsusi antikapsulyar zərdab ilə reaksiyaya girə bilir. Mikroskop altında kapsul şişmiş kimi görünür, çünki onun işığı sındırma qabiliyyəti artır. Bu hadisə Kvellung reaksiyasının əsasını təşkil edir.

Peyvəndlərdə istifadəsi

Kapsul materialından istifadə edilərək hazırlanan peyvəndlər bəzi mikroorqanizmlərə qarşı təsirli olur. Bunlara aşağıdakılar daxildir:

Haemophilus influenzae b Streptokokkus pneumoniae Neisseria meningitidis

Lakin polisaxaridlər, xüsusilə uşaqlarda, güclü antigen hesab olunmur. Buna görə də bir çox kapsul peyvəndlərində polisaxaridlər tetanus və ya difteriya toksoidi kimi zülal daşıyıcıları ilə birləşdirilir. Bu üsul daha güclü və uzunmüddətli immun cavabın yaranmasına kömək edir.

İstinadlar

Kateqoriya:Bakteriologiya