Yemək milliyətçiliyi, kulinariya milliyətçiliyi, qastronomik milliyətçilik və ya qastromilliyətçilik — yeməkdən və onun tarixindən, istehsalından, hazırlanmasından və istehlakından milliyyətçiliyi və milli kimliyi təşviq etmək vasitəsi kimi istifadə olunması. Bu anlayış iki və ya daha çox region və ya ölkə arasında müəyyən bir yeməyin və ya hazırlanma üsulunun həmin regionlardan və ya ölkələrdən birinə məxsus olması və başqaları tərəfindən mənimsənilməsi və ya özününküləşdirilməsi ilə bağlı mübahisələri də əhatə edə bilər.
Yemək milliyətçiliyi banal milliyyətçiliyin bir növü kimi qəbul edilir.
Tarixi və inkişafı Atsuko İçiho və Ronald Ranta yeməyi "fundamental olaraq siyasi" və "müxtəlif səviyyələrdə siyasi güclərin maraq göstərdiyi əsas əmtəələrdən biri" kimi təsvir etmişlər. Qida tarixçisi Mişel Kinq mətbəxin milliyyətçilik tədqiqatları üçün təbii bir fokus olduğunu bildirir və XXI srin ilk onilliklərində bu mövzuda onlarla araşdırmanın aparıldığını qeyd edir. O, həmçinin Asiyanın kulinariya milliyyətçiliyinin xüsusilə güclü olduğunu iddia edir. Qastronomik milliyyətçilik nümunələrinə dövlət qurumları, qeyri-hökumət təşkilatları, bizneslər və biznes qrupları, eləcə də fərdlər tərəfindən göstərilən səylər daxildir.
Nyu York Universitetinin professoru Fabio Parasekoli yeməyi kimliyin ifadəsi kimi müəyyən etmişdir. İki və ya daha çox region və ya ölkə arasında müəyyən bir yeməyin və ya hazırlanma üsulunun həmin regionlardan və ya ölkələrdən birinə məxsus olması və digərləri tərəfindən mənimsənilməsi və ya özününküləşdirilməsi ilə bağlı münaqişələr nadir deyil, xüsusilə də zorakı münaqişələrin baş verdiyi bölgələrdə. Bu kulinariya "müharibələri"ndən təsirlənən yeməklər adətən "açıq şəkildə simvolik etnik əhəmiyyətə" malik olur. Onlar həmçinin "ərazi iddialarını təmsil edən" və yalnız oturaq (və yerli) xalqlar tərəfindən hazırlanıb inkişaf etdirilə bilən yeməklər olmağa meyillidir. Lavaş və harissa buğda əsaslı yeməklərdir, buna görə də köçəri xalqlar tərəfindən deyil, yalnız kənd təsərrüfatı olan icmalar tərəfindən inkişaf etdirilə bilər. Bir çox müzakirələr oturaq icmanın müəyyən mənada üstün olması ideyası ətrafında cəmlənir və yalnız kənd təsərrüfatı icmasında mümkün olan bir yeməyin iddia edilməsi həmin ərazinin müəyyən bir dövrdə kənd təsərrüfatına malik olduğunu sübut etmək üçün istifadə olunur. Bu fikir Sovet İttifaqında rəsmi siyasət olmuşdur. OpenDemocracy-ə görə, "qədim kənd təsərrüfatı inkişafına dair sübutlar hər iki tərəfdə milliyyətçilər tərəfindən yüksək qiymətləndirilir."
Meri Duqlas "milli qida mədəniyyətlərinin gözqamaşdırıcı bir fetişə çevrildiyini və buna məhəl qoyulmadıqda bunun partlayış qədər təhlükəli ola biləcəyini" bildirmişdir. Sosioloq Mikaela Disousi 2010-cu ildə qastronomik milliyyətçilik anlayışını yeməyin və onun tarixinin, istehsalının və istehlakının milliyyətçiliyi təşviq etmək vasitəsi olaraq təsvir etmişdir. Disousiyə görə, qastronomik milliyyətçilik yeməkdən milli kimlik hissini gücləndirmək üçün istifadə edir və bu, milli icma üzvlərinin müəyyən qidalara qarşı "milli hisslər və dad üstünlükləri" formalaşdırmasına təsir göstərir. O, bu məsələlərin sadə milliyyətçilikdən daha geniş olduğunu və dolanışıq vasitələri ilə "bazarlar uğrunda mübarizə"ni də əhatə etdiyini irəli sürür, çünki müəyyən bir yeməyin konkret bir ərazi ilə identikləşdirilməsi həmin məhsulun həmin ərazidə və ya ondan kənarda satılma imkanlarına təsir edir. O, həmçinin qeyd edir ki, bu cür mübahisələr çox vaxt razılığa gəlmək üçün deyil, əksinə, həmin qida məhsuluna diqqət çəkmək və ona maraq yaratmaq məqsədi daşıyır.
2013-cü ildə Al Jazeera qeyd edib ki, qastronomik milliyyətçilik Azərbaycan, Ermənistan və Gürcüstan arasında davamlı bir problem olmuşdur, çünki hər bir ölkə "müəyyən yeməklərin onlara məxsus kimi tanınması uğrunda mübarizə aparır" və bu, artıq gərgin münasibətlərə malik qonşu ölkələr arasında əlavə gərginlik yaradır.
İstinadlar
Kateqoriya:Milliyyətçilik Kateqoriya:Qida siyasəti Kateqoriya:Sosioloji nəzəriyyələr