Müsəddiqçilik — 1951–1953-cü illərdə İranın Baş naziri olmuş Məhəmməd Müsəddiq tərəfindən müdafiə edilən siyasi doktrina və islahatlar məcmusuna istinad edən liberal sosialist ideologiya. Bu siyasi xətt İran milliyyətçiliyi ilə konstitusiyalı demokratiyanın qovuşmasını təmsil etmiş, İngiltərə-SSRİ işğalından sonra İranın suverenliyini və iqtisadi müstəqilliyini təmin etməyi hədəfləmişdir. Sözügedən ideologiyanın reallaşdırılması bir sıra tədbirlər vasitəsilə nəzərdə tutulurdu. Bunlardan ən mühümü 1951-ci ildə İranın Böyük Britaniyaya məxsus olan İngiltərə–İran Neft Şirkətinin (AIOC) nəzarətindəki zəngin təbii ehtiyatları milliləşdirməsi olmuşdur.
Doktrinası
İqtisadi müstəqillik Müsəddiq hesab edirdi ki, iqtisadi müstəqillik olmadan real siyasi müstəqilliyə nail olmaq qeyri-mümkündür. 1951-ci ildə qəbul edilmiş milliləşdirmə qanunu tarixən İran dövlətinin ziyanına olmaqla xarici dövlətlərin maraqlarına xidmət edən konsessiya (güzəştli müqavilə) sistemini rədd edən bu prinsipinin de-fakto təzahürü olmuşdur.Lenczowski, George. Russia and the West in Iran, 1918–1948: A Study in Big-Power Rivalry (1987).
Antiimperializm və neytrallıq Müsəddiqçilik Britaniya imperiyasının ölkədəki köklü nüfuzunu aradan qaldırmağa, sonrakı mərhələdə isə Soyuq müharibənin ilkin dövründə Amerika Birləşmiş Ştatları və Sovet İttifaqının təzyiqlərinə müqavimət göstərməyə yönəlmiş güclü bir antiimperialist xətt idi. Bu ideologiya "Neqativ tarazlıq" () siyasətini izləmişdir. Bu, rəqib güclər arasında verilən güzəştləri balansda saxlamaq əvəzinə, İranın bütün xarici dövlətlərə hər hansı bir güzəştə getməkdən tamamilə imtina etməsi mənasını verirdi.
Sosial islahatlar Bu ideologiya özündə sosial-demokratiya elementlərini birləşdirmişdir. Müsəddiqin islahatlarına sənaye işçilərinin qorunması, icbari işsizlik sığortasının təsis edilməsi və kəndlilərin vəziyyətini yaxşılaşdırmaq məqsədilə torpaqların şahın mülkiyyətindən çıxarılaraq ictimai istifadəyə verilməsi kimi tədbirlər daxil idi. Sözügedən islahatlar neft sənayesindən əldə olunan milli sərvətin ədalətli və bərabər şəkildə bölüşdürülməsini təmin etmək məqsədi daşımışdır.
Milli Cəbhə Müsəddiqçilik təbliğ və icra edən əsas siyasi təşkilat İran Milli Cəbhəsi olmuşdur. 1949-cu ildə təsis edilmiş bu təşkilat konstitusiyanın qorunması və neftin milliləşdirilməsi kimi ümumi hədəflərə nail olmaq üçün liberal demokratlar, qeyri-kommunist sosialistlər, mülayim mühafizəkarlar və dünyəvi milliyyətçilər də daxil olmaqla müxtəlif qrupları birləşdirən geniş bir koalisiya idi.Katouzian, Homa. Musaddiq and the Struggle for Power in Iran (2018 Edition).Abrahamian, Ervand. Iran Between Two Revolutions (1982).
Süqutu və mirası Müsəddiqçilik 1953-cü ildə ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) və Britaniya imperiyasının Məxfi Kəşfiyyat Xidməti (MI6) tərəfindən həyata keçirilən dövlət çevrilişi nəticəsində dayandırılmaq məcburiyyətində qalmışdır. Məhəmməd Müsəddiqin devrilməsi şah Məhəmməd Rza Pəhləvini yenidən mütləq hakimiyyətə gətirmiş və ölkədəki mütərəqqi islahat təcrübələrini yarımçıq qoymuşdur.
Müsəddiqçilik müasir İran tarixinin ən mühüm və nüfuzlu siyasi cərəyanlarından biri olaraq qalmaqdadır. Müsəddiqin şəxsiyyəti xarici ağalığa qarşı güclü bir müqavimət rəmzinə və İran demokratiyasının qurbanına çevrilmişdir. Müsəddiqçiliyin prinsipləri şah rejiminə qarşı yönəlmiş hərəkatları, xüsusən də özünü Milli Cəbhənin varisi hesab edən İran Azadlıq Hərəkatını stimullaşdırmağa davam etmişdir. Müsəddiqçilik sekulyar bir ideologiya olmuşdur, lakin onun antiimperialist, antikolonist və suverenliyə can atan elementləri 1979-cu il İran İslam inqilabına əhəmiyyətli dərəcədə təsir göstərmişdir.Chehabi, Houchang E. Iranian Politics and Religious Modernism: The Liberation Movement of Iran Under the Shah and Khomeini (1990).
Tənqidi Tənqidçilər hesab edirlər ki, musaddiqizm iqtisadi və siyasi müstəqillik hədəflərinə nail olmaq üçün xaricilərlə mübarizəyə (xüsusən də Qərbə meydan oxunmasına) və ksenofobiyaya həddindən artıq diqqət yetirməklə, İranda siyasi və sosial azadlıqlar kimi daha mühüm sahələri faktiki olaraq arxa plana keçirmişdir, çünki İran cəmiyyətinin fundamental problemi məhz istibdad və real demokratiyanın mövcud olmamasıdır. Onlar iddia etmişdilər ki, müsəddiqçilik populist siyasət yürütməklə inkişaf əvəzinə qarşıdurmaya dəyər verən, qarşılıqlı əlaqə əvəzinə isə təcrid olunmağı fəzilət sayan bir ritorikanın əsasını qoymuş, İranda qanunçuluğu zəiflətmiş və nəticə etibarilə təsisatların səmərəsizliyinə, eləcə də hakimiyyətin bir əldə cəmləşməsinə gətirib çıxarmışdır.Dr. Mohammad Mossadegh: A Despotic Democrat, Masoud Yazdanian, Mehri Publications, London, 2020, pp. 307–324.
İstinadlar
Kateqoriya:Eponim siyasi ideologiyalar Kateqoriya:Asiyada sosial demokratiya Kateqoriya:İran milliyətçiliyi