Şeyx İbrahim Gülşəni () – sufi alimi, xəlvətiliyin gülşənilik qolunun qurucusudur.Təhsilini Şərq şəhərlərində almış, uzun müddət Təbrizdə və daha sonra Misirdə fəaliyyət göstərmişdir. Gülşəni yaradıcılığında sufizmin mənəvi-fəlsəfi prinsiplərini bədii şəkildə ifadə etmiş, türkcə, farsca və ərəbcə əsərlər yazmışdır. Onun poeziyası həm dini-irfani, həm də ictimai məzmun daşıyır. Gülşəni təriqəti onun vəfatından sonra da Osmanlı imperiyası və Azərbaycan ərazilərində geniş yayılmışdır.

Həyatı

İbrahim Gülşəninin atası kəlam, fiqh və məntiq sahəsində tanınmış alimlərdən biri olan Şeyx Məhəmməd Amididir. Anası isə Antep alimlərindən Müdərris Şərəfəddinin qızı Hədiyyətullah xanım idi. Əksər şeyxlər soylarını Əhli-beytə bağlamağa çalışsalar da, İbrahim Gülşəni bundan fərqli olaraq, Ağqoyunlu hökmdarlarının gözləntilərinə uyğun şəkildə öz nəsil şəcərəsini Oğuz xana bağlamışdır.

Onun harada və nə vaxt dünyaya gəldiyi ilə bağlı müxtəlif rəvayətlər mövcuddur. Əksər mənbələrdə İbrahim Gülşəninin Diyarbəkirdə doğulduğu, XV əsrin ilk yarısından XVI əsrin ilk yarısına qədər 114 il ömür sürdüyü qeyd olunur. Bununla yanaşı, Məhəmmədəli Tərbiyət kimi bəzi azərbaycanlı alimlər isə İbrahim Gülşəninin Bərdədə anadan olduğunu irəli sürmüşlər. Digər mənbələrdə onun 104 il yaşadığı göstərilir.

Mənbələrdə yekdil şəkildə qəbul edilən əsas fakt odur ki, İbrahim Gülşəni uzun ömür yaşamış və 940/1534-cü ildə vəfat etmişdir. Lakin doğum tarixi məsələsində alimlər arasında müxtəlif fikirlər mövcuddur. Onun bioqrafiyası əsasən oğlu Əhməd Xəyalinin həm xəlifəsi, həm də kürəkəni olan Mühyinin yazdığı “Mənaqıb-ı İbrahim-i Gülşəni” əsərindəki məlumatlara əsaslanır. Eyni zamanda, İbrahim Gülşəninin həyat hekayəsindəki qeyri-müəyyən məqamların çox vaxt tərəfdarları tərəfindən arzu olunan şəkildə tamamlandığı qənaəti də mövcuddur.

İbrahim Gülşəni iki yaşında ikən atasını itirmiş, anasının himayəsində böyümüş və on beş yaşına qədər əmisi Seyyid Əlinin dəstəyi ilə təhsilini davam etdirmişdir. İlk təhsilini başa vurduqdan sonra özünü daha da inkişaf etdirmək məqsədilə Mavəraünnəhrə doğru yola çıxmış, lakin Təbrizə çatdıqda qazilərdən Molla Həsənlə tanış olmuş, onun himayəsində mədrəsə təhsilini davam etdirmiş və ətrafında “Molla İbrahim” adı ilə tanınmağa başlamışdır.

Uzun Həsənin hakimiyyəti dövründə Siyasi rəqibləri Cahangir və Üveys üzərində qələbə qazanaraq Qaraqoyunlular dövlətini aradan qaldıran (1467), Əbu Səidi məğlub edib şərq sərhədlərini təmin edən (1469) və Gürcüstan yürüşləri ilə uğur qazanan Uzun Həsənin hakimiyyəti illəri, İbrahim Gülşəninin həyatında yeni bir mərhələnin başlanğıcı olur.

Mənbələr onun Təbrizə gəliş tarixini dəqiq göstərməsə də, 1470-ci ildə Heratdakı vəziyyəti yoxlamaq üçün rəsmi tapşırıq alması, İbrahimin bundan əvvəl Təbrizdə yerləşdiyini sübut edir. Əvvəlcə elm öyrənmək məqsədilə yola çıxan Gülşəni, Təbrizi həm uzun müddət yaşadığı, həm də fəaliyyət göstərdiyi əsas mərkəzə çevirir. Uzun Həsənin elm və sufi məclislərinə xüsusi qayğı göstərməsi, şeyxlərə imtiyazlar verməsi bu mühitdə İbrahimə geniş imkanlar açır.

İbrahim ilk olaraq Uzun Həsənin qazisi Qazi Həsənlə yaxınlıq qurur. Aralarındakı ata-oğul münasibətinə bənzər yaxınlıq nəticəsində o, əvvəlcə mülazimlərin işlərində köməkçi, sonra isə Qazi Həsənin səlahiyyətli nümayəndəsi olur. Bir müddət sonra bütün qazılıq işlərini idarə edir və Uzun Həsən tərəfindən “tarxanlıq” rütbəsinə yüksəldilir. Dövlət işlərində yazı işlərini (təvqii) də yerinə yetirən İbrahim, həm sarayda, həm də xalq arasında ədalətli mövqeyi və rüşvətə qarşı sərt münasibəti ilə seçilir.

Onun diplomatik fəaliyyətində Şiraz valisi Şahzadə Xəlilin atasının göstərişləri ilə xəbərdar edilməsi və Heratdakı hadisələrin yoxlanılması mühüm yer tutur. Bu səfərlər zamanı İbrahim Gülşəni Hüseyn Bayqara və məşhur sufi-şair Əbdürrəhman Cami ilə görüşür. Heratda başlayan bu münasibət sonradan Bağdadda da davam edir və Cami çətin zamanlarında Gülşəninin yardımını görür.

Uzun Həsən, qardaşı Üveysin mürşidi Ömər Rövşəni ilə tanış olmaq istəyəndə bu vəzifəni İbrahimə həvalə edir. İlk görüşdən sonra Gülşəni dərin mənəvi dəyişikliklər keçirir: riyazət, oruc, zikr və digər sufi təcrübələri ilə məşhurluğu artır. Lakin diqqətdən yayınmaq üçün melami üslubunda gizlənməyə üstünlük verir. Daha sonra Təbrizə gələn Ömər Rövşəni sarayda xüsusi mövqe qazanır və İbrahim onun ən sevimli müridlərindən birinə çevrilir.

Bu dövrdə Gülşəni Şirazda məşhur mütəfəkkir Cəlaləddin Dəvanı ilə də tanış olur. İbn Ərəbi düşüncələrinə dərindən bələd olan Dəvani ilə söhbətləri onun fəlsəfi dünyagörüşünü zənginləşdirir. Bundan başqa, Seyyid Mir Sədrəddin, Molla Məhəmmədi Şərih, Seyyid Murtaza Şərifi və digər alimlərlə də elmi əlaqələr qurur.

Sultan Xəlilin hakimiyyəti dövründə Uzun Həsənin və Qazi Həsənin ölümündən sonra Ağqoyunlu taxtına Sultan Xəlil keçdi. Əvvəllər Şirazda şahzadə ikən Uzun Həsənin əmri ilə İbrahim Gülşənidən xəbərdarlıq alan Xəlilin qəlbində ona qarşı inciklik vardı. Mənbələrdə göstərilir ki, Xəlil bu xəbərdarlıqdan sonra İbrahimin mənəvi gücü qarşısında ağlayaraq tövbə etsə də, hakimiyyətə gəldikdə keçmiş narazılıq unudulmamışdı. Onun cəmi 6,5 ay davam edən qısa hakimiyyəti, qardaşı Yaqubla savaşda məğlub olması ilə sona çatdı (1478). Mənbələrdə bu məğlubiyyətin səbəbləri arasında İbrahimə qarşı mənfi münasibəti də qeyd olunur.

Sultan Yaqubun hakimiyyəti dövründə Xəlilin ölümündən sonra taxta çıxan Sultan Yaqub (ö. 1490) atasından sonra Ağqoyunluların ən uzun müddət hökmranlıq edən hökmdarı oldu. Yaqub atasının siyasətini davam etdirir, alimlərə və sufilərə böyük hörmət göstərirdi. Bu dövr İbrahim Gülşəni üçün ən məhsuldar illər sayılır. Qazi Həsənin yerinə keçən və Yaqubun müəllimi olan Qazi Məsihəddin İsa Səvəci İbrahimin ən böyük himayədarına çevrildi.

Sultan Yaqub taxta çıxanda Osmanlı hökmdarı II Mehmedin (Fatihin) hücum edə biləcəyindən ehtiyatlanırdı. İbrahim Gülşənidən istixarə edən Yaqub, onun inandırıcı sözləri ilə arxayın olur və az sonra Fatihin qəfil ölüm xəbəri gəlir. Bu hadisə Yaqubun İbrahimə etibarını daha da möhkəmləndirdi.

Yaqub, atasının dövründə olduğu kimi, Xəlvəti şeyxləri Ömər Rövşəni və İbrahim Gülşənini sarayına yaxın tutur. Onların dəstəyi ilə uzun illər hakimiyyətini möhkəmləndirir. Bu illərdə İbrahim Gülşəni bir sıra çətinliklər çəkir, kəramətləri ilə xalq arasında şöhrət qazanır. Lakin bu diqqətdən qaçmaq üçün yenidən melami üslubuna qayıdır. İnsanlar onu quzu postuna bürünmüş, dünya ilə əlaqəsini kəsmiş bir sufi kimi görürdülər.

Gülşəninin Qazi İsa ilə yaxınlığı isə siyasi güc qazandırdı. İsa həm onun müridi oldu, həm də dövlət işlərində əsas dayaqlarından biri idi.

İbrahim Gülşəni bu dövrdə yalnız sufi yox, həm də fəal ictimai sima idi. O, dövlət işlərinə müdaxilə edir, qazanc mənbələrinin halal-haram olmasını ayırırdı. Təbrizdə alimlərlə, xüsusilə məşhur Şeyxülislam Əmir Əbdülvəhhabla mübahisələri diqqət çəkir. Onun nüfuzuna görə Sultan Yaqub ona Kaşan hakimliyini belə təklif etmişdi, lakin İbrahim bu təklifi rədd etmişdir.

Ömər Rövşəninin tərəfdarlarının İbn Ərəbini təbliğ etmələri bəzi mədrəslilərin sərt reaksiyasına səbəb olur. Onlar “Fususi” adlandırılaraq təkfir edilir və Fusûs nüsxələri yandırılır. Rövşəni məhkəməyə çağırılır, lakin İbrahim və Qazi İsanın müdaxiləsi ilə qurtulur. Bundan sonra Rövşəni və Gülşəni Ağqoyunlu sarayının ən mötəbər sufiləri kimi fəaliyyətlərini davam etdirirlər.

Sonrakı illərdə Ağqoyunlu taxtına, Sultan Yaqubun hələ 9 yaşlı oğlu Baysunqur çıxır. Onun lələsi Sufi Xəlil bəy, əvvəlki dövrdə Yaqubun tərəfdarlarına qarşı sərt davranır. Bu dövrdə İbrahim Gülşəni və dostları zülmlərə məruz qalır: Qadı İsa öldürülür, yaxınlarının evləri hədəfə alınır. İbrahim üçün Ağqoyunlu torpaqlarında qalmaq təhlükəli olur. Bu dövrdə onun İbn Ərəbi ilə görüşləri, oğlu Əhmədin həyatı ilə bağlı təhlükələr və hətta həbs olunması dövrün çətinliklərini göstərir. Bu dövrdə eyni zamanda İbrahim Gülşəni həcc ziyarətinə çıxır.

Baysunqur Mirzənin qısa hakimiyyətindən sonra Rüstəm Mirzə (1492–1497) və Əlvənd Mirzə (1497–1504) dövrlərində İbrahimin dövlət işləri və siyasi hadisələrlə qarşılaşması davam edir. Bu dövrdə Qızılbaşların təhdidi və Təbrizdəki hadisələr onun üçün köç ehtimalını artırır.

İbrahim Gülşəni Diyarbəkirə gəlir və burada Sultan Qasım (Qasım b. Cahangir) ilə qarşılaşır. Qasımın Əlvənd tərəfdarı olduğu dövrdə Gülşəni ona öz təsirini göstərir, şəhərin və ətrafın Əlvəndin əlində qalmasını təmin edir. Lakin Qasımın Əlvənd tərəfindən öldürülməsi İbrahim üçün ağır bir vəziyyət yaradır. Buna baxmayaraq, o həm Ağqoyunlu dövründə, həm də Əlvənd dövründə ədalət və vasitəçilik rolunu davam etdirir.

Qızılbaş təhlükəsi və siyasi qarışıqlıq İbrahim Gülşənini Maraş və sonra Qüds vasitəsilə Misirə yönəldir. İbrahim Gülşəni ilk olaraq Qahirəyə yaxın Birkətül-Həcc adlı ərazidə, Qübbetül-Mustafa məscidində məskunlaşdı. Burada Məmlük sultanı Sultan Qansu Quri ilə görüşdü. Sultan Qansu istəyi ilə İbrahim Gülşəni Qahirəyə keçərək Müəyyədiyə Məscidi hücrələrinə yerləşdi. Burada günlərini zühd və ibadətlə keçirir, Bab Züveyldə ölüm cəzası verilən masumları müdafiə edirdi.

Zaman-zaman Sultan Qansu məclislərində iştirak edən İbrahim Gülşəni, yaxınlaşan Osmanlı istilasına qarşı sultanı təxribatdan uzaq durmaq üçün xəbərdar edirdi. Çaldıran səfəri öncəsi Şama gedən Sultan Qansu onun dualarını alır, amma İbrahim Gülşəni bu işdə xoşbəxt olmadığını mənaqibdə ətraflı izah edir. Daha sonra Mərcidabıq döyüşü və Osmanlı ilə qarşıdurmalar da mənaqibdə qeyd olunur.

Sultan Qansu vəfat etdikdən sonra Misirdə hakimiyyəti ələ keçirən Tumanbay Sultan Səlimə məğlub olur və İbrahim Gülşəninin Osmanlı dövrü başlanır. Mənaqibdə göstərilir ki, İbrahim Gülşəni ətrafında Osmanlı dövlət ricalı, ordu və digər zümrələrdən böyük bir dəstəkçi kütləsi formalaşmışdı. Ağqoyunlu dövründən onun müridi İdris Bitlisi də Səlim maiyyəti ilə Misirə gəlib yenidən İbrahim Gülşəniyə intisab göstərmişdi.

Gülşəni həm öz tərəfdaşları, həm Misir sufiləri ilə əlaqələr qurur, həm də şəhərin köhnə sakinləri ilə mübarizə aparırdı. Onun vəhdət-i vücud əleyhdarları ilə mübarizəsi və Misir bəylərbəyləri ilə münasibətləri mənaqibdə geniş təsvir edilir.

Osmanlıda fəaliyyəti Anadoluda, xüsusilə Ədirnə və İstanbulda təkkə dairəsini genişləndirmək təşəbbüsləri göstərir. Qanuni Sultan Süleyman dövründə Əhməd Paşa öldürüləndən sonra Misirdə nisbətən sükunət yaranır. Lakin Osmanlı tərəfindən göndərilən ikinci nüfuzlu şəxs İbrahim Paşa ilə İbrahim Gülşəni arasında ilk günlərdən etibarən başlayan anlaşmazlıqlar, İbrahim Paşanın qətlinə qədər davam edir.

Bundan əlavə, Gülşəninin oğlu Əhməd Xəyalinin Məmlük sülaləsinə mənsub arvadının Sultan Tumanbayın dul qadını olduğu məlum olduqda, İbrahim Paşanın düşmənçiliyi daha da artır. Bir tərəfdən Çərkəz baxiyələrinin Gülşəniyə inamını və ordu əsgərlərinin ona etibarını görən paşa, İstanbulda Qanuni Sultan Süleymana Misirdəki vəziyyətin İbrahim Gülşəni aradan qaldırılmadan həll olunamayacağını bildirir.

Sarayın əmri ilə hadisələri yoxlamaq məqsədilə yaşlı və gözləri kor olan İbrahim Gülşəni dəniz yolu ilə İstanbul’a gətirilir. Bu, onun həyatında yeni bir mərhələnin başlanğıcı olur. İbrahim Gülşəni İstanbulda Çıkrıkçılar yaxınlığında yerləşir. Burada sufi zümrə ilə əlaqələr qurur. Şeyxülislamlar, vəzir və digər nüfuzlu şəxslər onun dərslərinə və vəəzlərinə qatılır. Qanuni Sultan Süleyman onu saraya dəvət edir və Gülşəni ilə görüşür. Bu görüş və İstanbulda fəaliyyəti onun Osmanlı imperiyasında nüfuzunu möhkəmləndirir.

Vəfatı Gülşəni Qahirəyə dönərək Müəyyədiyə Məscidinin qarşısında Gülşəni xangahını inşa edir. Öz sərmayəsi ilə tikdiyi bu mərkəz sufiyə və zühd həyatına xidmət edir. 1534-cü ildə Misirdə taun xəstəliyi zamanı İbrahim Gülşəni dualarla insanları təsəlli edir.

İbrahim Gülşəni 23 aprel 1534-cü ildə vəfat edir. Ölümündən sonra xələfləri onun yolunu davam etdirir və təriqət yeni bir dövrə qədəm qoyur.

Yaradıcılığı

Türk-Azərbaycan dilində əsərləri