Məlahət Okuyan (; ) — türkiyəli baytar həkim, mikrobiologiya sahəsinin akademik və alimi. O, həmçinin İİV/QİÇS aktivisti olub. Həyatı Məlahat Okuyan 1924-cü ildə Türkiyənin cənub-şərqində, Diyarbəkirdə anadan olub. O, beş yaşında təhsil almağa başlayıb. İki övladı — bir oğlu və bir qızı olub. O, 14 avqust 2025-ci ildə, 101 yaşında vəfat edib. Karyerası Okuyan 1946-cı ildə Ankara Universitetinin Baytarlıq fakültəsini birinci dərəcə ilə bitirib. Sonra o, dörd il müddətinə İstanbulun Pendik rayonundakı Baytarlıq Bakteriologiyası və Serologiyası İnstitutunda assistent kimi çalışıb.

1950-ci ildə Amerika Birləşmiş Ştatlarına gedərək, burada 1952-ci ildə Merilend Universitetinin Tibb fakültəsindən Ümumi mikrobiologiya üzrə magistr dərəcəsini alıb. Vətəninə qayıtdıqdan sonra, İzmirdəki Bornova Baytarlıq Nəzarəti və Araşdırma İnstitutunda diaqnostika və tədqiqat laboratoriyasının müdiri kimi fəaliyyət göstərib (1952–1954) və bu müddət ərzində Bakteriologiya və Epizootologiya üzrə mütəxəssis diplomunu alıb. O, Konyadakı Mərkəzi Anadolu Baytarlıq Peyvəndi və Serumu İnstitutunda laboratoriyalar müdiri kimi də (1954–1956) çalışıb.

Britaniya Mədəniyyət Mərkəzindən tədqiqat təqaüdü alaraq, 1956-1957-ci illər arasında İngiltərənin Kembric Universitetində baytarlıq virusologiyası üzrə elmi işçi kimi tədqiqatlar aparıb. O, 1958-ci ildə Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq İşləri Müdirliyində tədqiqat təşkilatçısı və xarici əlaqələr şöbəsinin müdiri, həmçinin Ankara Baytarlıq İdarəsində epizootiya üzrə ekspert (1960–1961) olub.

Növbəti iki ildə Okuyan onkovirusların öyrənilməsi üçün laboratoriya qurmuş və Amerika Xərçəng Araşdırmaları İnstitutunun sponsorluğu ilə Milli Səhiyyə İnstitutlarında tədqiqatlar aparıb. 1964-cü ildə Türkiyəyə qayıdaraq, Hacettepe Universitetinin Tibb fakültəsində müəllim və tədqiqatçı kimi çalışıb.

Okuyan, onkovirus tədqiqatları üçün laboratoriya quraraq, virusologiya və bakteriologiya sahələrində araşdırmalar aparıb. 1966-cı ildə həmin universitetdə elmlər doktoru dərəcəsini, 1970-ci ilin noyabrında isə dosent elmi adını alıb. Sonra İzmirin Dokuz Eylül Universitetinin Tibb fakültəsinə mikrobiologiya üzrə professor təyin edilmiş və burada 1980-ci ildən 1991-ci ildə təqaüdə çıxanadək on bir il çalışmışdır.

QİÇS aktivisti kimi Okuyan 1986-cı ildə QİÇS üzrə İnformasiya və İİV Test Mərkəzinin yaradılmasının öncüsü olub. Növbəti il o, Milli QİÇS Komissiyasının üzvü seçilib. 1991-ci ildə bir qrup könüllü ilə birlikdə İzmirdə QİÇS-lə Mübarizə Dərnəyini təsis edib. QİÇS haqqında məlumatlılığı artırmaq yolunda çalışan bu qrup layihələr hazırlayaraq, Türkiyənin müxtəlif şəhərlərində filiallar açıb. O, təşkilatın sədri olub.

1993-cü ildə dərnək hökumətin fərmanı ilə qeyri-kommersiya təşkilatı statusu qazanıb. Sonradan qazanılmış immun çatışmazlığı sindromuna səbəb olan insan immunçatışmazlığı virusunu (HİV) aşkar etmək üçün o, şəxsən, anonim şəkildə HİV testləri həyata keçirib.

2004-cü ildə o, İİV-in cinsi əlaqə vasitəsilə də ötürüldüyünü əsas gətirərək, ictimai sağlamlığı yaxşılaşdırmaq məqsədilə homoseksuallar və transvestitlər üçün kişi fahişəxanalarının yaradılmasını təklif edib. Türkiyədəki fahişəxanalarda çalışan seks işçilərinin müntəzəm tibbi müayinədən keçdikləri kimi, Okuyan homoseksualların və transvestitlərin də analoji müayinələrdən keçmək imkanına sahib olmasını tələb edib.

2006-cı ildə həmkarları ilə birlikdə Həmyaşıdların Maarifləndirilməsi Layihəsi çərçivəsində İzmir, İstanbul və Diyarbəkirdə Narkomaniya və QİÇS-lə Mübarizə klublarını təsis edib. 2008-ci ildə o, Türkiyədə 2028-i kişi və 892-si qadın olmaqla, 2920 QİÇS xəstəsinin olduğunu bildirib.

2009-cu ildə onlar bu layihəni İzmirin 25 məktəbində tətbiq ediblər. Təşkilat, yerli icra hakimiyyətindən heç bir maliyyə dəstəyi ala bilmədiyi üçün və ianəçilərin adlarının açıqlanmasını istəməməsi səbəbindən vəsait toplanmasında problemlərlə qarşılaşdığından 2010-cu ildə dərnək bağlanmalı olub. Okuyan 85 yaşında belə internet və sosial media vasitəsilə QİÇS-lə bağlı dəstək və məsləhətlərini verməyə davam edib.

İstinadlar

Kateqoriya:Kembric Universitetinin məzunları Kateqoriya:Hacettepe Universitetinin məzunları Kateqoriya:Türkiyə qadın akademikləri