Analoq dərman preparatı — generik dərman əvvəllər kimyəvi patentlərlə qorunan orijinal dərman preparatı ilə eyni kimyəvi maddəni ehtiva edən farmasevtik preparatdır. Orijinal dərmanların patent müddəti başa çatdıqdan sonra generik dərmanların satışına icazə verilir. Aktiv kimyəvi maddə eyni olduğuna görə, generik preparatların tibbi xüsusiyyətləri və terapevtik təsiri patentli dərmanların istifadədə olduğu dövrdəki təsiri ilə ekvivalent hesab olunur.
Generik dərman orijinal preparatla eyni aktiv farmasevtik inqrediyentə malik olur, lakin istehsal prosesi, formulasiya, köməkçi maddələr, rəng, dad və qablaşdırma kimi xüsusiyyətlər baxımından fərqlənə bilər.
Hüquqi status və dövlət nəzarəti
Generik dərmanlar adətən dövlət tərəfindən ciddi şəkildə tənzimlənir. Onların istehsalı, qeydiyyatı, keyfiyyətinə nəzarət və bazara çıxarılması hər bir ölkənin müvafiq səhiyyə və dərman nəzarəti orqanları tərəfindən həyata keçirilir. Bu preparatlar istehsalçının adı və beynəlxalq qeyri-patentləşdirilmiş ad ilə etiketlənir. ABŞ-da istifadə edilən United States Adopted Name sistemi və Beynəlxalq Qeyri-Patentləşdirilmiş Ad sistemi generik dərmanların standart adlandırılması üçün istifadə olunur. ABŞ Qida və Dərman Administrasiyası generik preparatların farmakokinetik və farmakodinamik xüsusiyyətlərinə görə orijinal preparatlarla bioekvivalent olmasını tələb edir. Bu o deməkdir ki, generik dərman orqanizmdə eyni şəkildə sorulmalı, paylanmalı və eyni terapevtik nəticəni yaratmalıdır.
Generik dərman və biosimilyar preparatlar
Monoklonal anticisimlər və digər bioloji preparatlar adi kiçik molekullu dərmanlardan fərqlənirlər. Bu preparatların generik analoqları “biosimilyar” adlanır. Biosimilyarlar orijinal preparata çox yaxın xüsusiyyətlərə malik olsalar da, onların aktiv komponentləri tam olaraq eyni olmur. Buna görə də biosimilyarlar klassik generik preparatlar hesab edilmir və onların təsdiqlənməsi daha mürəkkəb qaydalar əsasında aparılır. Bioloji preparatların istehsalı canlı hüceyrə sistemlərinə əsaslandığı üçün tam identik məhsul əldə etmək çətindir. Buna görə biosimilyar preparatların təhlükəsizlik və effektivliyi əlavə klinik tədqiqatlarla qiymətləndirilir.
Patent müddəti və bazara çıxış
Əksər ölkələrdə dərman patentləri uzunmüddətli hüquqi müdafiə ilə qorunur. Patent müddəti ərzində yalnız orijinal şirkət həmin preparatı istehsal edə və sata bilər. Patent müddəti bitdikdən sonra digər şirkətlər eyni aktiv maddəyə malik generik preparatlar istehsal edə bilirlər. Bu mərhələdə bazarda rəqabət yaranır və həm orijinal preparatın, həm də generik versiyaların qiyməti aşağı düşür. Bəzi ölkələrdə əlavə patent müdafiəsi də tətbiq edilir. Məsələn, uşaqlar üzərində klinik sınaqlar aparıldıqda və ya müəyyən elmi tələblər yerinə yetirildikdə patent müddəti uzadıla bilər.
Generik dərmanların qiyməti
Generik preparatlar adətən markalı dərmanlardan xeyli ucuz olur. Bunun əsas səbəbi generik istehsalçıların dərmanın ilkin kəşfi və inkişafı üçün böyük maliyyə xərcləri çəkməməsidir. Orijinal dərmanların hazırlanması üçün illərlə davam edən laborator tədqiqatlar, klinik sınaqlar və qeydiyyat prosedurları tələb olunur. Generik istehsalçı isə artıq təsdiqlənmiş aktiv maddədən istifadə etdiyi üçün yalnız istehsal və bioekvivalentlik xərclərini qarşılayır. Rəqabətin artması qiymətlərin daha da azalmasına səbəb olur. Bu isə xüsusilə aşağı və orta gəlirli ölkələrdə əhalinin dərmanlara çıxış imkanını artırır.
Əczaçılıq şirkətləri və patent strategiyaları
Böyük əczaçılıq şirkətləri patentlərini qorumaq üçün böyük məbləğlər sərf edirlər. Onlar generik rəqabəti gecikdirmək məqsədilə müxtəlif hüquqi və kommersiya strategiyalarından istifadə edə bilirlər. Bəzi hallarda preparatın formulunda kiçik dəyişikliklər edilir və yeni patent alınır. Bu proses bəzən “evergreening” adlandırılır. Məqsəd orijinal preparatın bazardakı üstünlüyünü daha uzun müddət qorumaqdır. Bəzi şirkətlər başqa firmalara lisenziya verərək öz patentləri altında generik preparatların satışına icazə verirlər. Bu preparatlar “authorized generiks” adlanır.
Bioekvivalentlik anlayışı
Generik dərmanın bazara çıxması üçün onun orijinal preparatla bioekvivalent olduğu sübut edilməlidir. Bioekvivalentlik dərmanın orqanizmdə eyni sürətlə və eyni miqdarda sorulmasını ifadə edir. Preparatın qanda maksimal konsentrasiyası və təsir müddəti orijinal preparata yaxın olmalıdır. Bu o demək deyil ki, preparat tam olaraq eyni görünməlidir. Köməkçi maddələr, rəng və ya forma dəyişə bilər. Lakin terapevtik təsir eyni qalmalıdır.
ABŞ-da generik dərmanların tənzimlənməsi
ABŞ-da generik dərmanların qeydiyyatı Hatch–Vaxman qanunu əsasında həyata keçirilir. Bu qanun generik preparatların təsdiq prosedurlarını standartlaşdırmışdır. Generik şirkətlər FDA-ya qısaldılmış yeni dərman müraciəti təqdim edirlər. Bu müraciətdə preparatın təhlükəsizliyi, keyfiyyəti və bioekvivalentliyi sübut edilməlidir. Aparılmış araşdırmalar göstərmişdir ki, generik və orijinal preparatlar arasında sorulma fərqi çox azdır və bu fərq çox vaxt orijinal preparatın müxtəlif istehsal partiyaları arasındakı fərqdən də kiçik olur.
Patent mübahisələri və məhkəmə çəkişmələri
Generik şirkətlər çox vaxt patent müddəti bitməmiş müraciət etdiklərinə görə patent pozuntusu ilə bağlı məhkəmə iddiaları ilə qarşılaşırlar. Bəzi hallarda generik şirkətlər patentin etibarsız olduğunu iddia edərək qarşı iddia qaldırırlar. Bu cür məhkəmə çəkişmələri dərman bazarında böyük iqtisadi əhəmiyyət daşıyır. Bəzən tərəflər razılığa gəlir və generik preparatın bazara çıxışı müəyyən müddət gecikdirilir.
Həkimlərin və xəstələrin münasibəti
Bəzi həkimlər generik preparatlara ehtiyatla yanaşırlar. Xüsusilə terapevtik pəncərəsi dar olan dərmanlarda kiçik doz fərqləri belə ciddi nəticələrə səbəb ola bilər. Məsələn, varfarin kimi preparatlarda qanın laxtalanma göstəricilərinə daimi nəzarət tələb olunur. Buna görə bəzi həkimlər xəstələrin markalı və generik preparatlar arasında dəyişdirilməsinə ehtiyatla yanaşırlar. Bununla belə, çoxsaylı tədqiqatlar göstərir ki, təsdiqlənmiş generik preparatlar əksər hallarda orijinal preparatlar qədər təhlükəsiz və effektivdir.
Saxtakarlıq və keyfiyyət problemləri Generik dərman sənayesində müəyyən saxtakarlıq halları da qeydə alınmışdır. Bəzi şirkətlərin bioekvivalentlik məlumatlarını saxtalaşdırdığı aşkar edilmişdir. Xüsusilə bəzi xarici istehsal müəssisələrində keyfiyyətə nəzarət problemləri aşkarlanmışdır. Hindistan və Çində yerləşən bəzi zavodlarda aparılan yoxlamalar zamanı ciddi istehsal pozuntuları müəyyən edilmişdir.
Hindistanda generik dərman sənayesi Hindistan generik dərman istehsalında dünyanın aparıcı ölkələrindən biridir. Dövlət siyasəti yerli şirkətlərin aşağı qiymətli preparatlar istehsal etməsini təşviq etmişdir. Patent qanunlarında edilən dəyişikliklər nəticəsində Hindistan şirkətləri yeni istehsal üsulları hazırlayaraq ucuz preparatlar istehsal etməyə başlamışdır. Bu gün Hindistan ABŞ və Avropa daxil olmaqla dünyanın bir çox ölkəsinə böyük həcmdə generik dərman ixrac edir."Prescribers may disallow brand switching by ticking the relevant box on the PBS prescription form"
Çində generik dərman istehsalı Çin də generik dərman və aktiv farmasevtik maddə istehsalında mühüm mövqeyə malikdir. Dünyada istifadə olunan aktiv farmasevtik maddələrin böyük hissəsi Çin istehsalıdır. Son illərdə Çin hökuməti bioekvivalentlik tələblərini sərtləşdirmiş və generik preparatların keyfiyyətinə nəzarəti gücləndirmişdir.
Generik dərman bazarının müasir vəziyyəti Müasir generik dərman bazarında Viatris, Teva, Sandoz və Sun Pharma kimi iri şirkətlər üstünlük təşkil edir. Ənənəvi generik preparatların qiymətinin azalması şirkətləri biosimilyar preparatlara və yeni bazar strategiyalarına yönəltmişdir. Bəzi istehsalçıların zəif nəzarət olunan bazarlar üçün daha aşağı keyfiyyət standartlarından istifadə etməsi antibiotiklərə davamlı mikroorqanizmlərin yaranması riskini artırır. Buna görə beynəlxalq təşkilatlar generik preparatların keyfiyyətinə ciddi nəzarətin vacibliyini vurğulayırlar. İstinadlar