Öküzlər düşərgəsi — Qobustan Milli Tarix-Bədii Qoruğunun, Böyükdaş dağının yuxarı səki hissəsində yerləşən və əsasən Üst Paleolitin sonu ilə Mezolit dövrü arasındakı keçid mərhələsinə aid edilən qədim yaşayış məskəni. Düşərgə "Ana zağa"dan təxminən 50–55 metr şimalda, "Ovçular zağası"ndan isə 25 metr cənubda, üzərində qayaüstü təsvirlər olan 41 və 42 nömrəli daşların arasında aşkar edilib. Həmin qayalar üzərində öküz təsvirlərinin olması ilə əlaqədar olaraq abidə ekspedisiya üzvləri tərəfindən "Öküzlər" düşərgəsi adlandırılıb.
Düşərgə 2001-ci ildə Azərbaycanda dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına, 2007-ci ildə isə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Tədqiqi Öküzlər düşərgəsi Qobustan Milli Tarixi-Bədii Qoruğunun ərazisində Böyükdaş dağında, Ana zağadan 50–55 metr şimalda, Ovçular zağasından 25 metr cənubda yerləşir. Düşərgə, üzərində öküz təsvirləri olan 41 və 42 saylı daşların arasında yerləşir. Öküzlər düşərgəsində 1974-cü ildə arxeoloji qazıntılar aparılıb. Tədqiqatlar nəticəsində müəyyən edilib ki, qədim insanlar bu ərazidən uzun müddət yaşayış məskəni kimi istifadə ediblər. Həmin qayalar üzərində öküz təsvirlərinin olması ilə əlaqədar olaraq abidə ekspedisiya üzvləri tərəfindən "Öküzlər" düşərgəsi adlandırılıb.
Düşərgənin orta hissəsi yağış sularının təsiri ilə yuyulduğundan mədəni təbəqə yalnız 41 nömrəli daşın şimalında və 42 nömrəli daşın şərq tərəfində, təxminən 0,5 metr enində və 0,5–10 santimetr qalınlığında qorunub saxlanılıb. Qazıntılar zamanı düşərgədən 1000-ə yaxın arxeoloji material əldə edilib.
Öküzlər düşərgəsinin daş məmulatı əsasən Daş dövrü üçün səciyyəvi xüsusiyyətlərə malikdir. Lakin iskənə tipli alətlərin çoxluğu, həndəsi formalı alətlərin azlığı və qayaüstü təsvirlərin xarakteri abidədən əsasən Üst Paleolitin sonu ilə Mezolit dövrü arasındakı keçid mərhələsində istifadə olunduğunu göstərir. Arxeoloji qazıntılar nəticəsində aşkar edilmiş qab qırıqları isə düşərgədən qısa müddət ərzində İlk Tunc və Son Tunc dövrlərində də istifadə edildiyini göstərir.
Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə düşərgə 26–1041 nömrəsi ilə dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.
Arxeoloji abidənin yerləşdiyi Qobustan Milli Tarixi-Bədii Qoruğu 2007-ci il iyunun 29-da Yeni Zelandiyanın Kraystçerç şəhərində keçirilən Ümumdünya İrs Komitəsinin XXXI Sessiyasında "Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı" adı ilə UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilib.
Arxeoloji materiallar Düşərgədən aşkar edilmiş daş məmulatları əsasən çaxmaqdaşı və çaydaşından hazırlanıb. Çaxmaqdaşından hazırlanmış alətlər arasında qəlpələrdən düzəldilmiş arxaik görünüşlü, hündür dişəkli uclu və gəzli qaşovlar, iskənə tipli alətlər, həmçinin bıçaqvari lövhələrdən hazırlanmış məmulatlar üstünlük təşkil edir.
Tapıntılar arasında 8 ədəd nüvə, 26 ədəd qaşov, 12 ədəd iskənə, 4 ədəd seqment, 3 ədəd trapes formalı alət, eləcə də biz, burğu, kəsər, dişəkli və bıçaqvari lövhələr müəyyən edilib. Nüvələr əsasən konusvari, prizmaşəkilli və karandaşvari olub, kiçik ölçülərə malikdir.
Çaydaşından hazırlanmış alətlər arasında hər iki üzü itilənmiş ovalvari sürtgəc, zərbə alətləri və qayaüstü təsvirlərin döyülməsi üçün istifadə edilmiş alətlər aşkar edilib.
Bundan başqa, düşərgədən dəvəgözü daşından hazırlanmış bir alət, bir ədəd daş iynə, iki ədəd balıqqulağından hazırlanmış asma, 68 ədəd balıqqulağından asma hazırlamaq üçün yarımfabrikat, həmçinin qara bərkidici maddə (qır) və oxra parçaları da tapılıb.
Qayaüstü təsvirlər Qazıntılar zamanı 41 nömrəli daşın şimal səthində qədim təsvirlərin əvvəl məlum olan səviyyədən daha aşağı hissələrə qədər davam etdiyi müəyyən edilib.
42 nömrəli daş
Şərq tərəfi 42 nömrəli qayanın şərq tərəfinin uzunluğu 12 m, hündürlüyü isə 6 m-dir. Səthin aşağı hissəsində çoxlu petroqlif həkk edilmişdir ki, onların da bir qismi eroziya nəticəsində zədələnmiş və bəzi hallarda konturları çətin seçilən vəziyyətə düşmüşdür. Burada 14 təsvir daha yaxşı mühafizə olunmuşdur ki, bunlara dörd öküz, beş insan fiquru, bir qayıq və iki qeyri-müəyyən fraqment daxildir.
Öküz təsvirləri profil vəziyyətində və əsasən bədənləri sola istiqamətlənmiş şəkildə həkk edilmişdir. 12-ci rəsmdə heyvan hərəkət vəziyyətində, bədəni tosqun və ağır quruluşlu şəkildə göstərilmişdir. Fiqurun uzunluğu 110 sm, çiyinlərdən hündürlüyü isə 70 sm-dir. Təsvirin ön hissəsi daha iri verilmiş, kəkili, yoğun boynu, uzunsov başı, iri dalğavari buynuzları, şaquli qulaqları, sinə qatları, sallanmış qarnı, gödək və güclü ayaqları, dəyirmi budu və gödək quyruğu aydın şəkildə göstərilmişdir. Bu təsvir e.ə. VII minilliyə aid edilir. 14-cü rəsmdəki öküz ayaq üstə təsvir edilmişdir. Onun bədəninin uzunluğu 160 sm, çiyinlərdən hündürlüyü isə 90 sm-dir. Fiqurun monolit və tosqun quruluşu, kəkili, kök boynu, uzunsov başı, iri dalğavari buynuzları, şaquli qulaqları, sinə qatları, gödək və güclü ayaqları, dəyirmi budu və sallanmış quyruğu təsvir olunmuşdur. Bu təsvir də e.ə. VII minilliyə aid edilir. Digər öküz təsvirləri eroziya nəticəsində xeyli zədələnmiş və yalnız başın və boynun bəzi hissələri saxlanılmışdır. Onlar e.ə. VI–V minilliklərə aid edilir.
İnsan təsvirləri üç qadın və iki kişi fiqurundan ibarətdir. Qadın fiqurlarından ikisi profildə siluet şəklində, biri isə anfas vəziyyətində verilmişdir. Anfas təsvir edilmiş qadın fiqurunun böyük və enli budları, nazik beli, iri və dəyirmi döşləri göstərilmişdir. Çiynindən soldan sağa doğru çəpəki vəziyyətdə kaman aşırılmışdır. Qadın təsvirlərinin hamısı e.ə. VIII minilliyin son əsrlərinə aid edilir. Kişi fiqurları sadə və sxematik şəkildə həkk edilmişdir. Onlardan biri qayıq və qeyri-müəyyən fiqur arasındakı sahədə yerləşir və yalnız ayaqları yaxşı saxlanılmışdır. Digər kişi fiquru uzun bədənli, güclü əzələli ayaqlı və iri dəyirmi başlı şəkildə göstərilmişdir. Bu təsvir e.ə. IV minilliyə, digər kişi fiquru isə daha sonrakı dövrə aid edilir.
13-cü rəsmdə ayaq üstə, profildə və sağa istiqamətlənmiş keçi təsvir edilmişdir. Onun bədəni düzbucaqlı formalı, boğazı nazik, quyruğu isə yuxarı qalxmış şəkildə göstərilmişdir. Keçi fiquru başqa bir öküz təsvirinin fonunda həkk edilmişdir və e.ə. II minilliyə aid edilir.
1-ci rəsmin ümumi konturlarına görə at təsviri olduğu ehtimal edilir. Heyvan profildə, sola istiqamətlənmiş vəziyyətdə, nisbətən kök boyunlu, iri başlı, gödək ayaqlı və gödək quyruqlu şəkildə təsvir olunmuşdur. Bu təsvir e.ə. IV–III minilliklərin hüdudlarına aid edilir.
6-cı rəsmdə dərindibli qayıq təsvir edilmişdir. Qayığın qaldırılmış burun hissəsində Günəş həkk edilmiş, insanlar isə şaquli xətlərlə göstərilmişdir. Təsvirin konstruktiv xüsusiyyətləri onun e.ə. V minilliyə aid edilməsinə imkan verir.
Cənub tərəfi 42 nömrəli qayanın cənub səthində döymə üsulu ilə işlənmiş insan təsvirləri və xətlərlə bəzədilmiş fiqurlar qeydə alınıb. Daşın alt səviyyələrində qədim qadın təsvirlərinin mövcudluğu da aşkar edilib. Qayaüstü təsvirlər arasında kişi və qadın fiqurları, eləcə də öküz təsvirləri xüsusi yer tutur. Daşın cənub tərəfində də çoxsaylı petroqliflər mövcuddur. Onlardan 17-si qeydə alınmışdır ki, bunlara dörd insan, iki öküz, beş at, üç keçi və üç qeyri-müəyyən fiqur daxildir.
15-ci və 17-ci rəsmlərdə siluet və anfas vəziyyətində iki insan fiquru yanaşı təsvir edilmişdir. Onların geniş budları, nazik belləri, böyük başları və uzun boyunları vardır. Qolları yana açılmış, barmaqları aralanmış vəziyyətdə verilmişdir. Sinələrində kəsişən xətlərdən ibarət bəzək mövcuddur. Bir fiqurun ayaqları arasından aşağı sallanan uzun xəttin məhsuldarlıq simvolu olduğu ehtimal edilir. Hər iki fiqurun çiyinlərindən çəpəki şəkildə kaman aşırılmışdır. Bu təsvirlər e.ə. VII–VI minilliklərin hüdudlarına aid edilir.
13-cü və 16-cı rəsmlər sxematik kişi fiqurlarıdır. Onlar dini mərasim rəqsini xatırladan hoppanma vəziyyətində göstərilmişdir. Bu təsvirlər e.ə. III minilliyə aid edilir.
Öküz təsvirləri profildə və sağa istiqamətlənmiş vəziyyətdə verilmişdir. Onların fiqurları real əsaslar üzərində qurulmuşdur. Öküzlərdən biri otlayarkən təsvir edilmiş və başının əyilməsi, bədəninin plastikası canlı şəkildə işlənmişdir. Bu təsvirlər e.ə. VI minilliyin son əsrlərinə aid edilir.
At təsvirləri ayaq üstə, profildə və sağa istiqamətlənmiş vəziyyətdə həkk edilmişdir. Onların ilk üçü iri bədənli olub, bir nümunə əsasında icra edilmişdir. Petroqliflərin qarşılıqlı yerləşməsi onların e.ə. II minilliyin son əsrlərində yarandığını göstərir.
Keçi təsvirləri əsasən real əsaslarla qurulmuşdur. Onların bədənləri mütənasib, başları iri olmayan, buynuzları isə yuxarı qalxaraq geriyə qatlanmış vəziyyətdə verilmişdir. Təsvirlərdən birində keçinin bədəni paralel xətlərlə bəzədilmiş və hücum vəziyyətində göstərilmişdir. Bu səhnənin iki keçinin döyüşünü əks etdirdiyi ehtimal olunur. Keçi təsvirləri e.ə. II minilliyə aid edilir. Digər keçi təsviri isə sadə və kobud işlənməsinə görə orta əsrlərə aid edilir.
Qeyri-müəyyən fiqurların isə çox ehtimal ki, öküz təsvirlərinin fraqmentlərini təşkil etdiyi qəbul edilir.
Şəkilləri
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Qobustan dövlət tarixi-bədii qoruğunun ərazisindəki düşərgələr