Asmir Beqoviç (; ) — Bosniyalı peşəkar futbolçu.
Hal hazırda İngiltərənin Lester Siti klubunda qapıçı kimi çıxış edir.
Beqoviç böyüklərdən ibarət karyerasına 2003-cü ilin yayında Portsmut klubunda başlamışdır. Bir sıra icarə müqavilələrindən sonra o, 2009-cu ilin mayında Premyer Liqada debüt etmiş və 2010-cu ilin fevralında 3,25 milyon funt-sterlinq qarşılığında Stok Siti klubuna satılmışdır. 2012–13 mövsümündə o, hər bir liqa oyununda çıxış etmiş və klubun "İlin Oyunçusu" mükafatını qazanmışdır. 2013-cü ilin noyabrında Beqoviç Sauthempton klubuna qarşı 97.5 yard (89.15 metr) məsafədən qol vuraraq Premyer Liqada qol vuran beşinci qapıçı olmuş, eyni zamanda "futbolda vurulan ən uzaq məsafəli qol" kimi Dünya Rekordu əldə etmişdir. 2015-ci ilin iyulunda o, 8 milyon funt-sterlinq qarşılığında Premyer Liqa çempionu olan Çelsi klubuna qoşulmuş və iki il sonra "Bornmut"a transfer olana qədər ikinci qapıçı olaraq qalmışdır. 2019-cu ilin əvvəllərində yerini Artur Borutsa itirdikdən sonra o, Everton klubuyla müqavilə bağlamazdan əvvəl icarə əsasında Qarabağ və Milan klublarında oynamışdır.
Beqoviç gənclər səviyyəsində Kanadanı 2007 FİFA U-20 Dünya Çempionatında təmsil etmişdir. 2009-cu ildə o, sadiqliyini dəyişərək doğma ölkəsi olan Bosniya və Herseqovinanı təmsil etmək qərarına gəlmişdir. O, tezliklə onların əsas qapıçısı olmuş və onların ilk böyük turniri olan 2014 FİFA Dünya Çempionatına vəsiqə qazanmalarına kömək etmişdir.
Erkən həyatı Beqoviç Bosniya və Herseqovinanın (o vaxtlar Yuqoslaviyanın tərkibində idi) Trebinye şəhərində bosniya mənşəli müsəlman ailəsində anadan olmuşdur. Atası Əmir də "Leotar" və "İskra Buqoyno"da oynamış bir qapıçı olmuşdur, anası Ayniysə Stolatsdandır. Beqoviç ailəsi Asmirin dörd yaşı olanda Bosniya müharibəsindən Almaniyaya qaçmış və o, burada Haylbronn şəhərində "Krixauzen" adlı yerli gənclər klubunda mütəşəkkil futbol oynamağa başlamışdır. O, 10 yaşında ikən ailəsi Kanadanın Edmonton şəhərinə köçmüşdür.
Klub karyerası
Erkən karyerası Beqoviç Edmonton şəhərindəki "St. Francis Xavier High School"da oxumuş və onların akademiyasında oynamışdır. O, həmçinin Edmonton Kiçik Futbol Assosiasiyasında "Sautvest Stinq" klubunda oynamış və bu ona Kanadanın 17 yaşadək milli komandasına çağırış qazandırmışdır.
2003-cü ildə o, "Portsmut" və Tottenhem Hotspur klublarında yoxlamadan keçmə imkanı qazanmış və klub nümayəndələri onun İngiltərəyə uçuş haqqını ödəmişdir. "Portsmut"da keçirdiyi iki gündən sonra məşqçilər David Herst və Mark O'Konnor kifayət qədər heyran qalmış və "Tottenhem"dəki sınaq müddəti başlamazdan əvvəl Beqoviçə müqavilə təklif etmişlər.
Portsmut Beqoviç 2003-cü ilin yayında "Portsmut"la gənclər müqaviləsi imzalamış və Avropa İttifaqı pasportu olmadığına görə iki ilini təhsil vizası ilə keçirmişdir ki, bu da ona pul ödənilən matçlarda iştirak etməyə imkan vermirdi. Gənclər komandasında oynadıqdan sonra o, 2005-ci ildə Belçikada icarə əsasında "La Luvyer"də vaxt keçirmiş və Belçikanın yüksək liqasında iki dəfə forma geyinmişdir. Beqoviç 2006-cı ilin yayında Böyük Britaniya vizası almış və bu ona 2006–07 mövsümündə icarə əsasında "Maklsfild Taun"a keçməyə imkan vermişdir. O, Futbol Liqasında debütünü noyabrın 25-də "Stokport Kaunti" ilə 1–1 bitən matçda birinci qapıçı Conni Breynin zədələnməsindən sonra 80-ci dəqiqədə əvəzedici kimi oyuna daxil olaraq etmişdir. Lakin cəmi üç oyundan sonra dizindən zədə aldığı üçün onun icarə müddəti qısalmışdır. 2007-ci ilin avqustunda Beqoviç 2008-ci ilin yanvarına qədər davam edəcək razılaşma əsasında Birinci Liqada çıxış edən "Bornmut"a icarəyə verilmişdir. O, 11 oktyabr 2007-ci ildə "Bornmut"dan geri çağırılmışdır. 8 dekabr 2007-ci ildə Beqoviç "Aston Villa"ya qarşı Premyer Liqa matçında əvəzedici olaraq ilk dəfə "Portsmut"un 16 nəfərlik heyətinə daxil edilmişdir.
2008-ci ilin martında o, "Portsmut"un istədiyi vaxt onu geri çağırmaq hüququ olmaqla bir aylığına "Yovil Taun"a icarəyə verilmişdir. Martın 29-da Beqoviç "Yovil"də debüt etmiş və "Bristol Rovers"ə qarşı oyunda qapısını toxunulmaz saxlamışdır. Daha sonra o, "Yovil"in onu təcili icarə əsasında yenidən imzalamaq cəhdlərinə baxmayaraq iki oyundan sonra geri çağırılmışdır. "Yovil"in baş məşqçisi Rassel Sleyt 2008-ci ilin iyununda, Stiv Mildenhall "Sautend Yunayted"ə qoşulduqdan sonra Beqoviçi yenidən icarəyə götürmək istədiyini açıqlamışdı. Lakin bu transfer babasının vəfatı səbəbindən gecikmişdir. O, 2008-ci ilin avqustunda, bu dəfə üç aylığına yenidən "Yovil"ə icarəyə verilmişdir. O, zəif çıxış edən "Yovil"in heyətində 14 liqa oyununa çıxmış və 3 dəfə qapısını toxunulmaz saxlamışdır.
Beqoviç "Portsmut"da debütünü 18 may 2009-cu ildə "Sanderlend" üzərində 3–1 hesablı qələbə qazandıqları oyunda etmişdir. "Portsmut" üçün Premyer Liqadakı debütündən sonra Beqoviç öz sevincini ifadə edərək demişdir: "Bu fantastik idi, ilk Premyer Liqa oyunuma çıxmaq mənim çoxdan gözlədiyim bir şey idi." O, oktyabr ayında 16 yanvar 2010-cu ilədək Çempionşip komandası "İpsviç Taun"a icarəyə verilmişdir. 23 noyabrda, David Ceymsin zədələnməsinə görə, Beqoviç "Portsmut"a geri çağırılmış və bu, 6 oyunda iştirakından sonra "İpsviç Taun"dakı icarəsinin başa çatması demək idi. "Fratton Park"a qayıtdıqdan sonra, 2009–10 mövsümündə əsas komandanın heyətində 15 oyunda meydana çıxmışdır.
Stok Siti thumb|Beqoviç 2011-ci ildə "Stok Siti"nin heyətində
1 fevral 2010-cu ildə Beqoviç 3,25 milyon funt sterlinq qarşılığında "Stok Siti" ilə dörd il yarımlıq müqavilə imzalamışdır. İmza mərasimindən sonra menecer Toni Pyulis açıqlamasında qeyd edib ki, o, bir müddətdir ki Beqoviçi izləyir: "Biz bir müddətdir ki Asmiri izləyirik və inanırıq ki, potensial olaraq o, ölkədəki ən yaxşı gənc qapıçıdır". Beqoviç "Stok"a keçməzdən əvvəl "Tottenhem Hotspur" ilə də danışıqlar aparmış, lakin "idman səbəblərinə görə" "Potters"i seçmişdir. Daha sonra o, 2009–10 mövsümündə baş verən maliyyə böhranından sonra "Portsmut"dan ayrıldığı üçün rahatladığını bildirmişdir. "Portsmut" Beqoviçə görə "Tottenhem"ə pul borclu qalmışdı, baxmayaraq ki, o, onları rədd etmişdi, çünki "Tottenhem" transfer üçün "Portsmut"a artıq bir hissə ödəmişdi. Premyer Liqa rəhbərliyi, "Spurs"un həm Beqoviç, həm də Yunes Kabul üçün ilkin ödəniş etdiyi üçün "Portsmut"a ləğv edilmiş transferə görə "Tottenhem"ə 1 milyon funt ödəməsini əmr etmişdir.
Beqoviç "Stok"da debütünü 25 aprel 2010-cu ildə "Çelsi"yə qarşı oyunda etmiş, 35-ci dəqiqədə zədələnmiş Tomas Sorenseni əvəz etmiş və beş qol buraxmışdır. O, 1 may 2010-cu ildə "Everton"la 0–0 bitən oyunda "Siti"də ilk dəfə qapısını toxunulmaz saxlamışdır. O, həmçinin 2009–10 mövsümünün son iki oyununda Fulhem və Mançester Yunayted klublarına qarşı çıxış etmişdir.
2010–11 mövsümünün əvvəlində menecer Toni Pyulis tərəfindən Beqoviçə 1 nömrəli forma verilmişdir. İddialara görə Beqoviç Liqa Kuboku çərçivəsində "Şrusberi Taun"a qarşı oyunda oynamaqdan imtina etmiş, Pyulis isə bu qərarın "tamamilə hörmətsizlik" olduğunu bildirmişdir. Digər tərəfdən, Beqoviç oynamaqdan imtina etdiyini inkar etmişdir. Buna baxmayaraq, Beqoviç mövsümdə ilk matçını Liqa Kubokunun növbəti mərhələsində "Fulhem", daha sonra isə "Vest Hem Yunayted"ə qarşı keçirmişdir. O, liqadakı ilk oyununa oktyabrın 30-da "Everton"a qarşı çıxmış, zədəli Sorenseni əvəzləmişdir. Bunun ardınca Beqoviç "Siti"də əsas qapıçı olaraq Sorensendən yeri təhvil almış, həmçinin Şrusberi matçında iştirak etməməsi ilə bağlı yaranan gərginlikdən sonra Toni Pyulislə "barışmışdır". 2011-ci ilin fevralında "Arsenal"a minimal fərqlə məğlub olduqdan sonra, Beqoviç "Stok"un yaxşı inkişaf etdiyinə inandığını ifadə etmişdir. Növbəti həftə "Vest Hem"ə qarşı oyunda Beqoviç səhv edərək Demba Baya qol hədiyyə etmişdir. Kubok matçlarında ehtiyat qapıçı Sorensenə üstünlük verildiyi üçün Beqoviç 2011 FA Kuboku Finalını buraxmalı olmuşdur.
Beqoviç 2011–12 mövsümünə əsas qapıçı kimi başlamış və 11 sentyabrda "Liverpul"a qarşı əla oyun nümayiş etdirərək altı matçdan beşində qapısını toxunulmaz saxladıqdan sonra Toni Pyulisdən tərif almışdır. Lakin, daha sonra Beqoviç növbəti yeddi oyunda on səkkiz qol buraxmışdır, o cümlədən "Bolton Uonderers"ə 5–0 hesablı acınacaqlı məğlubiyyət, hansı ki, bu oyunla əlaqədar o, azarkeşlərdən üzr istəməli olmuşdur. "Bolton" matçından sonra o, heyətdən kənarlaşdırılmış və yerinə Sorensen gətirilmişdir. 2011-ci ilin dekabrında Beqoviç "Stok"la yeni dörd il yarımlıq müqavilə uzatması imzalayaraq 2016-cı ilə qədər klubda qalmışdır. O, 2012-ci ilin martında 1 nömrəli mövqeyini bərpa etmişdir. Beqoviç 2012–13 mövsümündə "Siti"nin əsas qapıçısı olaraq fəaliyyətini davam etdirmiş və mövsümə əla forma ilə başlamışdır, ilk 15 oyunda sadəcə 12 qol buraxmışdır. "Stok"un mövsümün ikinci yarısında zəif çıxış etməsinə baxmayaraq, Beqoviç kifayət qədər yaxşı formada qalmış və klubun İlin Oyunçusu mükafatını qazanmışdır.
Beqoviç 2013–14 mövsümünə yeni menecer Mark Hyuz rəhbərliyi altında əsas qapıçı olaraq daxil olmuş və açılış günündə "Liverpul"a qarşı oynanılan matçda "Matçın Oyunçusu" seçilmişdir. 2 noyabr 2013-cü ildə, "Sauthempton"a qarşı matçda Beqoviç 13 saniyə sonra 97.5 yard məsafədən qol vurmuşdur. Onun uzun zərbəsi Artur Borutsu çaşdıraraq tora daxil olmuşdur. Onun "Sauthempton"a vurduğu bu qol 2015-ci il Ginnesin Rekordlar Kitabında "futbolda vurulan ən uzaq məsafəli qol" kimi yer almışdır.
Beqoviç demək olar ki, iki il ərzində ilk Liqa matçını 26 dekabrda "Nyukasl Yunayted"ə qarşı məşq sessiyasında barmağını qırdığı üçün buraxmalı olmuş və bu, onu beş həftə oyunlardan kənarlaşdırmışdır. O, 26 yanvar 2014-cü ildə "Çelsi"yə qarşı matçda yenidən start heyətinə qayıtmışdır. Beqoviç 2013–14 mövsümündə "Stok" üçün 33 dəfə forma geyinmiş və komanda 9-cu yerdə mövsümü başa vurmuşdur.
Beqoviç "Stok"dakı 50-ci "təmiz oyun"unu 4 mart 2015-ci ildə "Everton" üzərində 2–0 hesablı qələbə zamanı qeyd etmişdir. Beqoviç 2014–15 mövsümündə 1 nömrəli qapıçı yerini qorumuş, 36 matçda iştirak etmiş və "Stok" mövsümü yenidən doqquzuncu yerdə bitirmiş, həmçinin komanda mövsümü "Liverpul" üzərində 6–1 hesablı qələbə ilə başa vurmuşdur. May ayında "Sanderlend"ə qarşı matçda etdiyi səhvə görə o, Mark Hyuz tərəfindən üç matçlıq heyətdən kənarlaşdırılmışdır. Bu hadisə mediada onun klubdakı gələcəyi ilə bağlı ehtimalların yaranmasına səbəb olmuşdur. Həqiqətən, Beqoviç 2015-ci ilin iyul ayında "Britanniya Stadionu"nu tərk etmişdir, o cəmi beş yarım mövsüm ərzində "Stok"da 172 oyuna çıxmışdır.
Çelsi thumb|upright|Beqoviç 2015-ci ildə "Çelsi"nin heyətində
13 iyul 2015-ci ildə "Çelsi", 8 milyon funt-sterlinq qarşılığında Beqoviçlə dörd illik müqavilə imzalamışdır. Sazişin bir hissəsi olaraq "Çelsi", "Stok"a yarımmüdafiəçi Marko van Qinkeli bir mövsümlük icarəyə vermişdir.
O, debütünü doqquz gün sonra, "Çelsi"nin mövsüm öncəsi turu çərçivəsində, "Nyu York Red Bulls"la matçın fasiləsində, komandasının 1–0 irəlidə olduğu vaxt Tibo Kurtuanı əvəzləyərək etmişdir. Lakin matç 4–2 hesablı məğlubiyyətlə başa çatmışdır. İlk rəsmi oyununa 2 avqustda Uembli Stadionunda keçirilən 2015 İngiltərə Superkuboku matçında çıxsa da, rəqibləri "Arsenal"a 1–0 məğlub olduqları oyunda ehtiyatda qalmışdır. Altı gün sonra o, Oskarı əvəzləyərək meydana daxil olmuşdur. Bu, Kurtuanın Bafetimbi Qomisə qarşı kobudluq edərək penaltiyə səbəb olduğu və qırmızı vərəqə aldığı vaxt baş vermişdi. Qomis penaltini dəqiq yerinə yetirərək hesabı 2–2 etmişdir. 16 avqustda Beqoviç, "Çelsi"nin səfərdə "Mançester Siti"yə 3–0 məğlub olduğu oyunda komandası üçün ilk dəfə əsas heyətdə meydana çıxmışdır. Bir ay sonra, o, UEFA Çempionlar Liqasında "Çelsi"nin "Makkabi Təl-Əviv" üzərində 4–0 hesablı qələbə qazandığı oyunda mövsümün ilk qolsuz matçını rəsmiləşdirmişdir. Kurtuanın 5 dekabrda komandaya geri dönməsinə qədər, o, üç oyun dalbadal qapısını toxunulmaz saxlamışdır.