Özbəkistanın Aşqabaddakı səfirliyinə hücum — 16 dekabr 2002-ci il tarixinin axşam saatlarında Türkmənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı qrupunun Türkmənistanın paytaxtı Aşqabadda yerləşən Özbəkistan Respublikası səfirliyinin ərazisinə hücum etməsi. Bu, həmin dövrün Türkmənistan Prezidenti Saparmurat Niyazova qarşı 25 noyabr 2002-ci ildə törədildiyi iddia edilən sui-qəsd cəhdi ilə bağlı hadisələrin tərkib hissəsidir. Türkmənistan hakimiyyəti Özbəkistanı "üsyançıları dəstəkləməkdə", prezidentə qarşı sui-qəsddə və hadisə iştirakçılarının səfirlik binasında gizlədilməsində ittiham etmişdir. Bu hadisə müasir dövrdə Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının kobud şəkildə pozulmasının bariz nümunələrindən biri hesab olunur. Sözügedən insidentin səbəbləri və təfərrüatları barədə ziddiyyətli versiyalar bu günə qədər mövcudluğunu qoruyub saxlayır.
Hadisə 16 dekabr 2002-ci il tarixinin axşam saatlarında Türkmənistan Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı qrupu Türkmənistanın paytaxtı Aşqabadda yerləşən Özbəkistan Respublikası səfirliyinin ərazisinə hücum etmişdir. Səfirlik əməkdaşlarının etirazlarına baxmayaraq, Türkmənistanın xüsusi təyinatlıları və Milli Təhlükəsizlik Nazirliyinin digər əməkdaşları diplomatik nümayəndəliklərin və diplomatların toxunulmazlığı haqqında Vyana Konvensiyasını kobud şəkildə pozaraq Özbəkistan səfirliyinin binasına daxil olmuşdur. Binanın daxilində xüsusi təyinatlılar və nazirlik əməkdaşları orada gizləndiyi iddia edilən Boris Şixmuradovu axtarmağa başlamışdır. Türkmənistan hakimiyyəti Özbəkistana məxsus suveren və toxunulmaz əraziyə daxil olmasını səfirlikdə gizlənən terrorçuların axtarışı ilə əsaslandırmışdır.
Səfirliyə hücum baş verdiyi zaman Özbəkistanın səfiri Əbdürəşid Qədirov həyat yoldaşı ilə birlikdə Qazaxıstan Respublikasının Müstəqillik Günü münasibətilə təşkil olunmuş rəsmi qəbulda, Qazaxıstanın səfirliyində olmuşdur. Özbəkistan səfiri rəhbərlik etdiyi diplomatik missiyanın binasına daxil olunması barədə dərhal məlumatlandırılmış, o və səfirliyin digər əməkdaşları baş verənlər haqqında tədbirdə iştirak edən digər ölkələrin səfirlərinə və diplomatlarına məlumat vermişdir. Hadisə yerinə Özbəkistan səfiri ilə birlikdə bir neçə xarici dövlətin səfiri, o cümlədən ATƏT missiyasının rəhbəri yollanmışdır. Həmin vaxta qədər Türkmənistanın xüsusi təyinatlıları və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları ərazidə hər hansı bir terrorçu aşkar etmədən səfirliyi tərk etmişdir, lakin onlar binanı tərk etməzdən əvvəl, Özbəkistan səfirliyinin fonunda naməlum bir Türkmənistan vətəndaşının guya digər əlbirləri ilə birlikdə bir neçə gün ərzində hüquq-mühafizə orqanlarından bu səfirlikdə gizlənməsi barədə "etirafını" videolentə almışdır. Hücum zamanı binada olan Özbəkistan səfirliyinin əməkdaşları baş vermiş hadisənin təfərrüatlarını diplomatlara nəql etmişdir.
Reaksiyalar Hadisələrin ertəsi günü Özbəkistan Respublikası Xarici İşlər Nazirliyi Türkmənistana qarşı rəsmi etirazla çıxış etmiş, bu ölkəni "beynəlxalq hüququn norma və prinsiplərini, Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının müddəalarını, habelə ikitərəfli dövlətlərarası sazişləri kobud şəkildə pozmaqda" ittiham etmişdir. Türkmənistanın səfiri Soltan Primuhammedov Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinə çağırılmış və ona Türkmənistandan "baş vermiş hadisə ilə bağlı dərhal izahat verilməsi, habelə təqsirkar şəxslərin müəyyən edilərək ciddi məsuliyyətə cəlb olunması üçün konkret tədbirlərin görülməsi" tələbini özündə əks etdirən etiraz notası rəsmi şəkildə təqdim olunmuşdur.
Bu arada Özbəkistan–Türkmənistan sərhədində gərginlik yaranmış, sənədlərin yoxlanılması proseduru sərtləşdirilmişdir. Nəticədə Türkmənistan birtərəfli qaydada Özbəkistanla sərhədini bağlamışdır. Hər iki tərəfdən əlavə nəzarət-buraxılış məntəqələri quraşdırılmışdır. Buna baxmayaraq, hələ bir müddət əvvəl ölkələr arasında hər iki dövlətin vətəndaşları üçün sərhədyanı ticarət məntəqələrinin və xüsusi mağazaların yaradılması barədə danışıqlar aparılmışdı. Buna baxmayaraq, Türkmənistan Özbəkistanın öz ərazisinə mümkün müdaxiləsindən müdafiə olunmaq məqsədilə sayca az olan qoşunlarını təcili şəkildə sərhədə yaxın ərazilərə cəmləməyə başlamışdır. Türkmənistan Prezidenti Saparmurat Niyazov səfirlikdə baş verən hadisələrə cavab olaraq Özbəkistan tərəfindən hərbi təcavüzün ediləcəyini, öz rejiminin devriləcəyini və ölkəsinin Özbəkistan tərəfindən ilhaq olunacağını ehtimal etmişdir, lakin bu ehtimallar əslində tamamilə əsassız xarakter daşımışdır.
Toxunulmaz diplomatik missiyaya hücum BMT, ATƏT, Avropa İttifaqı və ABŞ da daxil olmaqla, beynəlxalq birliyin demək olar ki, bütün üzvləri tərəfindən pislənilmişdir. Özbəkistanın Aşqabaddakı diplomatik missiyasının və ticarət nümayəndəliyinin əməkdaşları baş verənləri "aşkar təxribat" kimi qiymətləndirmiş, Türkmənistanın bəzi rəsmiləri də xarici mətbuata verdikləri anonim müsahibələrdə bu fikirlə razılaşmışlar. Xüsusilə, Türkmənistan Nazirlər Kabineti aparatının əməkdaşlarından biri "Kommersant" nəşrinə verdiyi müsahibədə Özbəkistan və Türkmənistan arasındakı münasibətlərdə ciddi problemlərin mövcudluğunun çoxdan bəlli olduğunu bildirmişdir. O, 16 dekabr hadisəsindən əvvəl Özbəkistan Baş naziri Otkir Sultanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Aşqabada səfərini xatırladaraq qeyd etmişdir ki, ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək əvəzinə, özbək qonaqlar türkmən həmkarlarının nəsihətlərini və Türkmənistana neft-qaz sektorunda güzəştlərin verilməsi ilə bağlı "tövsiyə xarakterli xahişlərini" dinləmək məcburiyyətində qalmışdılar. Məlumata görə, Sultanov danışıqlar mühitindən o dərəcədə qəzəblənmişdir ki, iclasın rəsmi başa çatmasını gözləmədən Daşkəndə qayıtmış və bu hadisədən sonra iki ölkə arasındakı əlaqələr əhəmiyyətli dərəcədə pisləşmişdir.
Türkmənistan hakimiyyəti Özbəkistanı Boris Şixmuradovun rəhbərlik etdiyi və prezident Saparmurat Niyazova qarşı uğursuz sui-qəsd cəhdi ilə dövlət çevrilişinə təşəbbüs göstərən türkmən müxalifətini dəstəkləməkdə ittiham etmişdir. Özbəkistan bütün ittihamları rədd etmiş, Özbəkistan prezidenti İslam Kərimov isə Saparmurat Niyazova dəstək teleqramı göndərmişdir. Teleqramda törədilmiş terror aktı — həyata keçirilən sui-qəsd cəhdi haqqında xəbərin Özbəkistanda dərin narahatlıq və hiddət doğurduğu, Özbəkistanın terrorizmin bütün forma və təzahürlərini hər zaman pislədiyi və bu bəlaya qarşı mübarizədə hərtərəfli əməkdaşlığa hazır olduğu qeyd olunmuşdur, lakin Saparmurat Niyazov bu sözlərin səmimiyyətinə inanmamış, nəticədə prezidentlər və ölkələr arasındakı münasibətlər kəskin soyuyaraq dərin böhran mərhələsinə qədəm qoymuşdur.
Bu dövrdə ticarət dövriyyəsi dəfələrlə azalmış, hər iki ölkənin sərhəd rejimi gücləndirilmiş, vizasız gediş-gəliş imkanı aradan qalxmış və hər iki dövlətin vətəndaşları viza almaqda böyük çətinliklərlə qarşılaşmışdılar. Saparmurat Niyazov Özbəkistanı öz hakimiyyəti üçün təhlükə hesab etmiş və ondan çəkinməyə başlamışdır. Bu müddət ərzində Qazaxıstan, Rusiya, İran və Türkiyə iki prezidenti barışdırmaq üçün səylər göstərmişdir. Yalnız iki il sonra Türkmənistan və Özbəkistan prezidentləri arasında ilk telefon danışığı baş tutmuşdur. Saparmurat Niyazovun mətbuat xidmətinin məlumatına görə, tərəflər qədim və dərin tarixi ənənələrə malik bu iki xalq arasında həlli mümkün olmayan mübahisəli məsələlərin olmadığını və gələcək əməkdaşlıq üçün mühüm potensialın mövcudluğunu vurğulamışdılar. Bu potensialın reallaşdırılması üçün müvafiq sənədlər hazırlayacaq işçi qruplarının yaradılması barədə göstəriş verilmişdir.
Ölkələr arasındakı münasibətlər yalnız 2006-cı ilin dekabrında Saparmurat Niyazovun vəfatından və hakimiyyətə Qurbanqulu Berdiməhəmmədovun gəlişindən sonra tam normallaşaraq yenidən dostluq və müttəfiqlik xarakteri almışdır.
İstinadlar
Kateqoriya:16 dekabrdakı hadisələr Kateqoriya:2002-ci ildəki münaqişələr Kateqoriya:Diplomatik insidentlər Kateqoriya:Özbəkistan–Türkmənistan münasibətləri