thumb|Yapon mayonezi ilə hazırlanmış pizza. thumb|Teriyaki pizzası. Yaponiyada pizza populyar yeməklərdən biridir və müxtəlif çeşidləri hazırlanır. Yaponiyada pizza ilk dəfə 1940-cı illərdə hazırlanıb və 1970-ci illərdə populyarlaşmağa başlayıb. Ölkədə "Domino's", "Pizza-La", "Pizza Hut" kimi pizza restoranı şəbəkələri fəaliyyət göstərir.
Tarixi Yaponiyada ilk pizzanın nə vaxt bişirilməsi ilə bağlı bir neçə versiya mövcuddur. Ən geniş yayılmış versiyaya görə Yaponiyada ilk pizza 1944-cü ildə Kobedə yerləşən bir italyan restoranında hazırlanıb. Digər bir versiyaya görə ilk pizza İkinci Dünya müharibəsindən qısa müddət sonra Takarazuka şəhərində "Amore Abela" adlı italyan restoranında bişirilib. Bir versiyaya görə isə Yaponiyada ilk pizza İkinci Dünya müharibəsi zamanı Kobeyə gəlmiş İtaliya donanmasının iki heyət üzvü tərəfindən hazırlanıb. İlk pizza restoranının 1954-cü ildə Tokionun Ropponqi bölgəsində açılmış və "Nicolas" adlanan restoranın olduğu güman olunur. Restoran italyan-amerikalı Nik Zapetti tərəfindən açılmışdır. Gələcək imperator Akihito və gələcək həyat yoldaşı Miçiko da bu restorana gələn müştərilərdən biri olublar. Restoran 2018-ci ildə 2020 Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə həyata keçirilən yenidənqurma işləri zamanı sökülmüşdür.
Yaponiyada pizza sahəsinin qabaqcılı 1964-cü ildə əsası qoyulmuş "Delsole" şirkəti hesab olunur. Şirkəti ABŞ-dən dondurulmuş hazır pizzalar idxal etməyə başlamış, 1964-cü ildə Tokionun Mequro rayonunda Yaponiyanın ilk pizza fabrikini açmışdır. 1950–1960-cı illərdə pizza Yaponiyada elə də tanınmayan bir yemək çeşidi idi və "Qərb üslubunda olan okonomiyaki" kimi tanıdılırdı. Həmin dövrlərdə pizza bişirmək üçün lazım olan avadanlıqlar az olduğu üçün Yaponiyada pizza mədəniyyəti sürətli yayılmamışdır.
1970-ci illərdə "Royal Host" restoranlar şəbəkəsi menyusuna amerikan üslubunda pizzalar daxil etmişdir. Həmin dövrdə ABŞ-nin bir sıra pizza restoranı şəbəkələri Yaponiyada filiallarını açmağa başlamışdır. 1973-cü ildə Tokionun Kohinata məhəlləsində ilk "Pizza Hut" və Tokionun Akasaka bölgəsində ilk "Shakey's" restoranı açılmışdır. 1985-ci ildə Yaponiya bazarına daxil olan "Domino's" şirkəti Tokionun Ebisu bölgəsində Yaponiyada ilk evə pizza çatdırma xidmətini yaratmışdır.
1990-cı illərə qədər Yaponiyada amerikan pizzası populyar olsa da, daha sonra Neapolitan pizzası populyarlaşmağa başlamışdır. Neapoldan olan italyan aşpaz Salvatore Kuomo 1 aprel 1995-ci ildə "Salvatore" restoranını açmış və Yaponiyada Neapolitan pizzasının populyarlaşmasında vacib rol oynamışdır. Həmin il Yaponiyada "Neapolitan pizzasının atası" adlandırılan yapon aşbaz Susumu Kakinuma "Savoy" restoranını açmışdır. Hər iki restoran Tokionun Nakamequro bölgəsində açıldığı üçün həmin yer "Yaponiyada Neapolitan pizzasının doğum yeri" kimi tanınır. 2006-cı ildə Neapolitan Pizza Assosiasiyasının Yaponiya filialı açılmışdır. 2007-ci ildə Hisanori Yamamoto Neapol şəhərində baş tutmuş Dünya Pizza Çempionatında qalib gələn ilk yapon aşpaz olmuşdur.
Pizza çeşidləri Yaponiyada yerli məhsullardan hazırlanan bir sıra xüsusi pizza çeşidləri mövcuddur. Mayonez, dəniz məhsulları, qarğıdalı, kartof populyar pizza toppinqləridir. Teriyaki–mayonezli pizzanın tərkibinə qarğıdalı və nori də daxildir. Kalmar mürəkkəbi pizzası pomidor sousu, ağ kalmar və kalmarın mürəkkəbi ilə hazırlanır. Natto pizzası natto, pendir, yosun və donuz əti ilə bişirilir. Çaşao pizzası buğa verilmiş donuz əti, pomidor sousu, miso, yaşıl soğan kimi inqridiyentlərdən hazırlanan pizza çeşididir. Mentayko pizzası mintay balığının kürüsü, kartof, yosun, qarğıdalı, mayonezdən hazırlanır. 2024-cü ildə "Domino's" hanami mövsümü münasibətilə sakuralı pizza, 2025-ci ildə "Pizza Hut" matçalı pizza çeşidini təqdim etmişdir.
Restoran şəbəkələri Yaponiyada bir sıra pizza restoranı şəbəkələri fəaliyyət göstərir. "Pizza Hut" 2023-cü ilə qədər Yaponiyada 540 pizza restoranı (bütün prefekturalarda) açmışdır. "Pizza-La" və "Aoki's Pizza" Yaponiyanın ən böyük yerli pizza restoranı şəbəkələridir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Ölkələrinə görə pizza Pizza