Georq Filipp Teleman (; ) – barokko üslubuna üstünlük verən Almaniya bəstəkarı. 3000-dən çox əsərin müəllifidir.

Həyatı Georq Teleman 1681-ci ildə Maqdeburq şəhərində doğulmuşdur. Atası doğumundan qısa müddət sonra ölmüşdür. Uşaq olanda musiqi təhsili alsa da, öz-özünü yetişdirən musiqiçi olmuşdur. Anası onun musiqi ilə məşğul olmasına razılıq verməmiş, musiqi alətlərini götürmüşdür. Bu səbəbdən musiqi ilə gizlicə məşğul olmuşdur. Musiqiyə həvəsi daha çox olsa da, ailəsinin təzyiqi səbəbilə Leypsiq Universitetində hüquq təhsili almağa yollanmışdır.

Leypsiq şəhərində 6-cı məzamir üçün bəstələdiyi musiqi Müqəddəs Foma Kilsəsində ifa edildikdən sonra Leypsiq şəhərinin meri onu kilsə üçün əsərlər yazmağa dəvət etmişdir. Bir müddət sonra şagirdlərdən ibarət musiqi qrupu qurmuş, Leypsiq operasını idarə etməyə başlamış və Yeni Kilsənin orqançısı olmuşdur. Promnitz kontu üçün işlədiyi dövrdə Polşa və Moroviya xalq musiqiləri ilə tanış olmuşdur. Eyzenax şəhərində işləmiş, Frankfurt şəhərində kilsə musiqiçisi kimi fəaliyyət göstərmişdir. 1721-ci ildə Hamburq şəhərində Yohanneum gimnaziyasının kapelmeysteri və beş əsas kilsəsinin baş musiqiçisi olmaq təklifini qəbul etmişdir. 1722-ci ildə Almaniyada ictimaiyyətə açıq olan ilk opera evi olan Qansemarkt Operin idarəçisi olmuşdur. Bayroyt və Eyzenax saraylarında işləmişdir.

Yaradıcılığı 40 opera, 1000-dən çox kilsə kantatası, 125 uvertüra, təxminən eyni sayda konsert, 50 sonata, 40 kvartet, solo klaviş üçün 250 parça bəstələmişdir. İlk almandilli musiqi jurnalını nəşr etdirmişdir. Əsas əsərlərinə "Tafelmusik" (1733) instrumental musiqi parçalarından ibarət kolleksiyası və "Su musiqi" süitası daxildir.

Şəxsi həyatı Telemanın ilk həyat yoldaşı 1711-ci ildə ölmüşdür. Özündən 17 yaş kiçik olan ikinci həyat yoldaşından səkkiz oğlu və bir qızı olmuşdur. Həyat yoldaşının isveçli zabitlə münasibəti var idi və bu hadisə 1724-cü ildə Hamburqda baş tutmuş bir kukla tamaşasında lağa qoyulmuşdur. Həyat yoldaşının qumar borcu var idi və Telemanın dostlarının köməyi ilə borclarını ödədikdən sonra 1736-cı ildə evi tərk etmişdir.

Teleman İohann Sebastyan Bax və Georq Fridrix Hendel kimi bəstəkarla dostluq etmişdir. Musiqi ilə yanaşı poeziya və bağbanlıqla məşğul olmuşdur.

İstinadlar

Xarici keçidlər Bach Cantatas saytında

Kateqoriya:Almaniya barokko bəstəkarları Kateqoriya:Almaniya musiqi nəzəriyyəçiləri