Yuliya Slutskaya (; ) — Belaruslu jurnalist və keçmiş siyasi məhbus. O, Belarus Mətbuat Klubunun və Belarusla Həmrəylik İnformasiya Bürosunun təsisçisidir. Həyatı Yuliya Slutskaya Belarus Dövlət Universitetində sosiologiya ixtisası üzrə təhsil alıb. Məzun olduqdan sonra bir neçə il həmin universitetin sosiologiya kafedrasında çalışıb.

Slutskaya jurnalist fəaliyyətinə 1994-cü ildə başlayıb, ilkin olaraq "BelKP-Pres"də sosioloq kimi işləyib. 1997-ci ildə o, təsisçilərindən biri olduğu rusdilli "Komsomolskaya Pravda v Belorussii" qəzetinin redaktoru olub. Yuliya Slutskayanın 2006-cı ildə redaktor vəzifəsindən istefa verdiyi vaxta qədər qəzetin tirajı təxminən 330.000-ə çatmışdı və hər sayın təxminən yarısı xüsusi olaraq Belarus problemlərinə həsr olunurdu. Slutskaya 2006-cı ildə Belarusda keçirilən prezident seçkilərindən sonra istefa verib.

2007-ci ildə Slutskaya müstəqil radio stansiyası olan "Belarus üçün Avropa Radiosu"nun baş redaktoru təyin edilib. O, 2011-ci ilin fevralında bu vəzifədən könüllü olaraq ayrılıb.

İctimai fəaliyyəti 2010-cu ilin fevralında demokratiyayönümlü və korrupsiya əleyhinə "Həqiqəti söylə" (Tell the Truth) kampaniyası yaradıldı və 2010-cu il prezident seçkilərində namizəd kimi Vladimir Neklyayevi irəli sürdü. Yuliya Slutskaya "Həqiqəti söylə" kampaniyasının media strategiyasını hazırlayıb həyata keçirmiş, həmçinin Neklyayevin media məsləhətçisi kimi çıxış edib. 2010-cu il Belarus etirazları zamanı, "Həqiqəti söylə" hərəkatı rəhbərliyinin bir çox üzvünün DTK-nın (KGB) "Amerikanka" həbsxanasında saxlanılmasından və ofislərində axtarış aparılmasından sonra Yuliya Slutskaya Belarusu tərk edərək Polşanın Varşava şəhərinə qaçmağa məcbur oldu.

2011-ci ilin yanvarında Slutskaya Varşavada "Belarusla Həmrəylik İnformasiya Bürosu"nu təsis etdi. Təşkilat Avropa Parlamenti və Avropa Şurasının Belarusu müzakirə edəcəyi planlaşdırılan sessiyalarından əvvəl Polşa, Litva, Çexiya, Almaniya, Danimarka, Niderland və İsveç daxil olmaqla Avropa paytaxtlarına səfərlər təşkil etdi. Qrupun fəaliyyətinə görüşlər keçirmək, konfranslar və foto sərgilər təşkil etmək, habelə 2010-cu il etirazları haqqında film nümayiş etdirmək daxil idi.

Slutskaya sonradan Minskə qayıtdı və 2015-ci ildə orada "Press Club Belarus"u təsis etdi. Bu qurum mühazirə və təlimlər keçirməklə yanaşı, Belarus media qurumlarının jurnalist standartlarına və etikasına uyğunluğunu monitorinq edirdi. 2020-ci ildə "Press Club Belarus" nəzdində rəsmi təlim müəssisəsi olan "Press Club Academy" yaradıldı. Siyasi təqib 22 dekabr 2020-ci ildə Slutskaya qızı və nəvələri ilə birlikdə xaricdən Belarusa qayıdarkən Minsk Milli Hava Limanında saxlanıldı. O, Dövlət Nəzarəti Komitəsinin maliyyə araşdırmaları idarəsinin əməkdaşları tərəfindən dindirildikdən sonra Pişçalauski qalasındakı istintaq təcridxanasına yerləşdirildi.

31 dekabrda Slutskaya Belarus Cinayət Məcəlləsinin 243-cü maddəsi ilə külli miqdarda fırıldaqçılıqda ittiham olundu. "Press Club Belarus"un digər üzvləri – Pyotr Sluçki, Alla Şarko və Sergey Alşeuski, eləcə də "Belteleradio"nun keçmiş jurnalisti Kseniya Lutskina bu cinayətdə iştirakçı qismində həbs edildilər. İstintaq fırıldaqçılığın ictimai televiziya layihəsi ilə bağlı vergidən yayınmadan qaynaqlandığını iddia etsə də, Slutskaya ona qarşı irəli sürülən ittihamların jurnalist fəaliyyəti ilə bağlı olduğunu bildirdi. Slutskaya özünü təqsirli bilmədi və müstəntiqlər vergidən yayınmanı sübut edən sənədlər təqdim edə bilmədilər.

6 yanvar 2021-ci ildə saxlanılan əməkdaşların ailə üzvləri iddia edilən ödənilməmiş vergi məbləğini – 109,769 Belarus rublunu Belarus İstintaq Komitəsinə ödədilər.

13 yanvar 2021-ci ildə "Viasna", Belarus Jurnalistlər Assosiasiyası, Belarus PEN və "Pravavaya İnisıyatıva" (Hüquqi Təşəbbüs) daxil olmaqla on bir insan hüquqları və jurnalistika təşkilatının birgə bəyanatı ilə Slutskaya və onunla birlikdə mühakimə olunanlar siyasi məhbus kimi tanındı. 4 fevral 2021-ci ildə İsveçrə Federal Məclisinin üzvü, siyasətçi Martina Munz simvolik olaraq Slutskayanın "himayədarı" (godparent) oldu.

19 augvust 2021-ci ildə Slutskaya və digər təqsirləndirilənlər günahlarını boyunlarına almağa, 200,000 Belarus rublu məbləğində cərimə ödəməyə və Aleksandr Lukaşenkoya dəstək petisiyasını imzalamağa razı olduqdan sonra istintaq təcridxanasından azad edildilər.

Tanınması 2021-ci ildə Slutskaya Beynəlxalq Mətbuat Klubları Assosiasiyasının "Söz Azadlığı" mükafatını qazandı, həmçinin Beynəlxalq Mətbuat İnstitutu (IPI) tərəfindən "Dünya Mətbuat Azadlığı Qəhrəmanları"ndan biri elan edildi.

İstinadlar

Xarici keçidlər Старонка Юліі Слуцкай на сайце Праваабарончага цэнтра «Вясна»

Kateqoriya:Belarusda siyasi məhbuslar Kateqoriya:Belarusda "Vesna" İnsan Hüquqları Mərkəzi tərəfindən siyasi məhbus elan edilmiş şəxslər