Staka Skenderova (; ) — Bosniya və Herseqovinalı müəllim, sosial işçi, yazıçı və folklorşünas. 19 oktyabr 1858-ci ildə Sarayevoda ilk qızlar məktəbinin əsasını qoyması ilə tanınır. Növbəti il isə o, müasir Bosniyada əsəri nəşr olunan ilk qadın müəllif olub. Həyatı Staka Skenderova Sarayevoda, Serbiyanın Priyepolye şəhərindən gəlmiş mühacir ailəsində anadan olub. Onun doğum ili və yeri dəqiq məlum deyil. Bəzi araşdırmalara görə 1821-ci ildə Priyepolyedə doğulduğu ehtimal edilsə də, tarixçilərin əksəriyyəti onun 1828-ci ildə Sarayevoda doğulduğunu qəbul edir. Staka Skenderova bütün ömrünü təhsil ideallarının təbliğinə və Bosniyada ilk qızlar məktəbinin dəstəklənməsi uğrunda mübarizəyə həsr edib. O, İstanbulda Sultan Əbdüləzizlə görüşən ilk sarayevolu qadın olub. Həmin görüşdə o, sultandan məktəbin açılmasına kömək etməsini xahiş edib.
Staka Skenderovanın "Müqəddəs Sava Qadın Məktəbi" 19 oktyabr 1858-ci ildə Sarayevoda kiçik ikiillik bir bina kimi fəaliyyətə başladı. Onun Babı-ali və Osmanlı imperiyasından (həmin dövrdə Bosniyanı idarə edirdi) aldığı dəstək, Staka ilə Sarayevonun vətənpərvər tacirləri arasında böyük düşmənçiliyə səbəb olsa da, Sarayevonun və Serbiyanın yoxsul sakinləri ona böyük rəğbətlə yanaşırdılar. Bir çox dövlət xadimi və xarici məmurlar bu təşəbbüsdə ona yardım etdilər. Lakin 1878-ci ildə Bosniya və Herseqovinanın Avstriya-Macarıstan tərəfindən işğalından sonra məktəbin saxlanılması üçün maliyyə axını kəsildi və məktəb bağlandı.
1870-ci ildə o, Qüdsə həcc ziyarətinə getmiş və Müqəddəs Torpaqlarda olarkən Bosniya və Herseqovinanın keçmiş qubernatoru Topal Osman Paşanın vasitəsilə Sultan Əbdüləzizlə görüşüb. Onun bu səfəri tam bir il davam etdi və həmin dövr üçün eşidilməyən bir hadisə idi. Məhz orada o, rahibə kimi təqdis olundu və o zaman Sarayevoda qadın monastırı olmadığı üçün Staka kişi geyimi geyinərək "bu dünyadan əl çəkdiyini" açıq şəkildə nümayiş etdirdi. Stakanın Sarayevoya qayıdışı zəfər kimi qarşılandı, böyük bir insan kütləsi onu salamlamağa çıxdı.
Yaradıcılığı Rusiya konsulu Aleksandr Gilferdinqin təşəbbüsü ilə Staka Skenderova "Ljetopis Bosne 1825–1856" ("Bosniya Salnaməsi" 1825–1856) əsərini yazıb. Bu iş onun yeganə məlum əsəri olaraq qalmaqdadır. Əsərin orijinalı itsə də, Gilferdinqin sayəsində qorunub saxlanılıb. O, salnaməni 1859-cu ildə Sankt-Peterburqda nəşr olunmuş "Herseqovina, Bosniya və Köhnə Serbiya boyu səyahət" kitabına daxil edib. Beləliklə, bosniyalı müəllimənin əməyi Rusiyada rus dilində işıq üzü görüb. 1976-cı ildə Voislav Maksimoviç kitabı serb dilinə tərcümə edib.
Stakanın salnaməsi ənənəvi şifahi epik ədəbiyyat formasında yazılıb ki, bu da dövrün hadisələrini qeydə almaq ehtiyaclarını ən yaxşı şəkildə əks etdirirdi. Bu əsər həm şəxsi etiraf, həm də çətin dövrlərdə Bosniyadakı həyat haqqında tarixi şəhadətnamədir. Skenderova hər zaman sosial təlatümlərin mərkəzində olub və bu barədə həm heyranlıq, həm də acı ilə yazıb. O, zalım paşalara, eqoist bosniyalı bəylərə, müsəlman tiranlara və ya yerli serb tacirlərinə qarşı tənqidində heç kəsə rəhm etməyib.
"Bosniya Salnaməsi" bosniyalı bəylərin türk paşalarına qarşı mübarizə tarixini şərh edir və sıravi bosniyalıların yerli əyanların özbaşınalığından çəkdiyi əzablar haqqında məlumat verir.
Ölümü 26 may 1891-ci ildə Skenderova bədbəxt hadisə nəticəsində aldığı ağır xəsarətlərdən vəfat etdi. Belə ki, İliçada (Ilidža) keçirilən bir əyləncə tədbirində olarkən, at arabası izdihamın içinə soxulub və Skenderova ağır yaralanıb. Dostu Paulina İrbi ona qulluq etsə də, o, tezliklə aldığı xəsarətlərdən dünyasını dəyişib. İrbi dəfn mərasimini təşkil etdi və Skenderova Sarayevoda dəfn olundu.
Skenderova Bosniyada fəallar və elm adamları tərəfindən ölkənin mədəniyyəti və tarixində qadınların nailiyyətlərini işıqlandırmaq üçün hazırlanan "ŽeneBiH" adlı multimedia layihəsində yer alıb. O, həmçinin Britaniya-Kosovo yazıçıları Elizabet Qouinq və Robert Uiltonun Balkan tarixindəki səkkiz qeyri-adi qadından bəhs edən "No Man's Lands" adlı esse toplusunun əsas fiqurlarından biridir.
İstinadlar
Ədəbiyyat Ljetopis Bosne, 1825–1856 ("The Bosnian Chronicle, 1825–1856", 1859)
Xarici keçidlər Западни Срби
Kateqoriya:Osmanlı yazıçıları