Konstantin Çxeidze () — knyaz, Rusiya imperiyası və Azərbaycan Xalq Cümhuriyyəti ordusunda xidmət etmiş hərbi xadim, piyada qoşunları general-mayoru, Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Məktəbinin rəisi.
Həyatı
İlk illəri, təhsili və Rusiya İmperator Ordusunda xidməti Konstantin Çxeidze 10 avqust 1853-cü ildə Kutaisi quberniyasından olan gürcü knyaz ailəsində anadan olmuşdur. Kutaisi Klassik Gimnaziyasını bitirmişdir. 1877-ci ildə Tiflis Yunker Piyada Məktəbini bitirmişdir. Rusiya-Osmanlı (1877–1878) və Rusiya-Yaponiya (1904–1905) müharibələrində iştirak etmişdir. Hərbi xidmətini Bakının 153-cü piyada polkunda keçmişdir. 2 fevral 1904-cü ildə polkovnik rütbəsi almışdır. Müharibə zamanı kontuziya almış və 3-cü dərəcəli yaralılar siyahısına daxil edilmişdir. 1910-cu ildə hərbi xidmətdən mundir və pensiya ilə təqaüdə çıxmışdır. 29 sentyabr 1915-ci ildən İrəvan dairə məhkəməsinin fəxri barışdırıcı hakimi vəzifəsində çalışmışdır.
AXC-dövründə və Aprel İşğalı 1919-cu ilin avqustundan Azərbaycan ordusunda xidmətə başlamış və dekabrın 1-nə qədər 4-cü Quba Piyada Alayında xidmət etmişdir. 1919-cu il sentyabrın 29-da Şirin bəy Kəsəmənlinin iki həftəlik məzuniyyətə yollanması ilə əlaqədar olaraq, həmin ilin oktyabr ayında Xaçmaz Hərbi Dəstəsinin rəisi vəzifəsinin müvəqqəti icrası Konstantin Çxeidzeyə həvalə edilmişdir. 1919-cu il dekabrın 1-dən isə hərbi məktəbin (keçmiş Azərbaycan Xalq Cümhuriyyətinin Praporşiklər Məktəbi) rəisi vəzifəsində çalışmışdır. Hərbi idarənin ən mühüm vəzifələrindən biri milli zabit kadrlarının hazırlanması idi.
Hərbi məktəbin fəaliyyətinin təşkilində və milli zabit kadrlarının hazırlanmasında göstərdiyi xüsusi nümunəvi xidmətlərinə görə, Azərbaycan Cümhuriyyəti hökumətinin 21 mart 1920-ci il tarixli qərarı ilə polkovnik Konstantin Çxeidzeyə vaxtından əvvəl general-mayor hərbi rütbəsi verilmişdir.
Sonrakı taleyi məlum deyil.
Təltifləri Müqəddəs Stanislav ordeni, 2-ci dərəcə (qılıncla birlikdə, 1904); Müqəddəs Anna ordeni, 2-ci dərəcə (qılıncla və lentlə birlikdə, 1904); Müqəddəs Vladimir ordeni, 4-cü dərəcə (qılıncla və lentlə birlikdə, 1906)
Mənbə
İstinadlar
Ədəbiyyat
Kateqoriya:Azərbaycan hərbçiləri Kateqoriya:Gürcülər Kateqoriya:Knyazlar