Fatma Müfidə Kazım Küləy (; ) — türk həkimi.

Türkiyə Respublikasının ilk qadın həkimlərindən biri olan Müfidə xanım, İstanbul Tibb fakültəsinin Daxili Xəstəliklər Klinikası Qastroenterologiya bölməsinin təsisçisi olub. Həyat və fəaliyyəti 1899 və ya 1904-cü ildə Xiosda dünyaya gəlib. Atası, Moralı Əli bəyin oğlu, hərbi həkim Kazım Əli bəy idi. Çamlıca Qız Liseyini bitirdikdən sonra, Tibb fakültəsinə qız tələbələr qəbul edilmədiyi üçün təhsilini İstanbul Darülfünununun Təbiət elmləri fakültəsinin Biologiya bölməsində davam etdirməli olur. Eyni zamanda kimya bölməsində də təhsil alan Müfidə Küləy, təhsilini Tibb fakültəsində davam etdirmək istəyirdi. 1921-ci ildə Səbihə Süleyman və İffət Naim (Çağlar) ilə birlikdə Tibb fakültəsinə müraciət edib qeydiyyatdan keçsə də, qız tələbələrin qəbuluna qarşı çıxan bir müəllimin şikayəti səbəbindən Müfidə və rəfiqələri dərslərə buraxılmadı. 1922-ci ildə on qız rəfiqəsi ilə birlikdə yenidən müraciət edərək qeydiyyata alınaraq, dərslərə qatıla bildi. 1928-ci ildə Darülfünunun Tibb fakültəsindən məzun oldu.

Tibb təhsili aldığı müddətdə "məcburi məmuriyyət" tıyinatı ilə Üsküdar Qız Sənət Məktəbində "Malumatı-Fənni"ndən dərs vermişdir. 1 sentyabr 1929-cu ildə müəllimlik fəaliyyətini dayandıraraq, Tibb Fakültəsinin İkinci Daxili Xəstəliklər Klinikasında assistent olaraq çalışmışdır. Bir il sonra həmin klinikada baş assistent vəzifəsinə yüksəlmiş, 1930-cu ildə "Tibb fakültəsi Məcmusunda" "Dr.Fatma Kazım-Assistent" imzası ilə ilk məqaləsi dərc olunmuşdur. 1933-cü ildə "mütəxəssis" adını alaraq, Kadıköydə özəl müayinəxanasını açmışdır.

1936–1942-ci illərdə Heydərpaşa Nümunə Xəstəxanasının Daxili Xəstəliklər Klinikasında daxili xəstəliklər mütəxəssisi kimi çalışıb. 1937–1938-ci illərdə Vyana, Berlin, Düsseldorf və Törnşey sanatoriyasında tədqiqatlar aparıb. 1943-cü ildə Tefiq Sağlamın rəhbərlik etdiyi III Daxili Xəstəliklər Klinikasında dosent kimi fəaliyyətə başlayıb. 1952-ci ildə isə professor elmi adını alıb.

1960-cı il çevrilişi zamanı vəzifəsindən uzaqlaşdırılan Küləy, iki il sonra — 27 aprel 1962-ci ildə yenidən öz vəzifəsinə qayıtdı. 1963-cü ildə İstanbul Universiteti Tibb fakültəsinin Daxili Xəstəliklər Klinikasında Qastroenterologiya bölməsini yaradaraq ona rəhbərlik etməyə başlayıb. 1973-cü ildə isə təqaüdə çıxıb.

O, 1945-ci ildə Türk Tibb Cəmiyyətinin baş katibi, 1961-ci ildə isə sədri olub. 1949-cu ildə Türk Universitetli Qadınlar Dərnəyinin təsisçi üzvləri arasında yer almışdır.

Küləy, "Zəhərlənmələr", "Həzm sistemi xəstəlikləri", "Daxili xəstəliklərin pəhrizlə müalicəsi" adlı kitabların müəllifidir.

1993-cü ildə İstanbul Universiteti tərəfindən ona fəxri doktor adı verilmişdir. Müfidə Küləy 26 dekabr 1995-ci ildə vəfat etmişdir.

İstinadlar

Kateqoriya:Türkiyə qadın professorları