Akçaqıl dövrü — təxminən 3,5 milyon il əvvəl, gec pliosen dövründə, üçüncülü və dördüncülü dövrlərin sərhədində akçaqıl çöküntülərinin formalaşdığı mərhələ. Bu çöküntülərin qatlarına Şimali Qafqazda, Cənubi Qafqazda, Manqışlaq yarımadasında, həmçinin Volqa vadisi boyu şimalda Kama və Belaya çaylarına qədər uzanan ərazilərdə rast gəlinmişdir. Bəzi yerlərdə həmin təbəqələr müasir dəniz səviyyəsindən 100 metr aşağıda yerləşmişdir.

Akçaqıl dövrü Volqa hövzəsinin geniş şəkildə çökməsi və Xəzər dənizinin şərqə, qərbə (Cənubi Qafqaz vasitəsilə demək olar ki, Tbilisi şəhərinə, Ön Qafqaz vasitəsilə isə Krıma qədər) və şimalda Kama çayının mənsəbinə, Obşiy Sırt yüksəkliyinə, habelə Cənubi Urala qədər uzanan geniş transqressiyası ilə xarakterizə olunmuşdur. Akçaqıl əsrində diapir günbəzləri, palçıq vulkanları və neft yataqları formalaşmağa başlamışdır. Mərkəzi Qobustandakı akçaqıl çöküntüləri arasında qalınlığı 10–15 metrə çatan güclü gilli breksiya qatlarına təsadüf edilmişdir. Palçıq vulkanlarının püskürmə fəaliyyətinin başlanğıcı akçaqıl dövründə Qafqazın həqiqi vulkanlarının aktiv fəaliyyəti ilə üst-üstə düşmüşdür ki, buna da akçaqıl çöküntüləri arasında tez-tez rast gəlinən vulkan külü qatları sübut olmuşdur.

Mənbə İstinadlar

Ədəbiyyat

Kateqoriya:Pliosen