Məhəmməd Əbdürrəşid ən-Numani (; ) — pakistanlı mühəddis.

Bioqrafiyası 1915-ci ilin sentyabr ayında Caypur şəhərində anadan olmuşdur.

İlk təhsilini atasından və əmisindən aldıqdan sonra təhsilini Təlimül-İslam mədrəsəsində, Pəncap Universitetində və Darul-Ülum Nədvətül-üləmada davam etdirmişdir. Həmçinin Qədirbəxş əl-Bədaunidən, Heydər Həsən Xan ət-Tunkidən hədis, təfsir və təsəvvüf dərsləri almışdır.

O, Heydərabada getmiş və Heydər Həsən Xanın böyük qardaşı Mahmud Həsən Xanın yanında dörd il qalaraq ona "Mucəmül-müsənnifin" adlı əsərin yazılmasında köməklik göstərmişdir.

Ardınca dərs demək və əsər yazmağa başlayan Numani 1942–1947-ci illərdə Dehlidəki Nədvətül-müsənnifin təşkilatında üzv kimi çalışmış, 1947-ci ildən sonra isə Pakistana köçmüşdür.

1949–1976-cı illərdə ardıcıl olaraq Tando Allahyardakı Darül-Ülumil-İslamiyyə, Kəraçidəki Cəmiətül-ülumil-İslamiyyə və Bahavalpurdakı əl-Cəmiətül-İslamiyyə müəssisələrində hədis, fiqh, nəhiv və məntiq sahələrində dərslər demiş və həmçinin müxtəlif inzibati vəzifələrdə çalışmışdır.

1976–1992-ci illərdə Məhəmməd Yusif Benurinin istəyi ilə Cəmiətül-ülumil-İslamiyyədə hədis ixtisas bölməsində dərs demiş və elmi rəhbərlik (məsləhətçilik) etmişdir.

Əbdürrəşid ən-Numani 12 avqust 1999-cu ildə Kəraçidə vəfat etmişdir.

O, "Lüğətül-Quran", "Mətəməssü ileyhil-xacə li-mən yutəliu Sünənə İbn Macə", "İbni-Macə or Elmi-Hədis", "ət-Təqibət aləd-Dirəsət", "ət-Təliqət alə Zəbbi zübəbətid-Dirəsət", "ət-Təlikul-qövm alə Müqəddiməti-Kitabit-Təlim", "Məkanətül-İmamil-Əzəm Əbi Hənifə fi elmil-hədis" (bu əsəri Azərbaycan dilinə tərcümə edilmişdir) və başqa əsərlərin müəllifidir.

Tənqidlər Əbu Hənifənin əsərləri və müsnədləri haqqında dərin biliyə malik olan Əbdürrəşid ən-Numani, hədis elmində hənəfi məzhəbinin üsullarının nəzərə alınmasının vacibliyi üzərində durmuş, İbn əs-Salah və İbn Həcər əl-Əsqəlani tərəfindən irəli sürülmüş bəzi fikirlərin tənqid edilə biləcəyinə diqqəti cəlb etmişdir. Bu səbəbdən də o, bəzi müasirləri tərəfindən hənəfiliyə qarşı təəssübkeşlik (məzhəb təəssübü) göstərməkdə ittiham olunmuşdur.

Həmçinin bax

Hənəfilərin siyahısı

İstinadlar Kateqoriya:Mühacir xalqı

Kateqoriya:Hənəfilər