Kateqoriya:Binəqədi rayonu Kateqoriya:2026-cı ildə Azərbaycan Kateqoriya:Azərbaycandakı hadisələr
Hadisənin gedişatı Hadisə 6 fevral 2026-cı il tarixində, səhər saat 09:00 radələrində Bakı şəhəri, Binəqədi rayonunda yerləşən özəl “İdrak” liseyində baş vermişdir. Təhsil müəssisəsinin 10-cu sinif şagirdi Əli Şirinov atasına məxsus ov tüfəngini gizli şəkildə məktəb binasına daxil etmişdir. O, dərs başlamazdan əvvəl liseyin sanitariya qovşağına keçərək üzərindəki geyimi dəyişmiş və hərbi/xaki üslublu geyim geyinmişdir. Daha sonra sinif otağına yönələn şagird yanında gətirdiyi odlu silahdan riyaziyyat müəllimi Şəhla Kamilovaya atəş açmışdır. Hadisədən dərhal sonra şagird hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılmış və cinayətdə istifadə olunan silah müsadirə edilmişdir. Hücum nəticəsində boyun nahiyəsindən ağır xəsarət alan müəllim dərhal xəstəxanaya çatdırılmışdır.
İstintaq və hüquqi proses
Əli Şirinov barəsində Hadisədən dərhal sonra hüquq-mühafizə orqanları tərəfindən saxlanılan 10-cu sinif şagirdi Əli Şirinov barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində cinayət işi başlanılmışdır. 7 fevral 2026-cı il tarixində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İstintaqın gedişində Əli Şirinova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (Xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) maddəsi ilə yekun ittiham elan olunmuşdur. Məhkəmə-psixiatrik ekspertizasının rəyinə və toplanmış sübutlara əsasən, iş baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. Müalicə müddətindən sonra zərərçəkən müəllim Şəhla Kamilova şagirdini bağışladığını və ona qarşı her hansı şikayətinin olmadığını bildirərək rəsmi ərizəsini hüquq-mühafizə orqanlarına təqdim etmişdir.
Samir Şirinov barəsində Hadisədə istifadə olunan ov tüfənginin yetkinlik yaşına çatmayan şagirdin əlinə keçməsi ilə bağlı həyata keçirilən istintaq tədbirləri çərçivəsində onun atası Samir Şirinov da hüquqi məsuliyyətə cəlb olunmuşdur. Aparılan araşdırmalar zamanı S.Şirinovun mülki silahın saxlanılması və mühafizəsi qaydalarını pozduğu, nəticədə silahın yetkinlik yaşına çatmayan övladı tərəfindən icazəsiz götürülməsinə şərait yaratdığı müəyyən edilmişdir. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Samir Şirinov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 230-cu (Odlu silahı diqqətsiz saxlama) maddəsi ilə təqsirli bilinmişdir. Məhkəmənin hökmünə əsasən, onun barəsində aylıq qazancından 20 faiz tutulmaqla 2 il müddətinə islah işləri cəzası kəsilmişdir.
Müəllimin vəziyyəti İnsident zamanı xəsarət alan riyaziyyat müəllimi Şəhla Kamilova dərhal tibbi müəssisəyə yerləşdirilmiş və cərrahi əməliyyat olunmuşdur. Həkimlərin müdaxiləsi nəticəsində onun boyun nahiyəsindən 16 ədəd qırma kənarlaşdırılmış, müalicə kursundan sonra səhhəti stabilləşərək evə buraxılmışdır. Müalicə dövrü başa çatdıqdan sonra Ş.Kamilova hüquq-mühafizə orqanlarına rəsmi ərizə ilə müraciət edərək, hadisəni törədən 10-cu sinif şagirdi Əli Şirinova qarşı heç bir şikayətinin və tələbinin olmadığını, onu bağışladığını bildirmişdir. Hadisədən bir süre sonra o, "İdrak" liseyindəki pedaqoji fəaliyyətini dayandıraraq işindən ayrılmışdır.
Nəticəsi və cəmiyyətdəki reaksiya
İctimai reaksiya və sosial şəbəkələr İdrak liseyində baş verən silahlı insident ölkə ictimaiyyətində, təhsil camiəsində və sosial mediada geniş rezonans doğurmuşdur. Hadisədən dərhal sonra özəl və dövlət orta təhsil müəssisələrində təhlükəsizlik tədbirlərinin yetərliliyi, məktəblərə kənar əşyaların və silahların keçirilməsinə nəzarət mexanizmləri ictimaiyyət tərəfindən geniş müzakirə olunmuşdur. İnsident sosial şəbəkələrdə, xüsusilə "TikTok" platformasında sürətlə yayılmışdır. İstifadəçilər tərəfindən şagird Əli Şirinovun şəxsi hesabı, onun platformadakı bəyənmələri, şəkilləri və "repost" etdiyi (yenidən paylaşdığı) videolar üzə çıxarılaraq təhlil edilmişdir. Araşdırmalar zamanı şagirdin paylaşımlarında və bəyənmələrində 2018-ci ildə Kerç Politexnik Kollecində kütləvi qətliam törətmiş Vladislav Roslyakova həsr olunmuş video və məzmunların üstünlük təşkil etdiyi müəyyən edilmişdir. Bu detallar sosial mediada, psixoloqlar və təhsil ekspertləri arasında fəal müzakirələrə yol açmışdır. Mütəxəssislər yeniyetmələrin virtual aləmdəki davranışları, kütləvi hücum törədənlərə göstərilən maraq və rəğbət, eləcə də sosial şəbəkələrin yeniyetmə psixologiyasına və aqressiv davranışlarına təsiri məsələlərini xüsusi qabartmışdırlar.
İstinadlar