Maşxan kənd məscidi — Astara rayonunun Maşxan kəndində tikilmiş məscid. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə məscid yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb.

Haqqında Məscid 1905-ci ildə Maşxan kəndində tikilib. İnşa tarixi məscidin giriş qapısının sol tərəfində yerləşən lövhədə qeyd olunub.

Qırmızı kərpicdən tikilən məscidin damı isə kirəmitlə örtülüb. Kişi və qadın hissələrinə bölünmüş məscidin içərisində ümumilikdə 153 nəfər ibadət edə bilər. Günbəzi və minarəsi yoxdur. Tavanı taxtadandır və sütunlar üzərində dayanıb. Üç qapısı və yeddi pəncərəsi var. Pəncərələr şəbəkəlidir və tağvari formaya malikdir. İbadət zalında minbər və mehrab var.

Sovet işğalından sonra 1928-ci ildə Azərbaycanda rəsmi olaraq dinlə mübarizəyə başladılar. Bir çox məscid, kilsə və sinaqoqlar maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verildi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Maşxan məscidi də bu dövrdə fəaliyyətini dayandırıb və 1989-cu ilə qədər məscidin binasından anbar kimi istifadə olunub.

Azərbaycan müstəqilliyini yenidən bərpa etdikdən sonra məscid dindarların istifadəsinə verilib. 2 avqust 2001-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin verdiyi 132 nömrəli qərar ilə məscid, yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Məsciddə Maşxan kənd məscidi dini icması fəaliyyət göstərir.

Mənbə

İstinadlar

Ədəbiyyat

Kateqoriya:Astara rayonunun məscidləri