Fətəvayi-Hindiyyə () — Hənəfi məzhəbinin görüşlərinin cəmləndiyi məcmuə.
Əsər Əsərin əsl adı "əl-Fətəval-Aləmgiriyyə" olsa da, əsər Hindistandan xaricdə "Fətəvayi-Hindiyyə" adlandırılır.
Məcmuə sultan Övrəngzibin əmri ilə tərtib olunmuşdur. Övrəngzib ədalətin bölüşdürülməsində (tətbiqində) səmərəliliyi artırmaq məqsədilə fiqh kitablarında pərakəndə halda mövcud olan güclü rəylərin qəza və fətvaya əsas olacaq şəkildə təsnif edilərək sistemləşdirilməsini əmr etmiş və bu məqsədlə xüsusi bir heyət yaradılmışdır. Əsər Şeyx Nizam Burhanpurinin sədrliyi ilə, onun rəhbərliyi altında on nəfərlik qruplarla çalışan dörd köməkçisi — Şeyx Vəcihəddin, Şeyx Cəlaləddin Məhəmməd, Qazı Məhəmməd Hüseyn və Molla Həmiddən ibarət alimlər heyətinin birgə fəaliyyəti nəticəsində 1664–1672-ci illər arasında qələmə alınmışdır.
Bu işdə iştirak edənlər arasında Şah Vəliyullah əd-Dəhləvinin atası Şah Əbdürrəhim də var idi. Səltənəti dövründə İslam prinsiplərini tətbiq etməyə və sünnəni dirçəltməyə çalışan, şəxsi həyatında da dindar bir şəxs olan Sultan Övrəngzibin bu işlərə şəxsən nəzarət etdiyi və əsərin hazırlanması üçün 200 min rupi məbləğində vəsait xərcləndiyi qeyd olunur. Əsər tamamlandıqdan sonra sultanın əmri ilə dövlətin rəsmi qurumları tərəfindən tətbiq edilməyə başlanmışdır.
Fətəvayi-Hindiyyə Hənəfi məzhəbinə dair bir çox mənbədən seçilərək ərsəyə gəlmişdir. Əsərin tərtibində "əl-Hidayə" nümunə kimi götürülmüşdür. Əsər qələmə alınarkən, fətva üçün üstün tutulan və qüvvətli rəvayətlərə əsaslanan görüşlər seçilmiş, zəif rəvayətlərə (nəvadir) əsaslanan görüşlərə isə məsələnin cavabı "Zahirür-Rəvayə"də olmadıqda və ya "fətva işarəsi"nə malik olduğu hallarda yer verilmişdir. Hökmlər orginal mətnlərilə və mənbə göstərilərək verilmiş, zərurət olmadıqca mətnlər dəyişdirilməmişdir. Dəyişdirilmiş mətnlər haqqında məlumatlar isə müqədddimədə qeyd olunmuşdur. Əsərdə digər məhzəblərin görüşlərinə yer verilməmiş, təkrarlanma və təfərrüatdan qaçınılmışdır. Əsərdə bəzi istisnalar olmaqla hökmlərin dəlilləri təqdim edilməmişdir.
"Əl-Aləmgiriyyə"yə "Fətəva" adı verilmiş olmasına rəğmən əsər Osmanlı fətva kitabları kimi olmayıb, özündə ümumi fiqhi hökmləri ehtiva edir.
"Əl-Aləmgiriyyə"nin bir çox kitabxanalarda əlyazma nüsxələri mövcuddur. Əsər müxtəlif dillərə (farsca, urduca və s.) tərcümə edilərək müxtəlif yerlərdə nəşr edilmişdir (Kəlkəta: 1827–1832, London: 1850, Ankara: 1984–1988 və s.).
Həmçinin bax Sünni kitablarının siyahısı
İstinadlar Kateqoriya:Sünni ədəbiyyatı