Seyid Qasım Qubavi () — Azərbaycanda Xəlvətiyyə təriqətinin sonuncu böyük nümayəndəsi, din xadimi və mürşid. O, məşhur təsəvvüf alimi Yusif Müskürinin nəslindəndir.

Həyatı Seyid Qasım Qubavi XVIII əsrdə Quba xanlığında anadan olmuşdur. O, bölgənin tanınmış seyid ailələrindən birinə mənsub idi və şəcərəsi birbaşa Şeyx Yusif Müsküriyə bağlanırdı.

XIX əsrin birinci yarısında Rusiya imperiyasının bölgəni işğal etməsi və mənəvi mühitin daralması səbəbindən Seyid Qasım Osmanlı imperiyasına, İstanbula hicrət etmək məcburiyyətində qalmışdır. İstanbulda yaşadığı müddətdə Seyid Qasım təsəvvüf fəaliyyətini davam etdirmişdir. Tarixi mənbələrə (xüsusilə Hüseyn Vassafın "Səfinə-i Övliya" əsərinə) əsasən, o, İstanbulun Taşkasap məhəlləsində yerləşən Zeyn-i Səadət dərgahında şeyxlik etmişdir. O, Xəlvətiyyə təriqətinin Şəmsiyyə qoluna (Şəmsəddin Sivasiyə bağlı qol) mənsub bir mürşid kimi tanınmışdır. Azərbaycandakı sonuncu böyük Xəlvəti şeyxi hesab olunur.

Mənəvi irsi və möhürü Seyid Qasım Qubavinin mənəvi irsinin bir hissəsi ailə üzvləri tərəfindən qorunub saxlanılmışdır. Xaçmazın Xudat bölgəsində, Seyidlər kəndində yaşayan nəvəsi Ramiz Əliyevin arxivində şeyxə aid olan "Virdü-Səttar" (Xəlvətilərin gündəlik duaları) kitabı mövcuddur. Həmin kitabın üzərindəki möhürdə şeyxin tam künyəsi və mənşəyi belə qeyd olunub:"Hadimu’l-fukara, ahkaru’l-vera’ an evladı Yusuf-u Mahdum es-Seyyid, el-Hac eş-Şeyh Kasım Kubadi Postnişin-i Şemseddin Sivasi Halveti"

Tərcüməsi: "Fəqirlərin xidmətçisi, məxluqatın ən aşağısı, Şəmsəddin Sivasi Xəlvətinin dərgah rəhbəri, Seyid Yusif Məhdum nəslindən möhtərəm seyid, hacı, şeyx Qasım Qubadi."

İstinadlar

Kateqoriya:İslam alimləri Kateqoriya:Azərbaycanlı din adamları Kateqoriya:Azərbaycanlı filosoflar Kateqoriya:Azərbaycan filosofları Kateqoriya:Xəlvətilik Kateqoriya:Xəlvətiyyə şeyxləri Kateqoriya:Övliyalar Kateqoriya:Sufilər Kateqoriya:Seyidlər Kateqoriya:Azərbaycan sufiləri