Əmrə Arolat (; ) — türk memarı.
Onun şəhərsalma planlamasından hava limanlarına, mədəni binalardan iş yerlərinə qədər bir çox sahədə dizaynları vardır. O, çoxsaylı milli və beynəlxalq memarlıq mükafatlarına layiq görülüb. Sancaqlar məscidi, Dalaman Hava Limanı, Berqama Mədəniyyət Mərkəzi, Antakya Muzey oteli, Zorlu Mərkəzi, ODTU Araşdırma Mərkəzi və İstanbul Rəsm və Heykəl Muzeyi onun memarlıq layihələrindəndir.
Həyat və fəaliyyəti 1963-cü ildə anadan olmuş Əmrə Arolatın anası memar Şazimənt Arolat, atası isə memar Nəşətt Arolatdır. Əmisi oğlu isə Mətin Arolatdır.
O, 1982-ci ildə Qalatasaray Liseyini, 1986-cı ildə isə Memar Sinan İncəsənət Universitetinin Memarlıq fakültəsini bitirib. Məzun olduqdan sonra ABŞ-yə gedən Əmrə təxminən bir il Vaşinqtonda bir memarlıq firmasında çalışıb. 1992-ci ildə Memar Sinan İncəsənət Universitetinin Memarlıq fakültəsində magistr dərəcəsinə yiyələnib.
1987-2004-cü illər arasında o, Arolat Memarlıq şirkətində öncə dizayner-memar, daha sonra isə şirkətin ortağı olmuşdur. 2004-cü ildə o, Qonca Paşolar ilə birlikdə Emre Arolat Architects (EAA) memarlıq ofisini qurdu və burada memarlıq layihələrini hazırlamağa davam etdi. Onun layihələri çoxsaylı mükafatlara layiq görülüb. 1992, 2000 və 2002-ci illərdə qazandığı dörd Milli Memarlıq mükafatı və 2000-ci ildə Təpə Memarlıq Mədəniyyət Mərkəzi tərəfindən verilən "Memarlıqda Yeni Axtarışlar mükafatı" onun aldığı çoxsaylı mükafatlardan bəziləridir. 1999-cu ildə Bünyamin Dərman ilə birlikdə hazırladığı layihə, Dövlət Hava Limanları İdarəsi tərəfindən Dalaman Hava Limanı Beynəlxalq Terminal binası üçün açılan memarlıq müsabiqəsində birinci yerin qalibi oldu. Emre Arolat Architects tərəfindən həyata keçirilən layihə nəticəsində terminal binası 2006-cı ildə açıldı. Bu layihə, Architectural Review jurnalı tərəfindən təşkil edilən və 45 yaşdan kiçik memarlara tamamladıqları binalara görə verilən "Yeni memarlıq üçün AR mükafatları" çərçivəsində təqdir edilən yeddi layihədən biri idi. Arolat layihənin istehsal prosesini "Dalaman Hava Limanı" (2007) kitabında yazmışdı.
2004-cü ildə tamamlanan Antalyadakı Minicity Model Parkmlayihəsi, 2008-ci ildə "AR Awards for Emerging Architecture" mükafatlarından "Təqdirəlayiq" mükafatına layiq görüldü. "Minicity Model Park" layihəsi, iki ildən bir keçirilən "Avropa Birliyi Myes van der Roh" mükafatında "İnkişaf etməkdə olan memar" kateqoriyasında namizəd göstərildi və Türkiyədən bu mükafata namizəd göstərilən ilk layihə oldu.
2006-cı ildə o, İstanbulda "...müqayisədə" adlı sərgi keçirdi. Bu sərgidə o, üzərində işlədiyi yüzdən çox layihədən seçilmiş 28 layihəsini sərgilədi.
Arolat tərəfindən layihələndirilən və 2005-2006-cı illər arasında Ədirnədə inşa edilən İpəkyol Tekstil fabriki, 2010-cu ildə "Ağa xan Memarlıq" mükafatını alan beş layihədən biri və mükafatı qazanan ilk sənaye binası oldu.
Arolatın 2007-ci ildə Kağıthanədə layihələndirdiyi "Təkfən Kağıthanə ofis" layihəsi, Britaniya memarlıq jurnalı The Architectural Review tərəfindən "MIPIM Daşınmaz Əmlak" sərgisi ilə əməkdaşlıqda təşkil edilən 2009-cu il "MIPIM AR Gələcək layihə" mükafatlarında "Ofis binaları" kateqoriyasında həvəsləndirici mükafatına layiq görüldü. Milas Ağaoğlu Qolf oteli də həmin il "Pərakəndə və İstirahət binaları" kateqoriyasında həvəsləndirmə mükafatına layiq görüldü. Arolat, Murat Tabanlıoğlu ilə birlikdə həyata keçirdiyi layihə ilə 2007-ci ildə "Zorlu Mərkəzi Memarlıq və Şəhər Dizaynı" müsabiqəsi ndə qalib gəldi. Bu layihə 2011-ci ildə keçirilən "9-cu MIPIM AR Gələcək layihə" mükafatlarında "Canlandırma və Baş Planlaşdırma" kateqoriyasında həvəsləndirici mükafata layiq görüldü. "Varyap Mərkəz Alış-veriş və Mədəniyyət Mərkəzi" layihəsi üçün "Pərakəndə və İstirahət binaları" kateqoriyasında ikinci həvəsləndirici mükafata layiq görüldü.
2011-2013-cü illər arasında Böyükçəkməcədə yeraltında inşa edilən və klassik məscid memarlığından fərqli formaya malik Sancaqlar məscidinə görə də çoxsaylı mükafatlar qazanıb. 2013-cü ildə məscid Dünya Memarlıq Festivalında "Tamamlanmış dini bina" kateqoriyasında birinci yeri qazanıb. Məscid layihəsi 2018-ci ildə dünyanın ən yaxşı yeni binalarını kəşf etmək və mükafatlandırmaq üçün Britaniya Memarlar İnstitutu (RIBA) tərəfindən təşkil edilən müsabiqədə "Beynəlxalq Mükəmməllik" mükafatına layiq görülən iyirmi layihə arasında yer alıb.
2012-ci ildə Arolat, "Fəlakət" adlı sərginin kuratorluğu ilə ilk İstanbul Dizayn Biennalesinin həmkuratoru olmuşdu.
Əmrə Arolat 2013-cü ildə Britaniya Memarları Kral İnstitutunun (RIBA) üzvü oldu. 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatı, UNESCO və Beynəlxalq Memarlar İttifaqının nəzarəti altında fəaliyyət göstərən və sıralarına 150 "professor" təyin edə bilən Beynəlxalq Memarlıq Akademiyası tərəfindən "professor" adına layiq görüldü.
2017-ci ildə "Ağa Xan Memarlıq" mükafatı İcra Komitəsinin üzvü olub. 2019-cu ildə Amerika Memarlar İnstitutu (AIA) tərəfindən fəxri üzv seçilib.
1998-ci ildən bəri Yel Memarlıq Məktəbində (Konnektikut, ABŞ), Berlagedə (Delft, Hollandiya), Mimar Sinan Gözəl Sənətlər Universitetində, Yıldız Texniki Universitetində, Yedditəpə Universitetində, Bilgi Universitetində, Kültür Universitetində və Uludağ Universitetində studiya direktoru vəzifəsində çalışıb.
İstinadlar
Kateqoriya:Qalatasaray liseyinin məzunları Kateqoriya:Türkiyə memarları Kateqoriya:Orta Şərq Texniki Universitetinin müəllimləri