Soma kömür mədənində baş verən fəlakət - 13 may 2014-cü ildə Türkiyənin Manisa əyalətinin Soma rayonundakı kömür mədənində baş verən yanğın nəticəsində 301 mədənçinin ölümü ilə nəticələnən mədən qəzası idi. Fəlakət Türkiyə Respublikası tarixində ən ölümcül sənaye və mədən qəzası. Qəzanın Soma Holdinqin törəmə şirkəti olan Soma Kömür Mədən A.Ş. tərəfindən idarə olunan mədəndə elektrik avadanlıqlarından qaynaqlandığı ehtimal edilir. Yanğın növbə dəyişikliyi zamanı baş vermiş və partlayış zamanı 787 işçi torpağın altında qalmışdır. 17 may 2014-cü ildə ümumilikdə 301 nəfərin həyatını itirdiyi və içəridə heç kimin qalmadığı üçün xilasetmə əməliyyatlarının başa çatdığı açıqlandı.
Türkiyədə mədənçilər 2013-cü ilin sonunda ölkədəki təhlükəli iş şəraitinə etiraz etdilər və Türkiyə Böyük Millət Məclisi fəlakət baş verməzdən cəmi iyirmi gün əvvəl sözügedən mədənin təhlükəsizliyinin araşdırılması təklifini rədd etmişdi. Fəlakətdən sonra Türkiyədə üç günlük milli matəm elan edildi. İctimaiyyət faciəyə müxtəlif cür reaksiya verdi və Baş nazir Rəcəb Tayyib Ərdoğan Somada etirazlarla qarşılandı. Bundan əlavə, Şimali Kipr Türk Respublikasında iki günlük, Pakistanda isə bir günlük milli matəm elan edilmişdi.
Arxa plan Təhlükəsizlik səviyyəsinin aşağı olması səbəbindən mədən qəzalarının tez-tez baş verdiyi Türkiyədə rəsmi statistikaya görə, 1941-ci ildən bəri 3000-dən çox mədənçi qəzalarda həyatını itirib. 2012-ci ildə mədənlə əlaqəli qəzalarda 78 mədənçi, 2013-cü ildə isə 95 mədənçi həlak olub. Bu qəzaya qədər Türkiyə mədənçilik tarixində ən ölümcül qəza 1992-ci ildə baş verən Kozlu kömür mədənində baş verən fəlakət olub və nəticədə 263 mədənçi həlak olub.
2013-cü ilin noyabr ayında Zonquldakda yüzlərlə mədənçi işlədikləri mədənin içərisində barrikadalar quraraq iş şəraitlərinə etiraz etdilər.
2013-cü ilin oktyabr ayında Respublika Xalq Partiyasının millət vəkilləri tərəfindən hazırlanmış və Milliyyətçi Hərəkat Partiyası və Sülh və Demokratiya Partiyasının millət vəkilləri tərəfindən dəstəklənən, 60 millət vəkilinin imzası ilə Somadakı mədən qəzalarını araşdırmaq üçün parlament istintaq komitəsinin yaradılmasını təklif edən parlament təklifi 29 apreldə Türkiyə Böyük Millət Məclisinin gündəliyinə gətirildi, lakin Ədalət və İnkişaf Partiyasının millət vəkillərinin səsləri ilə rədd edildi.
Soma Eynez bölgəsindəki mədən 2009-cu ilin sentyabr ayında Ciner Qrupundan Soma Coal Enterprises Inc. tərəfindən satın alınıb. Əmək və Sosial Təminat Nazirliyinin açıqladığı məlumata görə, Soma Coal Enterprises Inc. 2012-ci ildə iki dəfə, 2013-cü ildə iki dəfə və 13, 14, 17 və 18 mart 2014-cü il tarixlərində əməyin mühafizəsi və təhlükəsizliyi baxımından yoxlanılıb və heç bir qanunvericiliyin pozulması aşkar edilməyib. Bildirilib ki, 25 iyul 2013-cü ildən bəri iş yerində 9 əməyin mühafizəsi üzrə mütəxəssis və 3 iş yeri həkimi çalışır.
Energetika naziri Taner Yıldız 2013-cü ilin iyul ayında eyni şirkətin fərqli bir mədənin açılışını etmiş və bunun nümunəvi bir əməliyyat olduğunu bildirmişdir.
Qəza və xilasetmə əməliyyatları thumb|244x244px|Soma Coal Enterprises Inc.-ə məxsus mədənin ventilyasiya(havalandirma) girişi. Kömür mədənində növbə dəyişikliyi zamanı təxminən saat 15:10-da 787 işçinin olduğu mədənin girişindən 400 metr aşağıda yanğın baş verdi. Hadisənin elektrik panelindən qaynaqlandığı düşünülür. Mədənin 2 kilometr dərinliyində, çıxışa yaxın olan işçilər çıxmağı bacardılar. Lakin yanğın səbəbindən təxminən 300 işçi 800 metr dərinlikdə ilişib qalmışdı. Yanğın nəticəsində mədənin ətrafı zəhərli tüstü ilə dolmuşdu.
Elektrik kəsilməsi səbəbindən mədəndə liftlər işləməyib. Əvvəlcə yaxınlıqdakı mədəndən xilasetmə qrupu xilasetmə əməliyyatına başlayıb. Ətraf əyalətlərdən gücləndirilmiş qüvvələrlə birlikdə xilasetmə işlərinə ümumilikdə 27 təcili yardım maşını, 3 xilasetmə qrupu və 1 vertolyot cəlb edilib. Hadisəni eşidən işçilərin qohumları mədənə gəliblər. Xilas olmağı bacaran təxminən 30 işçi xəstəxanaya yerləşdirilib. İşçilərin köməksiz qaldığı qalereyalara təmiz hava verilib. Bu vaxt Mədən İşçiləri Həmkarlar İttifaqının Egey Bölgəsi şöbəsinin rəhbəri Tamer Küçükgençay belə bir açıqlama verib: "Yanğın mümkün qədər tez söndürülməlidir. İşçilərə təmiz hava təmin etmək üçün də işlər görülür. Mədənə təmiz hava vurulur. Yanğın içəridəki oksigeni tükəndirdiyindən işçilər çətinlik çəkirlər. Onların əleyhqazları var, amma onların da ömrü məhduddur."
Fəlakət və Təcili Yardım İdarəetmə Mərkəzi saat 23:00 radələrində ölənlərin sayının 17, yaralıların sayının isə 11 olduğunu bildirdi. Manisa meri Cengiz Ergün ölənlərin sayının 157 olduğunu açıqlayıb. Səhər saat 03:20-də Enerji naziri Taner Yıldız ölənlərin sayının 166, yaralıların sayının isə 80 olduğunu bildirib və ölənlərin sayının artmasından narahat olduqlarını əlavə edib. Nazir Yıldız qəzada ölən işçilərin yanıqlardan deyil, yanğının yaratdığı karbonmonoksit zəhərlənməsindən öldüklərini bildirib.
14 may 2014-cü il tarixində, saat 10:30 radələrində Taner Yıldız ölənlərin sayının 205-ə çatdığını, ən çox işçinin öldüyü bir fəlakətə doğru irəlilədiklərini və ölənlərin sayının yaxın saatlarda arta biləcəyini bildirdi. Mədən Mühəndisləri Palatasının keçmiş prezidenti Mehmet Torun CNN Türk- də canlı yayımda mədəndən 250 işçinin cəsədinin çıxarıldığını, 150 işçinin hələ də aşağıda qaldığını və hadisənin səbəbinin transformatorla əlaqəli olmadığını iddia etdi. left|thumb|Jandarma Komando Axtarış və Xilasetmə qrupları və çevik hərəkət polisləri Mədən qəzasında həyatını itirən 17 işçinin meyitinin ekspertizası ölüm səbəbinin karbonmonoksit zəhərlənməsi olduğunu bildirdi. Energetika naziri Taner Yıldız 15 may axşam saatlarında ölənlərin sayının 283-ə çatdığını açıqladı Soma Kömür Mədən Şirkəti 15 may gecəsi baş verən hadisə ilə bağlı aşağıdakı açıqlamanı verdi: "Təəssüf ki, müəssisəmizdə misli görünməmiş və mühəndislik və texniki baxımdan izaholunmaz bir yanğın baş verdi. Bütün təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, normaldan daha sürətli yayılan yanğının səbəbi ətraflı araşdırmadan sonra məlum olacaq."
16 may tarixində Soma Holdinq İdarə Heyətinin sədri Alp Gürkan mətbuat konfransı keçirdi. Gürkan qəzanın səbəbinin transformator partlaması deyil, 140 nömrəli kodda dördüncü konveyer lentində aşkarlanması mümkün olmayan həddindən artıq istiləşmə və nəticədə yaranan sürətli hava axını səbəbindən kömür közlərinin alovlanması nəticəsində yaranan yanğın olduğunu bildirdi. O, həmçinin qəza yeri ilə transformator arasında 400 metr məsafə olduğunu qeyd etdi. Energetika naziri Taner Yıldız mədəndə ən çox 18 işçi qaldığını və yeddi və ya üç nəfərlik qruplarda cəmi 530 xilasetmə işçisinin işlədiyini bildirdi. Yıldız içəridəki yanğının azalmasına baxmayaraq, hələ də davam etdiyini və söndürmə işlərinin davam etdirildiyini söylədi və ölənlərin sayının 302-ni keçməyəcəyini təxmin etdiyini əlavə etdi. 17 mayda nazir Yıldız mətbuat açıqlamasında fəlakətdə ümumilikdə 301 işçinin həyatını itirdiyini və 485 işçinin xilas edildiyini bildirdi. Elə həmin tarixdə Əmək və Sosial Təminat naziri Faruk Çelik mətbuata açıqlama verərək mərhumun ailələrinə 415 ₺ məbləğində birdəfəlik dəfn yardımı ödənişinin ediləcəyini bildirdi. O, həmçinin Əmək və Sosial Təminat Nazirliyinin müfəttişlərinin mədəndə araşdırmalara başladığını da açıqladı.
Qəzadan 11 ay sonra, 13 aprel 2015-ci ildə, ilk dinləmə tarixində, qəza gününün təhlükəsizlik kamerası görüntüləri mətbuatda dərc edildi.
Məhkəmə mərhələsi Akhisar Cumhuriyət Prokurorluğu tərəfindən başladılan istintaq çərçivəsində 8 nəfər həbs olunaraq həbsxanaya göndərilib. 37 nəfər həbs olunmadan mühakimə olunmaq üçün sərbəst buraxılıb. Qəzada həyatını itirən 301 işçinin "qurban", ölən işçilərin birinci dərəcəli qohumları olan 214 nəfərin "şikayətçi", tüstüdən təsirlənən 161 işçinin isə "qurban şikayətçi" kimi qeyd edildiyi iddianamə hazırlanıb. 25 noyabr 2014-cü ildə Akhisar Ağır Cinayət Məhkəməsi "qurbanların və şahidlərin ifadələrinin natamam alınması və şübhəlilərə qarşı irəli sürülən ittihamlarla bağlı dəlillərin kifayət qədər dəqiqləşdirilməməsi" səbəbindən ittihamnaməni yenidən baxılması üçün prokurorluğa geri göndərib. Yenidən işlənmiş ittiham aktı 26 fevral 2015-ci ildə Akhisar Ağır Cinayət Məhkəməsinə geri göndərildi Çatışmazlıqları aradan qaldırılmış sənəd 2 mart 2015-ci ildə Akhisar Ağır Cinayət Məhkəməsi tərəfindən qəbul edildi Məhkəmə prosesi 13 aprel 2015-ci ildə 45 təqsirləndirilən şəxsin (8 nəfər saxlanılıb və 37 nəfər azadlığa buraxılıb), 162 zərərçəkmişin, 487 mərhum şikayətçinin və 436 şahidin iştirakı ilə başladı.
Məhkəmələrin keçiriləcəyi yer kimi Somaya ən yaxın ağır cinayət məhkəməsinin yerləşdiyi Akhisar seçildi. Bu iş üçün Akhisar bələdiyyəsinə məxsus Bülent Ciğeroğlu Mədəniyyət Mərkəzi Zalının icarəyə götürüldüyü və məhkəmələrə hazırlıq üçün 1,5 milyon lirə xərcləndiyi açıqlandı. Bu prosesdə təxminən 1000 polis əməkdaşı cəlb edilərək təhlükəsizlik tədbirləri görüldü.
İlk dinləmədə 8 həbsdə olan təqsirləndirilən şəxs təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən məhkəməyə gətirilməyib və saxlanıldıqları Əliağa Şakran Həbsxanasından videokonfrans vasitəsilə əlaqə saxlanılıb. Məhkəmə iclasında mədənçilərin qohumları təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməməsinə etiraz ediblər. Bundan sonra məhkəmə həbsdə olan təqsirləndirilən şəxslərin məhkəməyə gətirilməsi və işin 15 aprelə qədər təxirə salınması barədə qərar qəbul edib
15 apreldə keçirilən məhkəmə iclasında cavabdehlər məsuliyyəti rədd etdilər. Cavabdehlərdən bəziləri texniki avadanlıqların 9 ildir yoxlanılmadığını və iş üçün lazımi təlim keçmədiklərini bildirdilər. Müdafiə tərəfi hadisənin qəfil baş verdiyini iddia etsə də, iddiaçı hadisənin səbəbinin aşağı xərcli, yüksək mənfəətli düşüncə tərzi olduğunu iddia etdi və buna görə məsul olan siyasi və inzibati idarəçilərin də məsuliyyətə cəlb edilməsini tələb etdi.
Məhkəmə prosesi 11 iyul 2018-ci il tarixində keçirilən 22-ci iclasla başa çatdı. Soma Kömür Müəssisələrinin sədri, baş meneceri, əməliyyat meneceri və sədr müavini də daxil olmaqla 14 təqsirləndirilən şəxs həbs cəzası aldı, 37 təqsirləndirilən şəxs isə bəraət aldı. Mədənçilərin qohumları qərarı çox yüngül hesab edərək etiraz etdilər. Təqsirləndirilən şəxslər 301 dəfə mümkün qəsdən ölümə səbəb olmaqda ittiham edildilər. Ali Məhkəmənin Baş Prokurorluğu qərardan apelyasiya şikayəti verdi. Ali Məhkəmənin 12-ci Cinayət Kollegiyası 30 sentyabr 2020-ci ildə qərarı ləğv etdi. Can Gürkan, Ramazan Doğru, Akın Çelik və İsmayıl Adalı qəsdən səhlənkarlıq nəticəsində ölümə səbəb olmaqda ittiham olunaraq həbs cəzasına məhkum edildilər. 9 fevral 2021-ci ildə onlar məhkəməyə qədər azadlığa buraxıldılar. Hazırda həbsdə olan təqsirləndirilən şəxs yoxdur.
Konstitusiya Məhkəməsi 20 yanvar 2020-ci il tarixli qərarı ilə dövlət vəzifəli şəxslər olan bəzi şübhəlilərin istintaqına icazə verilməməsinin yaşamaq hüququnun prosedur aspektinin pozulması olduğunu bildirdi.
Reaksiyalar
Yerli right|thumb|Mədən qəzasının 1-ci ildönümündə etirazçılar, may 2015 Hadisədən sonra Türkiyədə 13 maydan etibarən üç günlük milli matəm elan edildi. Milli matəmlə əlaqədar olaraq ölkə daxilində və xaricdəki diplomatik nümayəndəliklərdə bayraqlar yarıya endirildi və 19 may Atatürkü Anma, Gənclik və İdman Günü şənliklərinin keçirilməməsi qərara alındı. Fəlakətdən sonrakı gün Soma Cumhuriyət Prokurorluğu hadisədə baş verən yanğınla bağlı araşdırma başlatdı. Soma Holdinqin sahibləri Alp Gürkan və İsmət Kasapoğlunun İstanbul Texniki Universitetinin Mədənçilik Fakültəsinin Akademik Məsləhət Şurası üzvlüyündən azad edildiyi bildirildi. Türkiyənin müxtəlif bölgələrində bir çox yerdə dəbilqə və şamlarla anma mərasimləri keçirildi.