Rza Nur (; ) — Osmanlı imperiyasının son dövründə və Türkiyə Cümhuriyyətinin ilk illərində fəaliyyət göstərmiş siyasətçi, həkim və yazıçı. O, həm İkinci Məşrutiyyət dövründə Osmanlı Məclisi-Məbusanının üzvü, həm də Türkiyə Böyük Millət Məclisinin I və II çağırışlarında Sinop millət vəkili olmuş, eyni zamanda bir sıra hökumətlərdə nazir vəzifələrini icra etmişdir. Rza Nur siyasi fəaliyyəti ilə yanaşı, tibb sahəsində və Türkiyə tarixçiliyində də tanınmış simalardan biri hesab olunur.

Tibbi təhsilini Hərbi Tibb Məktəbində alan Rza Nur erkən yaşlarından elmi və peşəkar fəaliyyəti ilə seçilmiş, cərrahiyyə sahəsində professor rütbəsinə yüksəlmişdir. O, Osmanlı ordusunda Albaniya əməliyyatı və Birinci Balkan müharibəsi dövründə həkim kimi xidmət göstərmiş, elmi sünnət mövzusunda yazdığı əsərlə Türkiyədə bu sahənin öncüllərindən biri kimi tanınmışdır. Akademik fəaliyyəti ilə yanaşı, İttihad və Tərəqqi dövründə formalaşan siyasi mühitlə ziddiyyətə düşməsi onun həm karyerasına, həm də həyat yoluna ciddi təsir göstərmişdir.

Siyasi baxımdan Rza Nur Osmanlı imperiyasının süqutu və Türkiyə Cümhuriyyətinin qurulması proseslərində fəal iştirak etmişdir. O, TBMM-də Maarif, Səhiyyə və müvəqqəti olaraq Xariciyyə vəkili vəzifələrində çalışmış, Lozanna Sülh Konfransında Türkiyə nümayəndə heyətinin əsas üzvlərindən biri olmuşdur. Lozannada azlıqlar məsələsi, əhali mübadiləsi və sərhəd müzakirələrində sərt və güzəştə getməyən mövqeyi ilə seçilmiş, bu səbəbdən həm yerli, həm də xarici nümayəndələr tərəfindən mübahisəli fiqur kimi dəyərləndirilmişdir.

Zamanla Mustafa Kamal Atatürk və yeni Cümhuriyyət rəhbərliyi ilə münasibətləri pozulan Rza Nur 1926-cı ildən etibarən mühacirət həyatı yaşamış, əsasən Fransa və Misirdə fəaliyyət göstərmişdir. Bu dövrdə türk tarixi, türkçülük və türkoloji araşdırmalarla məşğul olmuş, çoxcildlik "Türk Tarixi" əsərini və "Həyat və xatirələrim" adlı memuarı qələmə almışdır. Xüsusilə xatirələri Atatürk, İsmət İnönü və Cümhuriyyət elitası haqqında sərt, bəzən də təhqiramiz fikirlərlə seçilmiş və bu səbəbdən Türkiyədə uzun müddət qadağan edilmişdir.

Rza Nurun irsi Türkiyə tarixşünaslığında ziddiyyətli qiymətləndirilir. Bəzi çevrələr onu türkçü düşüncənin və erkən Cümhuriyyət dövrü müxalif fikrinin təmsilçisi kimi təqdim etmişdir, bir sıra tarixçilər və tədqiqatçılar onun əsərlərini subyektiv, polemik və elmi baxımdan etibarsız hesab etmişdir.

Erkən həyatı

Rza Nur 30 avqust 1879-cu ildə Sinop şəhərində anadan olmuşdur. Atası İmamzadə Qunduracı Mahmud Zəki Əfəndi, anası isə Zərflioğulları ailəsindən Həcərə Xanım olmuşdur. O, çətin uşaqlıq dövrü keçirmişdir. İbtidai təhsilini Sinopda başa vurduqdan sonra İstanbula gəlmiş, Soyuqçeşmə Hərbi Rüşdiyyəsinə daxil olmuşdur. Daha sonra Tibbiyyə İdadisini və Məktəbi-tibbiyeyi-şahanəni tibbi kapitan rütbəsi ilə bitirmişdir. 1901-ci ildə Gülhanə Seririyatında staj keçdiyi dövrdə çalışqanlığı ilə Almaniyadan olan müəllimlərin diqqətini cəlb etmiş və burada assistent kimi fəaliyyətə başlamışdır. Əvvəlcə professor doktor Dayke Paşanın yanında çalışmış, sonradan isə cərrahiyyə şöbəsinə keçmişdir. Professor doktor Viyetin Paşanın rəhbərliyi altında çalışmış və operator səviyyəsinə yüksəlmişdir. Bu müddət ərzində elmi sünnət üsulları və alətləri haqqında orijinal bir kitab qələmə almışdır. Əvvəlcə sultana təqdim edilən bu əsər sonradan nəşr edilmiş, kitabın bir hissəsi professor Viyetin tərəfindən alman dilinə tərcümə olunmuşdur. 1907-ci ildə Hərbi Tibb Məktəbində cərrahiyyə professoru olmuşdur.

1903-cü ildə Rumeli Zibefçe gömrük keçidində bakterioloq təyin edilmişdir. 1905-ci ildə Gülhanədə köməkçi müəllim, Tapşırılan işin təbiəti, eləcə də rəhbərlərinin Rzaya mikroskop və digər əsas elmi alətlər verməkdən imtina etməsi onu II Əbdülhəmidin hakimiyyətinin geridə qalmış, korrupsiyalaşmış və Türkiyəni ciddi şəkildə tənəzzülə aparan bir hakimiyyət olduğuna inandırmağa vadar etmişdir. O həmçinin, öz xatirələrində adlandırdığı "filanderlik" dövrü ilə məşğul olmuşdu. Bu dövr ərzində iki dəfə qonoreya xəstəliyinə tutulmuşdu. Bu təcrübələr tibbi təhsili ilə yanaşı, 1907-ci ildə yazılmış "Zöhrəvi xəstəliklərdən qorunma" kitabına da təsir etmişdi. Bu dövrdə İttihad və Tərəqqiyə yaxın mövqe tutmuş, Baha Səid ve Manyasizadə Rəfiq bəyin təsiri ilə təşkilata qoşulmuşdur.

Siyasi fəaliyyəti Osmanlı imperiyasında Rza Nur Albaniya kampaniyasında səhiyyə işçisi kimi iştirak etmiş, həmçinin Birinci Balkan müharibəsi zamanı yaralıları müalicə etmək üçün ehtiyat zabit həkimi təyin edilmişdir. İkinci Məşrutiyyətin elanından sonra keçirilmiş seçkilərdə Sinopdan millət vəkili seçilmiş və Osmanlı Məclisi-Məbusanına daxil olmuşdur. 5 dekabr 1912-ci ildə Bələdiyyənin tabeliyində olan Morq Müəssisəsinin direktoru təyin edilmiş, lakin bu qurumun Polis və ya Məhkəmə ilə əlaqəli olub-olmaması ilə bağlı müzakirələr yarandığı zaman qısa müddət sonra özü istədiyi bu vəzifədən istefa vermişdir.

İttihad və Tərəqqi nümayəndələrinə qarşı sərt mövqeyi səbəbindən çalışdığı Hərbi Tibb Məktəbindəki professorluq vəzifəsindən azad edilmişdir. Daha sonra mayor rütbələri də ləğv olunmuşdur. Bir müddət sonra İttihad və Tərəqqi Partiyasının əleyhdarı olaraq Osmanlı Əhrar Firqəsini dəstəkləmiş və 31 mart hadisəsindən sonra Misirə getmişdir. Atatürk özünün "Nitq" əsərində Rza Nurun albanları Osmanlı dövlətinə qarşı üsyana təşviq etdiyini iddia etmişdir. Rıza Nur bu iddianı "Həyatım və xatirələrim"də ətraflı şəkildə şərh etmiş, albanları yalnız İttihad və Tərəqqi idarəsini devirmək üçün üsyan etdirməyə təşviq etdiyini yazmışdır. Rza Nur 1913-cü ildə Bab-ı Ali basqınından sonra tənqidlərini kəskin şəkildə davam etdirdiyinə görə üç ay həbsdə qalmış və Bəkirağa bölüyündə edamını gözlədiyi vaxtda Camal Paşanın əmri ilə sürgün olunmuşdur. O, Konstansa, Cenevrə, Nitsa və Misirdə yaşamışdır.

Cenevrədə olan zaman xəstəxanada işləmişdir. 1913-cü ildə Nitsa şəhərində Mehmet Şükrü Paşanın qızı İffət Nur ilə evlənmişdir. 1920-ci ilə qədər qaldığı Misirdə "Cemiyet-i Hafiye" ve "Türkiye'nin Tarik-i Selâmeti" adlı əsərlərini qələmə almışdır. Türkiyənin Almaniyadan çox asılı olduğunu hiss edən, lakin ölkənin çiçəklənməsi üçün daha böyük bir güclə sıx əlaqəyə ehtiyacı olduğunu qəbul etmiş, Birləşmiş Ştatlar Millətlər Liqası mandatı ideyasına maraq göstərmişdir. Mudros müqaviləsinin əldə edilməsindən sonra İstanbula qayıtmışdır.

TBMM thumb|Lozanna müqaviləsini imzaladıqdan sonra Türkiyə nümayəndə heyəti. Nümayəndə heyətinə İsmət İnönü (ortada) və Rza Nur (solda, baş geyimində) rəhbərlik edirdi.

Rza Nur Türkiyə Böyük Millət Məclisinin I çağırışında Sinop millət vəkili olmuşdur. Buna görə o, Kürəkən Fərid Paşa hökuməti dövründə ölüm hökmünə məhkum edilmiş və əmlakı müsadirə olunmuşdur, lakin Türkiyə İstiqlaliyyət müharibəsində kamalçıların qələbə əldə etməsinə görə hökm icra edilməmişdir. Rza Nur Maarif vəkili vəzifəsinə təyin edilmişdir. Maarif vəkili kimi nazirlik mərkəzi təşkilatını yaratmaq və təhsilin davamlılığını təmin etmək üçün səy göstərmişdir. Mərkəzi təşkilat daxilində İbtidai Təhsil, Orta Təhsil, Mühasibat və Mədəniyyət Müdirlikləri, eləcə də Qeydiyyat və Statistika İdarəsi yaradılmış, Türk Qədim Əsərləri Müdirliyi təsis edilmiş, memarlıq əsərlərinin inventarlaşdırılması aparılmış, "Türk Dili lüğəti" dərc olunmuşdur. Həmçinin, xalq mahnılarının, atalar sözlərinin və xalq rəqslərinin müəyyən edilməsi və qeydiyyata alınması üçün səylər göstərilmişdir.

Bundan başqa, Nur həmçinin, bir müddət Xariciyyə vəkili vəzifəsini icra edən olmuşdur. Lozanna Sülh Konfransına İsmət İnönünün köməkçisi kimi ikinci nümayəndə heyəti qismində qatılmışdır. Rza Nur burada azlıqlar məsələləri ilə məşğul olan alt komissiyanın üzvü olmuş və Türkiyə üçün müsəlman azlığın qəbul edilməsinin mümkün olmadığı fikrini müdafiə etmişdir. Rza Nur qızılbaşlarla müsəlmanları müqayisə edərək hər iki qrupun etnik baxımdan türkmənşəli olduğunu irəli sürmüşdür. O, Lozanna danışıqları çərçivəsində əldə olunacaq hər hansı razılaşmada kürdlərin, boşnakların və ya çərkəzlərin azlıq kimi tanınmasına qarşı çıxmışdır.

Bununla yanaşı, Lozannada olduğu dövrdə Pont yunanları məsələsi ilə əlaqədar Yunanıstan Baş naziri Elefterios Venizelos ilə kəskin mübahisələrə girmişdir. Antanta dövlətlərinin nümayəndələri Rza Nurun həm bu mövzuda, həm də erməni məsələsində güzəştə getməyən mövqeyini sərt və barışmaz kimi qiymətləndirmiş, hətta Yuqoslaviya nümayəndələrindən biri onun davranışının getdikcə açıq şəkildə niyyətlərini büruzə verdiyini iddia etmişdir. Rza Nur 1923-cü ildə Yunanıstan ilə Türkiyə arasında həyata keçirilmiş əhali mübadiləsi çərçivəsində albanların mübadilədən kənarda saxlanılması üçün təşəbbüs göstərmiş, Yunanıstan bu mövqeyi qəbul etmişdir O, mübadilə razılaşmasına zidd olaraq, Yunanıstandan özlərini türk kimi təqdim edən albanların Türkiyəyə gəldiyini və onların İzmitin qərbində yerləşən Qartal, Pendik və Ərənköy kimi münbit torpaqlara, eləcə də Ankaraya yerləşdirilməsindən narazılıq ifadə etmişdir.

1920-ci ildə SSRİ ilə dostluq və yardım müqaviləsi imzalamaq məqsədilə Moskvaya göndərilən heyətə dəvət olunmuş və nümayəndə kimi iştirak etmişdir. Orada Georgi Çiçerin və İosif Stalin ilə görüşlər keçirmişdir. TBMM hökuməti adından Moskva müqaviləsini Əli Fuad Cəbəsoy və Yusif Kamal Tengirşenk ilə birlikdə imzalamışdır. Bu zaman Nur Rusiya və Əfqanıstan ilə dostluq müqavilələrinin hazırlanması, onun imzalanması prosesində fəal iştirak etmişdir. 1922-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən Ukrayna ilə dostluq müqaviləsinin imzalanmasına hazırlıq görmək üçün Ukraynaya göndərilmişdir.

Türkiyə Respublikasının elanına qədər bütün hökumətlərdə – 1921–1923-cü illərdə Səhiyyə naziri vəzifəsini yerinə yetirmişdir. TBMM-də millət vəkili olduğu dövrdə sultanlığın ləğvi ilə bağlı qanun layihəsinin təşəbbüskarının özü olduğu məlum olmuşdur. Eyni zamanda, Türkiyənin ilk elmi sünnətçisi kimi tanınmışdır və yazdığı ilk kitab da elmi sünnət mövzusuna həsr edilmişdir. O, TBMM-də Rusiyadakı yetim və kasıb müsəlman uşaqlarının Türkiyəyə gətirilməsi məsələsini qaldırmışdır. Nur 21 noyabr 1911-ci ildə qurulan Azadlıq və Razılıq Partiyasının qurucularından biri idi.

Rza Nur Sakarya döyüşündə həkim kimi faktiki iştirak etmişdir. Kamal Atatürk üçün Rza mühüm bir təyinat idi. Onun və Əhməd Fərid Təkin hökumət işlərində iştirak etməsi Atatürkün birləşdirici qüvvə olmaq iddialarına ağırlıq verirdi, çünki hər iki şəxs əksər hökumət nazirlərini təmin edən İttihad və Tərəqqiyə qarşı idilər. Nur II çağırışda yenidən Sinop millət vəkili olaraq məclisdə fəaliyyət göstərmişdir. Bu dövrdə 14 cildlik "Türk Tarixi" əsərini qələmə almışdır. 1926-cı ildə Sinopda bir kitabxana yaradaraq onu gəlir mənbələri ilə birlikdə ictimaiyyətə hədiyyə etmişdir. Rza Nur Türkiyə Böyük Millət Məclisinin 10 aprel 1926-cı il tarixli və 225 nömrəli qərarı ilə qırmızı-yaşıl zolaqlı "İstiqlal" medalı ilə təltif edilmişdir.

Mühacirət

Rza Nur zaman keçdikcə dövrün hökuməti, dövlət rəhbərliyi və həyata keçirilən islahatlarla fikir ayrılığına düşmüşdür. Rza Nur ilə Mustafa Kamal Atatürk arasında münasibətlərin pozulduğu məlum olmuşdur. Millət vəkili olmasına baxmayaraq, İzmir sui-qəsdi ilə əlaqələndirilən şəxslərin edam edilmələri və onların özünə bənzər müxalif mövqedə olan insanlar olması səbəbilə ölkəni tərk etmişdir. O, 1926-cı ildə kitabında ifadə etdiyi bu cür şübhə və qorxulara görə Fransaya getmiş və Parisdə məskunlaşmışdır. Rza Nur Mehmed Cavid bəy və sui-qəsddə iştirak etdiyi iddia edilən digər şəxsləri siyasi baxımdan özünə qarşı mövqedə olmalarına görə şəxsən sevmədiyini bildirməsinə baxmayaraq, onların həmin planın tərkib hissəsi olmadıqlarını, bu səbəbdən də haqsız yerə edam edildiklərini müdafiə etmişdir. O, Atatürkün alkoqolizm iddiası ilə bağlı geniş mətnlər qələmə almışdır. Atatürk və yeni rejim əleyhinə yazdığı əsərlər Rza Nura sultanlıq tərəfdarı və islamçı tarix revizionistləri arasında populyarlıq qazandırmışdır.