Nazim Baxış oğlu Kərimov (16 dekabr, 1958) — Azərbaycan alimi, riyaziyyatçısı, AR-nin əməkdar müəllimi, fizika-riyaziyyat elmlər doktoru (1996) və professoru (1998). Türkiyə Mersin Universitetinin riyaziyyat bölümünün professoru (2006-2016). Xəzər Universitetinin riyaziyyat kafedrasnın professoru (2016-ci ildən).

Həyatı və Fəaliyyəti Nazim Kərimov 16 dekabr 1958-ci ildə Azərbaycan Respublikasının Cəlilabad rayonunun Göytəpə kəndində anadan olmuşdur. 1965–1975-ci illərdə Əli Bayramlı şəhərində (indiki Şirvan) 2 saylı orta məktəbdə təhsil almışdır.

1975-ci ildə Azərbaycan Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinə qəbul olunmuş, 1980-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir.

1982–1985-ci illərdə Moskva Dövlət Universitetində aspirantura təhsili almışdır.

Elmi fəaliyyəti 1987-ci ildə Moskva Dövlət Universitetində akademik V. A. İlyinin elmi rəhbərliyi ilə "Özünə qoşma olmayan diferensial operatorların spektral nəzəriyyəsinin bəzi məsələləri" mövzusunda namizədlik dissertasiyası müdafiə etmişdir.

1996-cı ildə isə "Adi diferensial operatorların kök funksiyalar sisteminin bazisliyi və müntəzəm minimallığı" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir.

Elmi tədqiqatları əsasən diferensial tənliklər, Sturm–Liouville məsələləri, spektral nəzəriyyə və qeyri-özünəqoşma operatorlar sahəsini əhatə edir.

Əmək fəaliyyəti Nazim Kərimov əmək fəaliyyətinə 1980-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda başlamışdır.

1986–2006-cı illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində, o cümlədən 2002–2005-ci illərdə Riyazi analiz kafedrasının müdiri vəzifəsində çalışmışdır.

2006–2016-cı illərdə Türkiyənin Mersin Universitetində professor kimi fəaliyyət göstərmişdir.

2016-cı ildən etibarən Xəzər Universitetinin Riyaziyyat kafedrasında professor vəzifəsində çalışır.

Elmi-pedaqoji fəaliyyəti Nazim Kərimovun elmi rəhbərliyi ilə 5 fəlsəfə doktoru və 1 elmlər doktoru dissertasiyası müdafiə olunmuşdur.

O, 60-dan çox elmi məqalənin və 9 kitabın müəllifidir.

İctimai fəaliyyəti Nazim Kərimov müxtəlif illərdə Beynəlxalq Riyaziyyat Olimpiadalarının münsiflər heyətinin üzvü və Azərbaycan komandasının rəhbəri olmuşdur.

Azərbaycan Texnologiya Universitetində keçirilən rəsmi tədbirlərdə çıxışları ilə də iştirak etmişdir.

Mənbələr