Sultan Yaqubun şairlər məclisi () — XV əsrdə Ağqoyunlu hökmdarı Sultan Yaqubun hakimiyyət dövründə (1478–1490-cı illər) mövcud olmuş şairlər məclisi.
Tarixi Ağqoyunlu hökmdarı Sultan Yaqubun sarayında dövrün alimləri, şairləri və sənətkarları toplaşmışdı. Saraylarda tez-tez şeir məclisləri təşkil olunurdu. Bu dövrdə Əlişir Nəvainin məktəbinin güclü olmasına və bəzi Azərbaycan şairlərinin Herata getməsinə baxmayaraq, Yaqub Mirzənin Təbriz sarayı Herat məktəbi ilə rəqabətə girə biləcək gücdə idi. Əlişir Nəvai və Sam Mirzə Yaqubun sarayında toplaşmış şairləri yüksək qiymətləndirir, onların adlarını çəkirdilər. Sam Mirzəyə görə, Sultan Yaqub dövründə poeziya ulduzu perigeydən çıxıb pleyad (yeddi) ulduzlar topasının zirvəsinə qalxmışdır, şeir yaradıcılığı böyük şan qazanmışdır. Sultan Yaqubun vəziri, şair Qazi İsa da ədəbiyyatın inkişafında rola malik olmuş, onun rolu Əlişir Nəvainin Herat məktəbində oynadığı rol ilə müqayisə edilmişdir. Əbdürrəhman Cami və Əlişir Nəvai Təbriz şairlər məclisi ilə əlaqə saxlayırdılar.
Həbibi Sultan Yaqubun şairlər məclisinin üzvü olmuşdur. Ağqoyunlular dövləti dağıdıldıqdan sonra Şah İsmayıl Xətai Həbibini öz sarayına aparıb, "Məliküş-şüəra" təyin etmişdir. I İsmayılın ədəbi məclisinə Həbibi başçılıq edirdi.
Sultan Yaqub dövrü şairləri
Rəhbər şəxslər Sultan Yaqub. Ağqoyunlu dövlətinin hökmdarı (h.i. 1478–1490). Azərbaycan dilində şeirlər yazmışdır. Qazi İsa. Sultan Yaqubun vəziri və şair. Ədəbiyyatın inkişafında rola malikdir.
Şairlər (natamam siyahı) Xətai Təbrizi. 1480–1490-cı illərdə "Yusif və Züleyxa" əsərini yazmış, əsəri Sultan Yaquba həsr etmişdir. Əhmədi Təbrizi. "Yusif və Züleyxa" və "Əsrarnamə" əsərlərinin müəllifidir. "Yusif və Züleyxa" əsərini Sultan Yaqubun hakimiyyəti dövründə qurtarmışdır.Nağısoylu, 2012, с. 14. Kişvəri. 1490-cı ilə qədər Ağqoyunlu sultanı Yaqubun sarayında yaşamış, sultan öldürüldükdən sonra saraydan uzaqlaşdırılmışdır. Ehtimal edilir ki, Kişvəri Sultan Yaqubun sarayında olarkən şair Həbibi ilə tanış olmuş və onlar bir-birilə sənət və şeir haqqında söhbətlər etmişdilər. Daha sonra Həbibi Səfəvi sarayında, 1514-cü ildən sonra isə Türkiyədə Sultan Səlimin sarayında böyük nüfuz qazanmışdır. Bu səbəbdən şairlərin arasına soyuqluq girmiş və Kişvəri də bu soyuqluqdan şikayətlənmişdir. Həbibi. Sultan Yaqub dövründə gələcəyi olan bir sənətkar kimi qəbul edilmiş, yaradıcılığının ilk illərini Sultan Yaqubun sarayında keçirmişdir. Həbibi Sultan Yaqubun şairlər məclisinin üzvü olmuşdur.
Həmçinin bax Azərbaycan saray mədəniyyəti
İstinadlar
Ədəbiyyat
Rasim Əfəndi. Azərbaycan incəsənəti Bakı, "Şərq-Qərb", 2007, 160 səh. + 112 səh. (illüst.) Möhsün Nağısoylu. Əhmədi Təbrizi və "Əsrarnamə" tərcüməsi (tekstoloji-filoloji araşdırma, mətnin transfoneliterasiyası). — Bakı: Nurlan, 2012. — 260 S.
Qarayev N. S. XIX əsr Azərbaycan ədəbi məclisləri. Bakı, Nurlan, 2012, 325 s
Əlavə ədəbiyyat BAHARLU, İlgar. "KOCA TEBRIZ: KARAKOYUNLU, AKKOYUNLU VE SAFEVI TÜRKMEN DEVLETLERINDE BIR BAŞKENTIN SERÜVENI." T. C. Dışişleri Bakanlığı Tebriz Başkonsolosluğunun Kuruluşunun 100. Yılı.
Kateqoriya:Ağqoyunlular Kateqoriya:Azərbaycan mədəniyyətinin tarixi Kateqoriya:Azərbaycan ədəbiyyatı tarixi Kateqoriya:Ədəbi məclislər