Əbu Məhəmməd Səid ibn Müseyyib ibn Həzn əl-Qureyşi əl-Məhzumi (; ) — tabiin nəslinə mənsub, mədinəli yeddi fəqihdən biri.
Bioqrafiyası Özünün bildirdiyinə görə hicri 15-ci ildə Mədinədə doğulub. Babası, atası və anası səhabə olub. Babası Yəmamə döyüşündə həlak olub. Atasının Məhəmməddən nəql etdiyi hədislərə "Səhiheyn" və "əs-Sünən"lərdə yer verilib.
Səid səhabələrin yaşadığı dövrdə Mədinədə böyümüşdür. O, Osman, Əli, Aişə, Ümmü Sələmə, Əbu Hüreyrə, Zeyd ibn Sabit, Əbu Musa əl-Əşari, Abdullah ibn Abbas, Abdullah ibn Ömər, Abdullah ibn Əmr ibn Əs, Məhəmməd ibn Məsləmə, Ümmü Süleym və atası Müseyyib kimi səhabələrdən hədis rəvayət etmişdir. Onun xəlifə Öməri görməsi, lakin ondan hədis rəvayət etməməsi iddiası doğru hesab olunmur. O daha çox qayınatası Əbu Hüreyrədən hədis öyrənmişdir. Onun Əbu Bəkr, Übey ibn Kəb, Bilal Həbəşi, Səd ibn Übadə, Əbu Zər əl-Qifari və Əbüd-Dərda kimi səhabələrdən olan rəvayətləri mürsəl hesab olunur. Onun təhsil məqsədilə çoxlu səyahətlər etdiyi bildirilmişdir. Ondan bir çox tabiin hədis rəvayət etmişdir. Bunlara Ömər ibn Əbdüləziz, Əta əl-Xorasani, Əmr ibn Şueyb, Əmr ibn Dinar, Əmr ibn Mürrə, Qətadə, Məhəmməd əl-Baqir, Zöhri, İbn əl-Münkədir, Meymun ibn Mehran və Yəhya ibn Səid əl-Ənsari kimi tabiinləri misal göstərmək olar.
O, dünyəvi heç bir şeyə əhəmiyyət verməmiş, Harrə döyüşündən sonra Yezidə və Abdullah ibn Zübeyrə beyətdən imtina etmişdir. Əməvi hakimiyyətinə müxalif olan Səid, həcc ziyarəti üçün Mədinəyə gələn xəlifə Əbdülməlik ibn Mərvanla görüşdən imtina etmişdir. Xəlifə Əbdülməlik, oğlanları Vəlid ilə Süleyman üçün beyət toplayarkən Səid buna da qarşı çıxmışdır. Bundan sonra qamçılanaraq həbs edilən Səid, Ömər ibn Əbdüləziz istisna olmaqla Mərvanilərə hər namazda qarğış edəcəyini söyləmişdir. Həyatının sonlarına doğru gözlərini, bir rəvayətə görə isə tək gözünü itirmişdir.
Səid ibn Müseyyib hicri 94-cü (713) ildə Mədinədə vəfat etmiş, Cənnətül-Bəqidə dəfn edilmişdir. Onun rəvayət etdiyi hədislərə "Kütübi-Sittə" başda olmaqla bütün hədis məcmuələrində yer verilmişdir.
Fiqh elmindəki yeri Səid, Mədinənin məşhur yeddi fəqihinin (füqəha əs-səba) ən qabaqcılı olub. Belə ki, mədinəli yeddi fəqihdən biri olan Qasım ibn Məhəmməd ibn Əbu Bəkr, Səidin onların ağası və ən biliklisi olduğunu qeyd etmişdir. Səid, "fəqihül-füqəha" adlandırılmış, Ömər ibn Əbdüləziz Mədinə valisi oluğu vaxtlarda yalnız ondan məsləhət almışdır. Abdullah ibn Ömər atasının verdiyi fətva və hökmləri Səiddən soruşub öyrənərdi, çünki Səid, Məhəmməd peyğəmbərin və ilk üç xəlifənin verdiyi hökmləri ən yaxşı bilən tabiin alimlərindən biri olmuşdur. Malik ibn Ənəs, bunun səbəbini Səidin Ömərlə əlaqədar bütün məlumatları öyrənməyə çalışması və buna nail olması ilə izah etmişdir. Ona Ömərin verdiyi hökmləri çox yaxşı bildiyi üçün "rəvayətü Ömər" deyilmişdir. Tələbəsi Qətadə halal və haram mövzularının Səidin daha yaxşı bildiyini, Məkhul isə İslam dünyasında ondan daha alim birinə rast gəlmədiyini söyləmişdir.
İstinadlar
Kateqoriya:Tabiinlər Kateqoriya:Hədis alimləri Kateqoriya:Bəqi qəbiristanlığında dəfn olunanlar Kateqoriya:VII əsr ərəbləri Kateqoriya:Müftilər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:Mədinəlilər Kateqoriya:Ravilər