Avstriyada Holokostun inkarı — Avstriyada Holokostun ümumi qəbul olunmuş tarixşünaslıqda təsvir edilən mahiyyətinin kiçildilməsi və ya inkar edilməsi.
İkinci Dünya müharibəsinin nəticələrinin Avstriyada təftişi nasist rejiminə bəraət qazandırılması və Müttəfiq qüvvələrə yönələn ittihamlarla başlamış, sonradan neonasistlərin cinayətlərinin inkarına doğru davam etmişdir. Bu baxımdan ən tanınmış inkarçılar Gerd Honzik, Valter Okenzberger, Valter Lüftl və Volfqanq Frölix olmuşdur. "Laşu sənədi" adlanan və mövcud olmayan Müttəfiqlər komissiyasının adından tərtib edilmiş sənəd Mauthauzen və digər həbs düşərgələrində qaz kameralarının mövcudluğunu inkar etsə də, sonradan bunun saxtakarlıq olduğu üzə çıxmışdır.
1945-ci ildə qəbul olunmuş "Nasional-Sosialist Partiyasının qadağan olunması haqqında Qanun" Holokostun inkarını cinayət hesab etməmişdir. 1992-ci ildə həmin qanuna əlavə edilmiş dəyişiklik Holokostun inkarını qadağan etmiş və pozuntular üçün 10 ilədək həbs cəzası tətbiq olunmasını nəzərdə tutmuşdur.
Bir sıra avstriyalı Holokost inkarçıları və britaniyalı revizionist Devid İrvinq bu qanun üzrə məhkum edilmişdir. Tədqiqatçılara görə, 2020-ci illərdə Avstriya neonasizminin mərkəzi ideyası olmuşdur. Ölkədə Holokostun inkarının azalmaqda olmağına baxmayaraq, sağçı radikallar arasında antisemitizm səviyyəsi hələ də yüksək olaraq qalır.
Postmüharibə dövründə Avstriyada revizionizm, Almaniyada olduğu kimi, İkinci Dünya müharibəsində Adolf Hitlerin bəraətinə yönəlmiş cəhdlərlə başlamış və Vermaxt əsgərlərinin igidliyi təriflənmişdir. Sonrakı illərdə bu müəlliflər nasional-sosialist siyasəti müdafiə etmiş, Müttəfiq qüvvələri müharibəni başlamada ittiham etmiş və almanların müharibədən sonrakı taleyini qınamışdır. Növbəti revizionist generasiya nasistlərin qəsdən yəhudilərin kütləvi qətllərini törətdiyi və nasist həbs düşərgələrində qaz kameralarının mövcudluğu iddialarını tam inkar etməyə keçmişdir.
Bu hərəkətdə daha çox ultrasağçı ekstremistlər və neonasistlər iştirak etmişdir. Onların əsas ideoloji təməlləri etnomilliyyətçi yanaşmaya əsaslanmışdır. Bu yanaşmada milli icmanın ideallaşdırılmasına və onun üzvlərinin milli qürurunun möhkəmlənməsinə xidmət edən hər şey müdafiə olunmuşdur. Avstriya kontekstində bu adətən nasist cinayətlərinin, xüsusilə Holokostun inkarı, ona bəraət verilməsi və ya onun nisbi dəyərləndirilməsi formasında təzahür etmişdir.
1967–1968-ci illərdə alim və antisemit Frans Şeydl yeddi cildlik "Almaniyada ostrakizmin tarixi" () əsərini nəşr etdirmişdir. O, İkinci Dünya müharibəsinin almanlar və yəhudilər arasında müharibə olduğunu, müharibəni Almaniyaya qarşı yəhudilərin başladığını iddia etmişdir. Əsərdə bildirilmişdir ki, buna görə də almanlar əziyyət çəkmişdir. Dördüncü cilddə "Milyonlarla yəhudinin qazla öldürülməsinin həqiqəti" () başlığı altında Şeydl iddia etmişdir ki, "qaz kameralarında kütləvi insanların zəhərlənməsi" barədə bəyanatlar "yalan"dır və 1945-ci ildən sonra "vəhşiliklərin təbliğatının" bir hissəsi kimi qiymətləndirilməlidir. O həmçinin qeyd etmişdir ki, Drezdenin bombardman edilməsi zamanı daha çox almanəsilli vətəndaş dəhşətli şəkildə öldürülmüşdür, yəhudilər epidemiyalar nəticəsində ölmüş və ya müharibə boyunca digər xalqlar tərəfindən qətlə yetirilmişdir.
Federal Konstitusiya Xidməti tərəfindən sağçı ekstremist hesab edilmiş "Deutsche National Zeitung" (DNZ) və "Deutsche Wochenzeitung/Deutscher Anzeiger" qəzetləri 1970-ci illərdə Holokostu və ölüm düşərgələrində yəhudilərin qaz kameralarında məhv edilməsini "yalan" və "aldatma" kimi təqdim edən məqalələr dərc etmişdir. Oxşar iddialar "Europa-Korrespondenz" jurnalında da yayımlanmışdır. Bu jurnal keçmiş SS üzvü və ultrasağçı yazıçı Vilhelm Landiq tərəfindən nəşr edilmişdir.
thumb|right|Anna Frankın gündəliyini "yalan" adlandıran neonasist Qottfrid Küssel.|150px
1986-cı ildə Vyana şəhərində keçirilən "Anna Frankın dünyası" sərgisində neonasist Qottfrid Küssel və onun bir neçə tərəfdarı broşürlər paylamışdır. Bu broşürlərdə Anna Frankın gündəliyi "yalan" adlandırılmış, yəhudilər tərəfindən uydurulmuş və "almanca xalq əleyhinə saxtakarlıq" kimi təqdim edilmişdir.
thumb|"Laşu sənədi" nasist həbs düşərgələrində qaz kameralarının olmamasını sübut etmək üçün hazırlanmış saxta dəlildir.
1987-ci ildə dövlət məmuru Emil Laşu saxta sənəd hazırlamışdır. Sənəd Müttəfiq qüvvələrin komissiyası tərəfindən tərtib olunmuş kimi göstərilmiş və tarixi 1 oktyabr 1948-ci il olaraq göstərilmişdir. Sənəddə 13 nasist həbs düşərgəsi və ölüm düşərgələrində o cümlədən Mauthauzen, Bergen-Belzen və Qross-Rosendə qazla öldürmələrin baş vermədiyi iddia edilmişdir. Bu sənəd əvvəlcə Gerd Honzikin tabloidi olan "Halt", sonra isə digər Avstriya və Almaniya sağçı ekstremist nəşrlərində yayımlanmışdır. Sənəd saxtakarlıq kimi üzə çıxmışdır. Sənəddə göstərilən təşkilatlar heç vaxt mövcud olmamışdır və Laşuya qarşı cinayət işi açılmışdır. İş psixiatriya ekspertizası nəticəsində Laşunun məsuliyyət qabiliyyətinin olmadığı müəyyən edilmiş və dayandırılmışdır.
1988-ci ildə neonasist Gerd Honzik "Hitlerin bəraəti: Qaz kameralarına qarşı hələ dinlənilməmiş 36 şahid" () adlı kitab nəşr etdirmişdir. Bu kitabda Honzik Holokostu və qaz kameralarının mövcudluğunu inkar edən tanınmış nasistlərlə müsahibələri toplamışdır. Şahidlər arasında nasist hərbi cinayətkarı Aloiz Brunner də olmuşdur. Kitab Vyana prokurorluğu tərəfindən müsadirə edilmişdir. Bundan sonra Honzik Avstriyada Holokostun ən məşhur inkarçısına çevrilmişdir. Onun tabloid nəşri "Halt" onilliklər boyu antisemit konspirasiya nəzəriyyələrini və Holokostun inkarını təbliğ etmişdir.
1988-ci ildə anşlussun ildönümündə neonasistlər Vyanada yerləşən məktəblərin divarlarına "1938–1988. Yəhudilər bizi aldatdı, qaz kameraları barədə yalan danışdılar" yazılmış stikerlər yapışdırmışdır. Növbəti il Lins şəhərində Yuxarı Avstriya Sosialist Partiyasının blankı üzərində saxta məktublar yayılmış, məktublarda "qaz kameraları nəzəriyyəsi əsassızdır, qazla qətlləri gördüklərini iddia edən bir çox şahid yalan danışmışdır" deyə qeyd edilmişdir.
1990–1991-ci tədris ilinin sonunda Karintiya bölgəsində məktəblərdə paylanan "GÄCK" jurnalının beş nömrəsi çıxmışdır. Jurnal irqçi və antisemit materiallar, Holokostun inkarı və panalman milliyyətçiliyi özündə əks etdirmişdir. Jurnalın redaktoru Frans Radl olmuş və o, Avstriyada neonasizmin liderlərindən biri hesab edilmişdir. 1991-ci ildə Holokostu inkar etdiyi üçün müvəqqəti həbs edilmiş, 1992-ci ildə neonasist fəaliyyəti səbəbindən şərti cəza almışdır. 1995-ci ildə oxşar maddələrlə yenidən ittiham olunmuş, 1993-cü il poçt terroru işi üzrə istintaqda olmuş, lakin bəraət almışdır. Radl 2012-ci və 2019-cu illərdə yenidən məhkum edilmişdir.
1991-ci ildə mühəndis Valter Lüftl "Holokost: İnam və faktlar" adlı əlyazma nəşr etmişdir. Bu əlyazmada o, Osvençim ölüm düşərgəsində kütləvi qətllərin texniki mümkünlüyünü inkar etmişdir. Lüftl mətnini deputatlar, jurnalistlər və yüksəkvəzifəli məmurlara göndərmişdir. Mətn əvvəlcə "Halt" qəzetinin 59a buraxılışında, daha sonra isə digər sağçı ekstremist nəşrlərdə dərc edilmişdir. Skandal nəticəsində Lüftl Federal Mühəndislər Assosiasiyasının prezidenti vəzifəsindən istefa etməyə məcbur olunmuşdur. Oxşar iddiaları, qaz kameralarının mövcudluğunu inkar etməyi və qətliam qurbanlarının sayını şişirdən məlumatları Volfqanq Frölix 1996-cı ildən sistematik şəkildə yaymışdır.
Holokostun inkarında aparıcı təşkilatlardan biri "Alman-Avstriya Müasir Tarix İnstitutu" olmuşdur. İnstitutun fəaliyyəti Holokostun mif olduğunu və yəhudilərin Almaniyadan pul qoparmaq məqsədilə yaradıldığını sübut etməyə yönəlmişdir. Bəzi məlumatlara görə, 1984-cü ildə institut ABŞ-də yerləşən NSDAP-AO nasist qrupuna maskalanma məqsədilə xidmət etmişdir. İnstitutun nəzarətini Valter Okenzberger həyata keçirmiş və onun redaktorluğu ilə 1982–1992-ci illərdə "Sieg" qəzeti nəşr edilmişdir. Qəzet antisemitizm, irqçilik və Holokostun inkarını təbliğ etmişdir. Avstriya Azadlıq Partiyasını dəstəkləyən və yeni sağçı ideyaları təbliğ edən aylıq "Die Aula" jurnalı 2018-ci ilə qədər çıxmış və Holokostu inkar edən şəxslər, məsələn, Devid İrvinq, Germar Rudolf və Valter Lüftl barədə müsbət rəylər dərc etmişdir.
Kriminalizasiyası İkinci Dünya müharibəsinin sonunda Avstriyada 8 may 1945-ci ildə "Nasional-Sosialist Partiyasının qadağan edilməsi haqqında Konstitusiya Qanunu" qəbul edilmişdir. Qanunun məqsədi nasist təsirini aradan qaldırmaq və ölkənin demokratik inkişafını qorumaq olmuşdur. 3g-cü maddədə "nasionak-sosialist ruhunda fəaliyyət" üçün ağır cəzalar nəzərdə tutulmuşdur, lakin formulaların qeyri-müəyyənliyi və minimum beş illik cəza müddəti səbəbindən məhkəmələr adətən ittiham hökmü çıxarmaqdan çəkinmişdir. Nəticədə Avstriyanın yəhudi icması qanuna xüsusi norma əlavə olunmasını tələb etmişdir. Bu norma nasist rejiminin cinayətlərini inkar və ya kiçiltmək üçün cinayət məsuliyyətini birbaşa nəzərdə tutmalı idi.
1970–1980-ci illərdə Holokostun inkarı problemi daha geniş görünən olmuşdur. Xüsusi əhəmiyyətli nümunə neonasist nəşrlərin redaktoru Valter Okenzberger olmuşdur. O, qaz kameralarının mövcudluğunu inkar etmişdir. Onun Avstriya məhkəmələri tərəfindən dəfələrlə bəraət alması hüquqi boşluqları ortaya çıxarmış və tənqidə səbəb olmuşdur. Avstriya Ali Məhkəməsi yəhudilərin kütləvi məhv edilməsinin sübut tələb etməyən təsdiqlənmiş fakt olduğunu qəbul etmişdir, lakin inkarın məsuliyyətini müəyyən edən birbaşa norma olmadığı üçün məhkəmə praktikası məhdudlaşmışdır.
1980-ci illərin sonunda Holokostun inkarı artıq yalnız hüquqi yox, ictimai problemə çevrilmişdir. İctimai rəyi dəyişdirməkdə xüsusi rol 1986-cı ildə baş tutmuş "Valdheym işi" olmuşdur. Məlum olmuşdur ki, Avstriya Prezidenti Kurt Valdheym yəhudilərin ölüm düşərgələrinə deportasiyası ilə əlaqəli bölmədə iştirakını gizlətdirmişdir. Skandal ilk dəfə Avstriyanın nasist cinayətlərində iştirakına dair geniş ictimai müzakirə yaratmış və ölkə haqqında əvvəlki "Hitlerin aqressiyasının ilk qurbanı" mifini dağıtmışdır.
Revizionist təbliğatın artması Holokost inkarçılarına qarşı beynəlxalq məhkəmə prosesləri və ictimai rəydəki dəyişikliklər təsiri ilə 1992-ci ildə 1945-ci il qanununa əlavə edilmişdir. Əlavə edilmiş 3h-cü maddə Holokostu və digər nasional-sosialist cinayətləri inkar etmək, onların əhəmiyyətini azaltmaq və ya onları müdafiə etmək və ya bunda cəhd göstərməyi cinayət hesab etmişdir. Bu əməllər üçün 1–10 il həbs cəzası, xüsusi təhlükəli hallarda isə 20 ilədək həbs nəzərdə tutulmuşdur. Qanun üzrə cinayət ittihamları üç peşəkar hakim və səkkiz jüri üzvündən ibarət palatada nəzərdən keçirilir.
Avstriya qanunvericiliyinin ümumi nasional-sosialist fəaliyyəti qadağanı normasından Holokostun inkarına görə birbaşa cinayət məsuliyyətinə keçməsi cəmiyyətdə keçmişin mədəni və siyasi inkarından məsuliyyətin qəbuluna doğru dönüşü əks etdirmişdir. İfadə azadlığının sərhədləri barədə mübahisələrin davam etməsinə baxmayaraq, "Qadağan qanunu" neonasizm və revizionizmə qarşı mübarizədə əsas hüquqi vasitələrdən biri kimi qiymətləndirilir. Maastrixt Universitetindən professor Yohannes Keyler hesab etmişdir ki, Holokostun inkarına qarşı mübarizə, o cümlədən cinayət məsuliyyəti yolu ilə "Üçüncü Reyxin törətdiyi vəhşiliklərin bir daha təkrarlanmaması"nın qəbul edilməsinə və mənəvi şəkildə dərk olunmasına doğru vacib mərhələ ola bilər.
Sonrakı dövrlərdə 1992-ci ildə Holokostun inkarının cinayət hesab edilməsi ilə bir sıra ultrasağçı qruplar fəaliyyətlərini dayandırmışdır. Bunlar arasında "Xalq Hərəkatı/Dayan" (), "Yaşıl Hərəkat, Xalqa Sədaqət/Qələbə" () və "Parlamentdənkənar müxalifət, xalqa sədaqət" () qrupları olmuşdur. 1992-ci ildən sonra sadalananlardan yalnız "Halt" qəzeti İspaniyadan Avstriya auditoriyası üçün yayımlanmağa davam etmişdir.