Ədalət cəngavərləri () — 2020-ci il istehsalı olan Danimarka bədii filmi. Filmin rejissoru Anders Tomas Yensendir. Filmdə baş rolları Mads Mikkelsen, Nikolay Li Kos, Lars Briqmann və Nikolas Bro ifa etmişdir. Ekran əsəri ssenarisinə və bəzi aktyor ifalarına görə tənqidçilərdən yüksək qiymətlər almış, həmçinin bir sıra mükafatlara («Bodil» və «Robert») və nominasiyalara layiq görülmüşdür.

Süjet xətti

Markus Hansen – Əfqanıstanda xidmət edən danimarkalı bir əsgərdir. O, daha üç ay orada qalacağını öyrənir və həyat yoldaşı Emma ilə qızı Matildaya evə gələ bilməyəcəyini bildirir. Danimarkada Emma və Matilda Markusun yoxluğunda şəhərdə bir gün keçirmək üçün qatara minirlər, lakin qatar park edilmiş yük vaqonu ilə toqquşur. Qəza nəticəsində 11 sərnişin, o cümlədən Emma həlak olur. Markus evinə qayıdır və kədər içində olan qızı Matildaya baxmaq məcburiyyətində qalır.

Matilda və Markus faciəni qəbul etməkdə çətinlik çəkirlər, bu isə münasibətlərində gərginliyə səbəb olur. Markus psixoloji dəstək almaqdan imtina edir. Qəzada sağ qalan statistika üzrə mütəxəssis Otto Hoffmann Markusla əlaqə saxlayaraq hadisənin təsadüfi olmadığını, əksinə, cinayət olduğunu bildirir. Onun sözlərinə görə, qəzada məqsəd "Ədalət cəngavərləri" adlı cinayətkar motosiklet qrupunun lideri Kurt Olsenə qarşı ifadə verəcək əsas şahidi aradan qaldırmaq olmuşdur.

Otto öz dostları – haker Lennart və Emmentayler ilə bərabər Markusun köməyinə gəlir. Onlar qəzadan dərhal əvvəl qatardan düşən şübhəli şəxsi müəyyənləşdirirlər. Bu şəxsin Kurt Olsenin qardaşı Pell Olsen olduğu üzə çıxır. Qrup Pellin evinə gedərək ondan məlumat almağa çalışır, lakin Markus əsəblərinə hakim ola bilmir və Pell onları silahla hədələyəndən sonra ona qəzəblənərək onu öldürür. Lennart sübutları gizlədir və orada ukraynalı uşaq – Bodaşka ilə qarşılaşır. "Cəngavərlər" Bodaşkanı sorğu-suala çəkərək Emmentaylerin evinin yerini müəyyən edirlər.

Qrup "Cəngavərlər" tərəfindən silahlı hücuma məruz qalır, lakin Markus hücum edənləri öldürərək Bodaşkanı xilas etməyə nail olur. Matilda Markusun və hakerlərin gizli söhbətini görür, lakin Lennart ona yalan danışaraq, bunların Markusun travması ilə bağlı yardım göstərən "terapiya qrupu" olduğunu bildirir. Sonradan qrup "Cəngavərlərin" bir iclasına hücum təşkil edir və Markus onların bir neçəsini öldürür.

Növbəti hücuma hazırlaşarkən Bodaşka onlara bildirir ki, Pell əslində qatarda olmamışdır. Lennart və Otto Emmentayleri daha az dəqiqliyə malik olan üz tanıma prosesinin nəticəsini qəbul etməyə razı salmışlar və həmin şübhəli şəxs Pell yox, ona oxşayan misirli bir turist imiş. Beləliklə də, onların "ədalət mübarizəsi" səhv üzərində qurulmuş olur. Bunu öyrənən Markus qəzəblənərək evinin hamamını dağıdır. Otto onu sakitləşdirir və Markus nəhayət özünü saxlaya bilməyib arvadının ölümündən sonra birinci dəfə olaraq ağlayır. Daha sonra Otto Markusla dərdləşərək sərxoş halda avtomobil idarə edərkən öz qızını qətlə yetirdiyini və bunun peşmanlığını hələ də daşıdığını etiraf edir, həmçinin Markusdan Matildanın xatirinə psixoloji kömək almasını istəyir.

Ertəsi gün "Cəngavərlər" Matildanın sevgilisi Siriusun sosial şəbəkədəki paylaşımlarından ipucu taparaq Markusun evinə hücum edirlər. Hücum zamanı evdə olan bir neçə nəfər yaralanır. Markus evə hücum edənlərdən bir neçəsini öldürməyə Nail olsa da, Kurt Matildanı girov götürür və Markus təslim olur. Lakin daha əvvəl Markustan silah atmaq üzrə təlim görmüş Otto, Lennart və Emmentayler ortaya çıxaraq "Cəngavərlər" qrupunun üzvlərini öldürür və Markus, Matilda və Siriusu xilas edirlər.

Bir neçə aydan sonra, Milad bayramında bütün qrup bərabər hədiyyələr açaraq bu bayramı qeyd edir və Markusla Matilda barışırlar.

Rollarda

Remeyk

2021-ci ilin noyabr ayında Lionsgate kinostudiyası filmin adaptasiyası versiyası üçün hüquqları satın almışdır. Layihənin prodüserləri Şon Levi, Den Livayn və Koen Livayn olmuşdurlar.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:2020-ci ilin döyüş komediya filmləri Kateqoriya:Danimarka döyüş komediya filmləri Kateqoriya:Danimarka komediya dram filmləri Kateqoriya:Rejissor Anders Tomas Yensenin filmləri Kateqoriya:Ssenari müəllifi Anders Tomas Yensen olan filmlər Kateqoriya:2020-ci illərin danca filmləri Kateqoriya:Zentropa filmləri Kateqoriya:Qara yumor filmləri Kateqoriya:Terrorizm haqqında filmlər