Touşan Esenova () — türkmən şairəsi, yazıçı, dramaturq, tərcüməçi, Türkmənistan SSR-in əməkdar şairəsi (1939), Türkmənistan SSR-in xalq yazıçısı (1974). 1949-cu ildən SSRİ Kommunist Partiyasının üzvü olub.

Bioqrafiyası Touşan Esenova Zakaspi vilayətinin Yüzbaşı kəndində dəmir yolu işçisinin ailəsində anadan olub. Əvvəlcə Aşqabadda internat məktəbində, sonra isə pedaqoji texnikumda təhsil almışdır. 1939-cu ildə Aşqabad Pedaqoji İnstitutunda ikiillik təhsilini başa vurmuşdur.

1920-ci illərin sonlarında milli teatrla işləməyə başlayıb. 1930-cu illərdə "Sovet Türkmənistanı" qəzetində işləyib. 1931-ci ildə 15 yaşlı Esenova Proletar Yazıçılar Assosiasiyasının I qurultayında iştirak etmişdir. 1934-cü ildə SSRİ-nin gənc yazıçıları üçün Moskvada təşkil olunmuş kurslara göndərilmişdir. 1935-ci ildə Türkmənistan qızlarının respublika at yürüşündə iştirak etmişdir.

1936-cı ildə aeroklubu bitirdikdən sonra təyyarə uçuşu həyata keçirən Türkmənistanın ilk qadın pilotu olmuşdur.

1950-ci illərdə "Sowet Türkmenistany aýallary" ("Sovet Türkmənistanının qadınları") jurnalının ilk redaktoru olmuş, "Sowet edebiýaty" ("Sovet ədəbiyyatı") jurnalında dramatik sənət şöbəsinə rəhbərlik etmişdir. 1964–1966-cı illərdə T. Esenova Türkmənistan Yazıçılar İttifaqının ədəbi məsləhətçisi olmuşdur.

1988-ci ildə dünyasını dəyişib.

Yaradıcılığı Touşan Esenova ilk türkmən qadın şairədir. Əsərlərini 1928-ci ildən etibarən dərc etdirməyə başlayıb. O, həmçinin Türkmənistan SSR himninin mətninin müəllifidir.

Əsərləri:

Şeir topluları: "Lina Odena" (1938) "Şərq qadınlarına" (1951) "Qırmızı çiçəklər" (1962) "Uzaqdan baxışlar" (1967)

Poema "Lenin və çoban qızının əfsanəsi" (1958) və s.

Kitablar "Ay doğacaq – bütün dünya görəcək" (1973)

Pyeslər "Şemşat" (1938, rus dilində tərcüməsi "Milyonçunun qızı", 1941) "Sənin məhəbbətinlə" (1969-cu ildə Türkmən Dram Teatrında səhnəyə qoyulub) "Lalə" (1968) "Ali təhsilli arvad" (1974)

O, eyni zamanda publisistik məqalələr və oçerklər müəllifidir. Onun yazıları SSRİ və Türkmənistan jurnal və qəzetlərində dərc olunmuşdur. Xüsusilə XX əsrin 70-ci illərinin sonunda "Ədəbiyyat qəzeti"ndə "Bu lənətə gəlmiş kalım" adlı publisistik məqaləsi ilə keçmişin "feodal-bəy adətləri"nə qarşı çıxaraq ümumittifaq səviyyəsində müzakirələrə səbəb olmuşdur. Esenovanın əsərləri rus, özbək, qazax, qırğız, tacik, eston, balkar, kabardin, karel, mordva, tatar və digər dillərə tərcümə olunmuşdur. O, özü də ədəbi əsərləri türkmən dilinə tərcümə etmişdir (məsələn: Nekrasov, Yanko Kupala, Mayakovski və b.).

İstinadlar

Kateqoriya:SSRİ dramaturqları Kateqoriya:Türkmənistan şairləri Kateqoriya:SSRİ tərcüməçiləri Kateqoriya:XX əsr dramaturqları Kateqoriya:XX əsr yazıçıları Kateqoriya:Rus dilindən tərcümə edənlər Kateqoriya:XX əsr tərcüməçiləri