İntellekt (ing. intelligence ~ ru. интеллект, интеллектуальный ~ tr. zeka, zeki) İntellekt sözü Latın mənşəlidir: intellectus – başa düşmə, intellegere – başa düşmək, inter – arasında, legere – seçmək. 1. Kompüterin aparat vasitələrinə aid işlədildikdə: informasiyanı emal etmək bacarığı. İntellektuallıq bütün kompüterlərin və özlərinin verilənləri emal edən vasitələri olan periferiya qurğularının xüsusiyyətdir. İntellektual olmayan qurğu, necə deyərlər, "düşüncəsiz" olur, məsələn, böyük kompüterlə bağlı olan giriş-çıxış monitoru verilənləri daxil edə və onları çıxara bilir, ancaq informasiyanı sərbəst emal edə bilmir. 2. Proqram təminatına aid işlədildikdə: sistemin durumunu izləmək və arzu olunan nəticəni almaq üçün proqramın müvafiq əməliyyatlar yaratmaq bacarığı. Məsələn, diskdən oxunan verilənləri gözləyən proqram həmin zaman başqa məsələni yerinə yetirməklə, bütövlükdə sistemin məhsuldarlığını yüksəltmiş olur. 3. Mühakimə və məntiq sahəsində: intellektuallıq, proqramın insan düşüncəsini modelləşdirmək bacarığıdır və ya maşının (məsələn, robotun) ətrafda baş verən dəyişikliklərə uyğun reaksiya vermək bacarığıdır.
Müxtəlif mənbələrdə intellekt anlayışının tərifi İntellekt anlayışının ümumi qəbul olunmuş tərifi hələ yoxdur. Bu qabiliyyət tədqiqatçılar tərəfindən fərqli şəkildə təsvir və izah edilir.
Oxford Dictionary of Psychology intelligence məqaləsini belə başlayır:"İntellekt koqnitiv (zehni, əqli) qabiliyyətdir." Lüğət məqaləni Amerika psixoloqu D. Wechslerin 1944-cü ildə intellektə verdiyi təriflə davam etdirir: "individualın, məqsədyönlü hərəkət etmək, rasional düşünmək və ətraf mühitlə effektiv rəftar etməsindən ibarət məcmu və ya qlobal qabiliyyətidir"Colman, A. (2001). Oxford Dictionary of Psychology. Oxford. University Press
Amerika psixoloqu R. Sternberg intellekti, real mühitə uyğunlaşmaq, bu mühitdə seçim etmək və onu formalaşdırmaqdan ibarət mental fəaliyyət hesab edir.Sternberg, R. J. (1985). Beyond IQ: A Triarchic Theory of Intelligence. Cambridge: Cambridge University Press.
Azərbaycan Sovet Ensiklopediyasında intellekt məqaləsi beıə başlayır: "(lat. intellectus – idrak, düşüncə, anlayış) – cisim və hadisələr arasındakı əlaqə və münasibətləri dərk edərək, insanın öz davranışını şəraitin tələbinə uyğun surətdə dəyişdirmək qabiliyyəti. İntellekt fəal və mürəkkəb idrak əməliyyatı sistemi olub, yalnız həll edilən məsələlərin mürəkkəbliyi ilə deyil, insan fəaliyyətinin istiqaməti, təhrik və motivlərin xarakteri ilə müəyyən olunur." Azərbaycan Sovet Ensiklopediyası (1980) Bakı İV hissə
İnsan intellektinin öyrənilməsinin erkən tarixi İngilis polimat (müxtəlif sahələrdə geniş biliklərə malik adam), antropoloq, tədqiqatçı, psixometrik və statistiki F. Galton (qalton oxunur) dövrünün qabaqcıl adamlarının bioqrafiyalarını araşdıraraq qabiliyyətlərin irsən keçməsini öyrənən tədqiqat apardı. Bu tədqiqatı o 1869-cu ildə Hereditary Genius kitabında təsvir etdi. Bir neçə il sonra Galton öyrəndiyi sahəyə aid sorğu tərtib etdi və onu Kral Cəmiyyətinə (Royal Society) daxil olan elm adamlarına göndərdi. Bu sorğu ilə o müəyyənləşdirməyə çalışdı ki, onun respondentlərinin ailələrinə aid cəhətlərilə (dünyaya gəlmə sırası, məşğuliyyət, irq) onların elmə maraqları arasında əlaqə varmı. Galton bu araşdırmaları 1874-cü ildə, English men of science: their nature and nurture kitabında nəşr etdirdi. Bu tədqiqatla o, şəxsiyyətin formalaşmasında irsiliyin və ya ətraf mühitin daha mühüm rol oynaması sualını (nature versus nurture) ortaya qoymuş oldu. Bundan başqa Galton ilk olaraq müxtəlif fiziki və mental göstəricilər arasında korrelyasiyanı ölçdü (1888). İntellektin öyrənilməsinin Galtonun bu tədqiqatları ilə başladığı hesab edilir. Galton ilk olaraq nümayiş etdirdi ki, Laplace-Gauss paylanması (normal paylanma) insanın psixoloji xüsusiyyətlərinə, o cümlədən də intellektə tətbiq oluna bilər.Galton, http://www.indiana.edu/~intell/galton.shtml
1904-cü ildə Fransız hökuməti inkişafda gecikmiş uşaqların təhsili üçün plan hazırladı və bu iş üçün psixoloqlardan ibarət komissiya təyin etdi. Komisiyaya tapşırıldı ki, belə uşaqları müəyyənləşdirmək üçün mexanizm hazırlasın. Bu komissiyanın üzvü olan Fransız psixoloqu Alfred Binet (bine oxunur) öz həmkarı T. Simon ilə birlikdə uşaqların qabiliyyətlərini müəyyənləşdirən, indi Binet-Simon şkalası adlanan testi hazırladı. Bu test sonradan Binet və Simon tərəfindən dəfələrlə təkmilləşdirildi.Alfred Binet, http://www.indiana.edu/~intell/binet.shtml
İngilis psixoloqu, faktor analizin müəllifi Charles Spearman 1904-cü ildə ümumi intellekt (general intelligence factor və ya g factor) ideyasını təklif etdi. Spearman mental testləri yerinə yetirmiş uşaqların nəticələrini gözdən keçirərkən müşahidə etdi ki, hər uşağın nəticəsini iki faktor istiqamətində bölmək olar. Bu faktorlardan biri həmin uşağın yerinə yetirdiyi müxtəlif sahələrə aid testlərdə eyni qalır, Spearman bunu g faktor adlandırdı. Digər faktor testdən testə dəyişirdi və Spearman bunu spesifik faktor adlandırdı.
1939-cu ildə Amerika psixoloqu David Wechsler müasirləşdirilmiş intellekt testini (Wechsler Adult Intelligence Scale – WAIS) yaratdı. Əsasında Binet-Simon şkalası duran Wechsler testi intellektin qiymətləndirilməsinə bir çox yeniliklər gətirdi.Human Intelligence, http://www.psych.utoronto.ca/users/reingold/courses/intelligence/
1930-cu illərdə digər bir Amerika psixoloqu Louis Leon Thurstone əvvəlki intellekt nəzəriyyələrindən daha fərqli olan Əsas Mental Qabiliyyətlər Teoriyasını yaratdı. O, intellekt testlərindən və bir qədər dəyişdiyi faktor analizdən istifadə edərək sübut etməyə çalışdı ki, intellekt yeddi əsas qabiliyyət vasitəsilə üzə çıxır: nitq səlisliyi, deyiləni dərk etmək, obrazları fəzada təsəvvür etmək, ədədlərlə işləmək, assosiativ yaddaş, mühakimə, qavrama sürəti.L. L. Thurstone http://www.indiana.edu/~intell/lthurstone.shtml Onun ideyaları sonrakı çoxtərəfli intellekt nəzəriyyələri üçün əsas oldu.
İntellektə aid müasir nəzəriyyələr
Maye və kristallaşmış intellekt (Fluid and crystallized intelligence) Amerika psixoloqu Raymond Cattel C. Spearmanın elmi fəaliyyətinin təsiri ilə insan intellektini tədqiq etməyə başladı. O Spearmanın ideyasını davam etdirərək 1960-cı illərdə belə nəticəyə gəldi ki, ümumi intellekt iki faktordan ibarətdir. Bu faktorları Cattel maye (fluid) və kristallaşmış (crystallized) intellekt adlandırdı. (Gf – General fluid intelligence və Gc – General crystallized intelligence kimi işarə edilir.)
Cattellə görə maye intellekt əvvəlki təcrübələrdən asılı olmadan, obyektlər arasında münasibətləri dərk etmək qabiliyyətidir. Kristallaşmış intellekt isə əvvəllər əldə edilmiş təcrübələrə əsaslanaraq məsələləri həll etmək bacarığıdır. Beləliklə obyektlər arasında əlaqənin kəşf edilməsi, baş verən hadisələrdə qanunauyğunluğun aşkarlanması, məsələlərin yeni həll yollarının tapılması maye intellektlə əlaqədardır. Əldə edilmiş biliklərin tətbiqi isə kristallaşmış intellekt ilə bağlıdır.
Nəzəriyyənin müəllifinin və onun davamçılarının fikrincə maye intellekt erkən gəncliyə qədər inkişaf edir və sonra onun səviyyəsi enməyə başlayır. Kristallaşmış intellekt isə orta yaşlara qədər artır, bir müddət sabit qalır və tədricən azalmağa başlayır. Gray, J. R., Kane, M. J. (2005). FLUID INTELLIGENCE In Neil J. Salkind (Ed.), The Encyclopedia of Human Development. Sage Publications. Cattell, R. B. (1963). Theory of fluid and crystallized intelligence: A critical experiment. Journal of EducationalPsychology
Çoxtərəfli intellekt (multiple intelligence) Amerika psixoloqu Howard Gardner tərəfindən 1983-cü ildə təklif edilən çoxtərəfli intellekt (multiple intelligence) nəzəriyyəsinə görə bütün insanlar eyni tipli intellektə malik olmurlar. Hər bir fərd fərqli sahələrdə başqalarından daha üstün intellektə malik ola bilər.
Howard Gardner yeddi belə sahə müəyyənləşdirdi və onları aşağıdakı kimi təyin etdi: Bədən-kinestetik (Bodily-kinesthetic) intellekti bədənin və onun hissələrinin çevikliyi və qıvraqlığını, ətraflardan (əllər və ayaqlardan) müxtəlif işləri keyfiyyətlə yerinə yetirmək və yaradıcılıq üçün istifadə etmək qabiliyyətini əhatə edir; Vizual-fəza (Visual-spatial) intellekti fəzada obyektlərin bir birinə nəzərən vəziyyətlərini, yerləşməsini müəyyən etmək və yerdəyişmə zamanı yarana biləcək dəyişikliyi təyin etmək qabiliyyətindən, obrazları və şəkilləri aydın təsəvvür etmə bacarığından ibarətdir; Musiqi (Musical) intellekti səsin yüksəkliyini, tonunu, ritmini ayırd etmək, müxtəlif səslərdən kompozisiya yaratmaq, melodiyanı səsləndirmək qabiliyyəti kimi müəyyən edilir; Verbal-linqvistik (Verbal-linguistic) intellekt dilləri öyrənmək qabiliyyətindən, fikrini şifahi və yazılı şəkildə dəqiq ifadə etmək bacarığından ibarətdir; Məntiqi-riyazi (Logical-mathematical) intellekt problemləri məntiqi analiz etmə, elmi tədqiqat aparmaq qabiliyyətlərindən, riyazi əməliyyatları aparma bacarığından ibarətdir; İnterpersonal (Interpersonal) intellekt başqa insanları anlamaq, onların niyyətlərini, hisslərini başa düşməkdən ibarətdir; İntrapersonal (Intrapersonal) intellekt insanın özünü anlaması, öz hisslərini, istəklərini, ehtiyaclarını müəyyən edə bilməsindən ibarətdir;The Theory of Multiple Intelligences by Lynn Gilman (Fall 2001) http://www.indiana.edu/~intell/mitheory.shtml Multiple Intelligence Theory http://www.psych.utoronto.ca/users/reingold/courses/intelligence/cache/mi.htm
Sonradan H. Gardner daha üç intellekt tipini siyahıya əlavə etdi. Bunlar aşağıdakılardan ibarətdir: Naturalist (Naturalistic) intellekt ətraf aləmi, təbiəti başa düşməkdən və onun qanunauyğunluqlarını anlamaqdan ibarətdir; Spiritual/Ekzistensial (Spiritual/Existential) intellekt həyatın mənasını aramaq, həyat və dinə aid suallara cavab tapmaq qabiliyyəti ilə əlaqədardır; Moral (Moral) intellekt başqa insanların maraqlarını nəzərə alaraq qərar qəbul etmək, gördüyü işlərə görə məsuliyyət daşıdığını anlamaq bacarığı ilə əlaqədardır.
H. Gardnerin fikrincə son iki tip intellektə aid dəqiq fikirlərə gəlmək üçün çox tədqiqat aparılmasına ehtiyac var.Howard Gardner's Multiple İntelligences http://www.businessballs.com/howardgardnermultipleintelligences.htm
Üçtipli intellekt (Triarchic Theory of Intelligence) Amerika psixoloqu Robert J. Sternberg 1985-ci ildə üçtərəfli intellekt nəzəriyyəsini təklif etdi. Bu ideya əvvəlkilərdən əhəmiyyətli dərəcədə fərqlənirdi. Sternbergə görə intellekt üç istiqamətdə inkişaf etməlidir: analitik – insan aldığı informasiyanı analiz etməyi, müqayisə etməyi, qiymətləndirməyi bacarmalıdır; kreativ (yaradıcı) – insan yeni ideyalar verməyi, problemlərin yeni həllini tapmağı, fərz etməyi, kəşf etməyi bacarmalıdır; praktik – insan nəzəriyyələri tətbiq etməyi, öyrəndiklərindən praktik olaraq istifadə etməyi bilməlidir.
Sternberg hesab edir ki, müasir təhsil sistemi insanların ancaq bilikləri yadda saxlamaq və analiz etmək qabiliyyətlərini qiymətləndirir. Bu zaman yaradıcılıq və bilikləri praktikada tətbiq etmək qabiliyyəti diqqətdən kənarda qalır.Educational Leadership Vol. 54, No. 6, March 1997 How Children Learn What Does It Mean to Be Smart? By Robert J. Sternberg http://www.psych.utoronto.ca/users/reingold/courses/intelligence/cache/sternext.html
Emosional intellekt Emosional intellekt anlayışı psixologiyaya H. Gardnerin, P. Saloveyin və J. Mayerin 1980-ci illərdə apardıqları tədqiqatlarla daxil oldu, lakin emosional intellekt nəzəriyyəsi Daniel Golemanın Emotional Intelligence (1995) adlı kitabının nəşrindən sonra populyarlaşdı. Ümumi şəkildə emosional intellekti H. Gardnerin nəzəriyyəsindəki interpersonal və intrapersonal intellektlərin cəmi kimi, başqa sözlə, insanın özünü və başqalarını başa düşmək qabiliyyəti kimi izah etmək olar.