Tavukgöğsü — toyuğun döş əti, süd, şəkər və düyü unundan hazırlanan, Türk mətbəxinə məxsus südlü desertdir. Osmanlı dövründə Topqapı Sarayında sultanlara təqdim edilən bu ləzzət, günümüzdə də Türkiyədə məşhur desertlərdən biridir.

Tavukgöğsünün Roma dövrünə aid "Apicius" adlı qədim resept toplusunda yer aldığı və oradan Şərqi Roma (Bizans) imperiyasına, daha sonra isə Osmanlı imperiyasına keçdiyi uzun müddətdir iddia olunur. Lakin "Apicius"un günümüzədək gəlib çatan heç bir nüsxəsində bu desertə dair konkret resept yer almır. X əsrə aid bənzər ərəb yeməkləri mövcuddur. Roma ilə əlaqəni sübut edən mənbələrin olmaması nəzərə alındıqda, Tavukgöğsünün Türk mətbəxinə ərəb mənşəli olaraq daxil olması ehtimal edilir.

Ənənəvi reseptdə toyuğun döş əti istifadə olunur. Ət qaynadıldıqdan sonra çox incə liflərə ayrılır və ya tamamilə hamar tekstura alınana qədər döyülərək yumşaldılır. Daha sonra süd, şəkər, düyü unu və digər qatlaşdırıcı maddələrlə, eləcə də adətən darçın kimi aromatik ədviyyatlarla qarışdırılır. Nəticədə, adətən müəyyən forma verilərək təqdim olunan, qalın və südlü bir pudinq əldə olunur.

Hazırlanması Qaynadılmış toyuğun döş əti üç-dörd saat soyuq suda saxlanıldıqdan sonra lif-lif ayrılana qədər parçalanır. Daha sonra bir qədər qaynar süd əlavə olunaraq yaxşıca əzilir. Ayrı bir qabda şəkər, süd və düyü unu ilə hazırlanmış qarışığa qatılır və saqqız kimi yapışqan konsistensiya əldə olunana qədər əzilərək bişirilir. Alınan qarışıq kiçik qablara tökülür, üzərinə darçın səpilir və soyumağa qoyulur.

Tarixi Orta əsrlər ərəb mətbəxində hazırlanmış muhallebilərin bir çoxuna toyuğun döş əti əlavə edilirdi. Avropada isə Tavukgöğsünə bənzər yeməklərdən olan blanmanje və me’mûniyye Orta əsrlərdə toyuq əti ilə bişirilsə də, müasir versiyaları bu ənənəvi reseptlərdən xeyli fərqlənir.

Tədqiqatçı Tuğrul Şavkaya görə, Romalı müəllif Apiciusun əsərində Tavukgöğsünə oxşayan bir resept mövcuddur.Şefin Sofrası Məlum olan ən qədim muhallebi reseptləri X əsrə aiddir və onlardan biri düyü və toyuqla hazırlanır. Osmanlı saray sənədlərinə əsasən, II Mehmed muhallebini daim toyuqlu şəkildə yeməyi üstün tuturdu. XIX əsrin əvvəllərində çap olunmuş ilk türk yemək kitabı olan "Melceü’t-Tabbâhîn"də də bu desertin reseptinə yer verilmişdir.

İstinadlar

Kateqoriya:Türkiyə mətbəxi Kateqoriya:Türkiyə mətbəxindəki yeməklər Kateqoriya:Türkiyə şirniyyatları Kateqoriya:Osmanlı mətbəxi Kateqoriya:Toyuq xörəkləri Kateqoriya:Desertlər