Nazim Ramiz oğlu Ələkbərov () — Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi (2006–2011), ədliyyə general-leytenantı (2009).

Həyatı Nazim Ramiz oğlu Ələkbərov 1960-cı ildə Bakı şəhərində anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Politexnik İnstitutunu mühəndislik, 1996-cı ildə isə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Polis Akademiyasını hüquqşünaslıq ixtisasları üzrə bitirmişdir.

Nazim Ələkbərov 1990-cı ildən Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində əmək fəaliyyətinə başlayaraq burada müxtəlif vəzifələrdə çalışmış, 1999–2001-ci illərdə 1 saylı Xüsusi müəssisənin rəis müavini, 2001–2004-cü illərdə 15 saylı Cəzaçəkmə müəssisəsinin rəisi işləmişdir. 2004-cü ilin may ayında Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsinə təyin edilmiş və 2005-ci ilin yanvar ayından isə baş idarənin rəisi vəzifəsini müvəqqəti icra etmişdir.

Azərbaycan Respublikası Prezidentinin 3 aprel 2006-cı il tarixli Sərəncamı ilə Nazim Ələkbərov Azərbaycan Respublikası ədliyyə nazirinin müavini — Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi təyin edilmişdir. 17 avqust 2006-cı ildə həmin baş idarənin Penitensiar xidmət adlandırılmasından sonra isə vəzifəsini ədliyyə nazirinin müavini — Penitensiar xidmətin rəisi kimi davam etdirmişdir. Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2011-ci il tarixli Sərəncamı ilə vəzifəsindən azad edilmişdir.

Nazim Ələkbərova 20 noyabr 2006-cı ildə ədliyyə general-mayoru ali hərbi rütbəsi, 18 noyabr 2009-cu ildə isə ədliyyə general-leytenantı ali xüsusi rütbəsi verilmişdir. Ədliyyə Nazirliyi Kollegiyasının 24 dekabr 2008-ci il tarixli qərarı ilə "Azərbaycan ədliyyəsinin 90 illiyi" xatirə medalı ilə təltif edilmişdir.

Ailəlidir, 3 övladı var.

İstinadlar

Kateqoriya:Azərbaycan Respublikasının ədliyyə nazirlərinin müavinləri