Simuzər Rza qızı Hətəmova () — Azərbaycan aktrisası, opera müğənnisi, muğam ifaçısı (xanəndə), Naxçıvan Muxtar SSR əməkdar artisti (1962).

Həyatı Simuzər Hətəmova 23 fevral 1923-cü il tarixində (bəzi versiyalara görə 1921-ci və ya 1925-ci ildə) Ağdamda anadan olmuşdu.

Uşaqlıqda Ağdam pionerlər və məktəblilər evində vokal qrupunun üzvü idi. 1938-ci ildə, təqribən 15 yaşı olanda, Moskvada Azərbaycan incəsənəti dekadasında çıxış etmişdi.

Gənc yaşından Ağdam dram teatrında işləməyə başlamışdı. Orada "Arşın mal alan" musiqi kamediyasında "Telli", "Əsli və Kərəm" operasında "Əsli", "Arşın mal alan"da "Gülçöhrə", "Fərhad və Şirin"də "Şirin", "Solğun çiçəklər"də "Sara", "Leyli və Məcnun" operasında "Leyli", "Aşıq Qərib" operasında "Şahsənəm" kimi rolları ifa etmişdi.

Böyük Vətən müharibəsi dövründə Simuzər Hətəmova tez-tez sənət dostları ilə birgə qastrollarda əsgərlər qarşısında konsertlər verirdi.

1955-ci ildən M. F. Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında işləyirdi. Orda ilk rolu "Leyli" ("Leyli və Məcnun") oldu. Bu rolun bir çox ifaçıları kimi, Simuzar Hətəmova zamanla "Leylinin anası" rolunun ifaçısı oldu.

Simuzər Hətəmovanın "Ərəbzəngi" rolunu ifa etdiyi "Şah İsmayıl" operasının 1957-ci ilin yazısı günümüzə çatıbdır. 1958-ci ildə bu operanın radio-montajı hazırlanmışdı, orada Simuzər Hətəmovaya "Ərəbzəngi" rolu verilmişdi.

Azərbaycan incəsənəti və ədəbiyyatının inkişafı sahəsindəki görkəmli xidmətlərinə görə və Moskva şəhərində Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyü ilə əlaqədar olaraq, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 9 iyun 1959-cu il tarixli Fəramanı ilə Simuzər Hətəmova "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif edilmişdi.

1962-ci ildə Simuzər Hətəmova Naxçıvan Muxtar SSR əməkdar artisti fəxri adına layiq görülmüşdü.

1974-cü ildə "Gəlin qayası" operasında "Ana" rolunu ifa etmişdi.

1977-ci ildə "Aşıq Qərib" operası lentə köçürülmüş, orada Simuzər Hətəmova "Qəribin anası" rolunu ifa etmişdi.

Simuzər Hətəmova 11 noyabr 2005-ci ildə Bakıda vəfat etmişdi.

İstinadlar

Kateqoriya:Azərbaycan xanəndələri Kateqoriya:Azərbaycan aktrisaları Kateqoriya:Naxçıvan MSSR əməkdar artistləri Kateqoriya:SSRİ-nin opera müğənniləri Kateqoriya:Azərbaycanın opera müğənniləri Kateqoriya:XX əsr aktrisaları Kateqoriya:SSRİ aktrisaları