Xəzər dənizi — Yer kürəsində səhəsinə görə ən böyük axmaz göl. Avropa və Asiyanın kəsişməsində yerləşir. Dibində okean tipli yer qatı yerləşdiyinə və dəniz ölçülərinə malik olduğuna görə dəniz adlanır. Suyun səviyyəsi dəyişkəndir, hazırda o okean səviyyəsindən təqribən – 28 metr aşağıdır. Xəzər dənizi dünyanın okeana çıxışı olmayan ən böyük su hövzəsidir və dünya göl sularının 44%-ni təşkil edir. Səviyyə tərəddüdündən asılı olaraq (10–20 %) dəyişməyə məruz qalır və orta hesabla 370 min km2 sahəni əhatə edir. Uzunluğu təqribən 1200 km, maksimal eni 466 km, minimum eni isə 204 km-dir. Xəzər dənizinin sahil xəttinin uzunluğu təqribən 6380 km-dir ki, onun da 825 km-i Azərbaycan Respublikasının payına düşür. thumb|300px|Xəzər dənizi hövzəsi

Etimologiyası Xəzər dənizi haqqında ən qədim məlumatlara Assuriya gil qablarının üzərindəki yazılarda rast gəlinir və o Cənub dənizi adlanır. Yunan tarix və coğrafiyaçısı Miletli Hekateyin (e.ə. VI əsr) əsərlərində bu dəniz Kaspiy və Hirkan kimi adlanır. Birinci etnonim o zaman dənizin cənub-qərb sahillərində, müasir Azərbaycanın ərazisində yaşamış kaspi xalqının adı ilə əlaqədardır. İkinci ad dənizin cənub-şərq küncündə yerləşmiş Hirkan ölkəsindən (farsça "canavarlar ölkəsi" deməkdir) yaranmışdır. Hər iki ad Herodot tərəfindən də istifadə olunur (e.ə. V əsr). Daha sonrakı qədim müəlliflər bu adlarla yanaşı, Coşqun və Hirkan dənizi adlarını işlədirlər. Qədim rus əlyazmaları abidələrində Xəzər dənizi Göy (monqol-türklərdən götürülmüşdür), Xarəzm (Amudərya çayının aşağı vadisində yerləşən və ərazisi Xəzər dənizinə qədər uzanan Xarəzm dövləti ilə bağlı), Xvalın, Dərbənd və.s kimi adlandırılır. Xəzər ətrafında yaşayan xalqlar da bu dənizə müxtəlif adlar vermişlər. Məsələn, ruslar — Xvalın, tatarlar — Ağ dəniz, türklər — Kiçik dəniz, çinlilər — Si Hay, yəni qərb dənizi. Rusiyada Kaspiy adı XVI əsrin əvvəllərində meydana gəlmişdir. Xəzər ətrafında yerləşmiş digər ölkələrdə bu su hövzəsi: Azərbaycanda — Xəzər (Xəzərlər — V–X əsrlərdə dənizin şimal-qərb sahillərində məskunlaşmış türkdilli millətdir), İranda Mazandaran, Qazaxıstanda və Türkmənistanda Kaspi dənizi kimi adlandırılmışdır. Antik dövrün Xəzər dənizini öyrənməklə məşğul olmuş alim və səyahətçilərinin maraqlı fikir və fərziyyələri əsasında, demək olar ki, özünün çoxəsrlik tarixi ərzində Xəzərin çoxlu adları olmuşdur. Bəzi mənbələrdə bu adların sayı 40-dək, bəzilərində isə 100-dək göstərilir. Həmin adlar adətən onun sahilində məskunlaşmış əhalinin, böyük tayfa birliklərinin adına görə, ya da sahilyanı zolaqda yerləşən şəhər, vilayət, ölkələrin adlarına görə verilirdi. Bu baxımdan Xəzərin Hirkan, Abeskun, Xəzər, Xvalınsk, Kaspi, Gürgan, Pontik, Kimmerik, Sarmat, Xorasan, Tabasaran, Mazandaran, Lənkəran, Göy, Ağdəniz, Rus, Bakı, Dərbənd və s. kimi adları bununla bağlı olmuşdur. Adlar içərisində yalnız Xəzər və Kaspi tarixi və coğrafi ad hüququ qazanaraq indiyə kimi qalmışdır.

Alban dənizi də adlandırılmışdır. Xvalin və ya Xvalis adlandırması qədim ruslar tərəfindən istifadə olunurdu. Bu adın Xarəzm əhalisinin qədim rusca adından, yəni xvalislərdən götürüldüyü ehtimal olunur. Xorasan dənizi adından da istifadə edilirdi. X əsr ərəb coğrafiyaşünası Məsudi "Kitab ət-tənbih və əl-işraf" (Xəbərdarlıq və yenidən gözdən keçirmə kitabı) əsərində göstərmişdir ki, Xorasan ölkəsinə yaxın olduğu üçün bəziləri Xəzər dənizini Xorasan dənizi də adlandırırdılar.

Tarixi Mütəxəssislərin fikrincə Mezozoy erasının başlanğıcında 30-min il davam edən Trias dövrü ərəfəsində Yer kürəsinin böyük sahəsini quru təşkil etmiş, sonralar həmin quru hissələri su basdığına görə dəniz əmələ gəlmişdir. Elmi ədəbiyyatda Tetis adlandırılan bu dənizin bir tərəfi İspaniyaya, o biri tərəfi, isə Zond adalarınadək çatırmış, lakin Mezozoy erasının sonunda, yəni 70 milyon il davam edən Təbaşir dövründə gil, qum və əhəngdaşı çöküntülərinin uzun tarixi dövr ərzində toplanaraq suyun səthinə çıxması quru əmələgəlmə prosesinə güclü təkan vermişdir. Proses bu mərhələ ilə dayanmayıb davam etmiş, nəticədə Xəzər dənizi, Qara dəniz hövzəsindən tədricən ayrılmışdır, amma tarixin müxtəlif dövrlərində Xəzərin sahəsi bəzən böyümüş, bəzən də kiçilmişdir. Tədqiqatçılar bu hövzənin İrandan Samara şəhərinədək geniş əraziyə malik Ağcaqıl dənizi kimi də adlandırmışlar. Müasir Xəzərin formalaşması müxtəlif mərhələlər keçməyinə baxmayaraq milyon il bundan qabaq iqlimin kəskin dəyişməsi (Avropada, Asiyada və Şimali Amerikada buzlaşma dövrü və onun əriməsi prosesi) onun ərazisinin dövrü olaraq dəyişməsinə təsir göstərmişdir. thumb|right|300px|1562-ci ildə ingilis səyyahı Cenkinsonun tərtib etdiyi Bakı şəhəri və Xəzər dənizinin xəritəsi Qədim yunan coğrafiyaşünası və tarixçisi Miletli Hekatey (e.ə. VI–V əsrlər) ilk dəfə olaraq Xəzərdən bəhs etmiş, onu okean körfəzi və Hirkan (Girkan) dənizi kimi adlandırmışdır. Sovet tarixçisi L. A. Yelnski isə Hekateyin və onun müasirlərinin coğrafi baxışlarını bütövlükdə təhlil edərək belə nəticəyə gəlir ki, yunan səyyahı bütün dənizləri (Aralıq dənizi istisna olmaqla), o cümlədən Xəzəri qapalı hesab etmişdir, lakin Herodotun dövründə Qırmızı, Ərəbistan və s. dənizlərin okeanla əlaqəsi aşkar edildi. Görünür tarixçi Herodot da bir dəniz haqqında olan baxışın mexaniki olaraq başqasına tətbiq edilməsinə qarşı çıxmışdır. Ona görə də Xəzərin heç bir dənizlə əlaqəsi olmadığını göstərmişdir. Xəzərə göl xarakteri e.ə. V–IV əsrlərdə daha çox irəli sürülürdü. Eyni zamanda, əks nəzəriyyələr də mövcud idi. E.ə. II əsrdə yaşamış Ptolomey də birmənalı olaraq Herodotun fikrini təsdiq etmişdir. Sərkərdə Makedoniyalı İsgəndərin qoşunları Sırdərya ətrafında olduğu zaman İsgəndərin silahdaşları belə hesab etmişlər ki, Sırdərya Xəzər dənizinə, Don çayı isə Azov dənizinə tökülür, Xəzər və Azov dənizi bir-birinə qovuşur. Hətta Aristotel də Xəzərin qapalı hövzə olmasını müdafiə edirdi, lakin onun Xəzərin Qara dənizlə yeraltı əlaqəsinin olması fikrinin nəyə əsaslandığı məlum deyil.

E.ə. IV əsrdə yaşamış Flavi Arrianın məlumatına əsasən hətta Makedoniyalı İsgəndər Xəzərin şimal və şərq okeanları ilə əlaqəsinin olması haqqında olan mübahisələrə son qoymaq məqsədilə əvvəlcə sərkərdə Partokla bu məsələni araşdırmağı tapşırmış, daha sonra onun bütün sahillərini yoxlamaq üçün cənubda dəniz donanmasının yaradılması haqda Heraklitə əmr etmişdir, lakin İsgəndərin ölümü bu məsələni 40 il geri saldı. Bunu onun varislərindən biri Selevk Nikator həyata keçirdi. O, e.ə. 285–280-ci illərdə Hirkan hakiminə Partokla əmr etdi ki, bütün sahilboyu səfər etsin və burada əsas məqsədlərdən biri Xəzərin xarakterini öyrənmək idi. Yəni o, başqa dənizlərlə birləşirmi, birləşirsə, hansı ilə. Partokl dövrünün savadlı dövlət xadimi və alimi idi, lakin səfər nəticəsində yazdığı əsərdə çox qəribə bir nəticəyə gəlmişdir. Tədqiqatçı Seyran Vəliyev yazır ki, Partokl Xəzərin şimalda şimal okeanı ilə birləşdiyi qənaətinə gəlmişdir. Həmin əsərin əldə olmamasına görə tədqiqatçı bunun səbəbini izah etmir, lakin bu haqda elmi ədəbiyyatda ziddiyyətli fikirlər vardır. Bəzi alimlərə görə Partokl Qaraboğazgöl körfəzinə gedən yolu okeana gedən boğaz hesab etmiş, başqalarına görə Manqışlağa qədər üzmüş yarımadanın şərqə döndüyündən okeanın başladığını zənn etmiş, bir başqasına görə isə Volqanı okeana gedən boğaz saymışdır. Yenə də L. A. Yelnski bunları təhlil edərək qeyd edir ki, Partokl Xəzərin yalnız Abşeron yarımadasınadək olan hissəsinədək üzmüş, qalan ərazini şimal dənizi hesab etmişdir. Beləliklə, bir neçə əsr ərzində qədim adamların Xəzəri okean körfəzi hesab etməsinə baxmayaraq e.ə. II əsrdə Ptolomey köhnə və yeni məlumatlar əsasında Xəzərin qapalı hövzə olmasını tam əminliklə söyləmişdir. Bu fikrin qələbə çalması, əlbəttə, bir əsrdən çox vaxtda mümkün olmuşdur. Sonrakı əsrlərdə də bu höfzəni okean körfəzi hesab edən alimlər olmuşdur. Bir məqamı yadda saxlamaq lazımdır ki, Xəzərin göl olması, qapalı hövzə olması həqiqəti 2 min ildən artıq mübahisədən sonra təsdiq edilmişdir. Belə nəticəyə gəlindi ki, Xəzəri Qara, Baltik və başqa dənizlərlə yanaşı qoymaq olmaz. Ümumiyyətlə, Xəzərin tarixi haqqında qədim dövrdə daha çox yunan müəllifləri (Hekatey, Herodot, Erotosfen, Strabon, Ptolomey və s.) ilk orta əsrlərdə isə yunanların fikirləri ilə tanış olmuş ərəb müəllifləri (Yaqut Həməvi, Zəkəriyyə Qəvzini, Əbül Fida, İstəxri, İdrisi) sonrakı əsrlərdə isə fars, türk, Avropa və rus səyyahları (İ. F. Seymanov, Q. V. Abix, N. N. Andrusov və s.) məlumat vermişlər. X əsrdə yaşamış Məsudi Xəzərdə üzən rus gəmiləri, Bakıda çıxarılan neft haqqında məlumat vermişdir. Eramızın 900-cü illərində ərəb müəllifləri İstəxri və İdrisi Xəzərin qapalı olduğunu sübut etmişdir. İstəxri yazırdı: "Hövzeyi-bəhru-əl Xəzərin bir nöqtəsindən çıxıb onun sahili boyu hərəkət etməklə, yenə həmin nöqtəyə qayıtmaq olar". thumb|300px|17-ci əsrdə yaşamış kazak quldur dəstələrinin başçısı Stepan Razin Xəzər dənizində yürüşə gedərkən. 1906-cı ildə çəkilmiş rəsm

Xəzərdəki neft haqqında tarixə belə fakt məlum olmuşdur ki, e.ə. 331-ci ildə Makedoniyalı İsgəndər İranı mühasirəyə alarkən qurduğu çadırı Xəzər sahilində yaşayan sakinlərin gətirdikləri gil qabın içərisində yanan neftlə işıqlandırmışdır. Bu hövzənin adı XV əsrdən müntəzəm olaraq Xəzər adlanmış, ilk xəritəsi isə 1616–17-ci illərdə çəkilmişdir. Xəzərin yeni və daha dəqiq xəritəsi 1717-ci ildə tərtib olunmuşdur. XVIII əsrin 20-ci illərində İ. F. Soymonov tərəfindən Xəzərin tədqiqi aparılmış 1731-ci ildə hidrocoğrafi tərkibdə ümumi xəritəsini nəşr etdirmişdir. XIX əsrin II yarısında isə Xəzərin tədqiqində İ. V. Tokmaçev və M. İ. Voynoviçemin xüsusi xidmətləri olmuşdur. XIX əsrin əvvəllərində Kolodkin birinci dəfə sahillərin kompas şəklini hazırladı, əsrin ortalarında bu iş kontr-admiral İ. İvasintsevin rəhbərliyi altında davam etdirildi. 1856-cı illərədək ekspedisiya işi davam etdirildi, 1874-cü ildə bu ekspedisiyaların nəticəsində iki cildlik Həştərxan-Bakı-Aşurada haqqında "qısa hidrocoğrafi təsvir və Xəzər dənizində üzməyə rəhbərlik" adlı bütöv atlas nəşr olundu. XIX əsrdə P. S. Kollas, K. M. Ber, Q. V. Abix, E. X. Lents, N. İ. Andrusov və digərləri Xəzərin təbii şəraitinin öyrənilməsi sahəsində müəyyən işlər görmüş, bu işdə Bakı gömrüyünün və Xəzərdəniz hidrometroloji idarəsinin əməkdaşlarının çox böyük xidmətləri olmuşdur. İ. M. Knipoviçin rəhbərlik etdiyi ekspedisiya 1904, 1912, 1915-ci illərdə Xəzərdə müxtəlif işlər görmüşdür. XX əsrin əvvəllərindən başlayaraq sovet geoloqları İ. M. Qubkin, B. A. Appolov, K. P. Voskresenki, II dünya müharibəsindən sonra bu işdə Azərbaycanlı mütəxəssislər K. K. Gül, E. M. Şıxlınski, A. Q. Qasımov, M. İ. Abakorov, A. İ. Xəlilov və başqaları Xəzər haqqında çox dəyərli tədqiqatlar aparmışlar. Azərbaycanlı alimlər əsasən Xəzərin tədqiqatına 1947-ci ildən başlamışlar. XVIII əsrdən etibarən mühüm iqtisadi-siyasi əhəmiyyətə malik olan, öz təbii sərvəti ilə məşhur Xəzər dənizi rusların diqqət mərkəzində olmuş, XIX əsrin 30-cu illərindən isə Azərbaycanın işğalından sonra bu hövzədən Rusiya və İran sərbəst şəkildə istifadə etmişlər. XIX əsrin sonlarından başlayaraq Xəzərin geoloji tarixi, neft qaz yataqları, bioloji şəraiti və s. tədqiqatlar bilavasitə azərbaycanlı mütəxəssislərin mühüm xidmətləri sahəsində aşkar olunmuşdur. Bu dövrdən etibarən Xəzərdə ağalıq uğrunda iki dövlətin Rusiya və İranın mübarizəsi daha səciyyəvidir ki, SSRİ dağılanadək burada bir çox maraqlı məqamlar diqqəti cəlb edir.