– Yaponiyanın Qunma prefekturasının Kanna qəsəbəsinin yaxınlığında yerləşən təbiət abidəsi. Dağ uçurumundakı bir divarda yerləşən qədim xəfif ləpə nişanələrindən və 50-yə yaxın dinozavr izindən ibarətdir.

Tarixi Sebayaşi xəfif ləpə nişanələri Kanna qəsəbəsinin 299-cu magistralı boyunca davam edən Sezanami-iva adlı dağ uçurumu divarında yerləşir. Nişanələr ilk dəfə 1953-cü ildə yol tikintisi zamanı kəşf edilmişdir. Kəşf edildiyi zaman sadəcə qədim xəfif ləpə nişanələrindən ibarət olduğu düşünülürdü. Yaxınlığında yerləşmiş keçmiş bir kəndin adı ilə Sebayaşi xəfif ləpə nişanələri adlandırılmışdır. 23 iyul 1965-ci ildə təbiət abidəsi elan olunmuşdur.

Qaya 1957-ci ildə Qunma Universitetinin alimləri tərəfindən araşdırılmış və xəfif ləpə nişanələrinin yanında "qəribə dəliklər"in olduğu bildirilmişdir. 1985-ci ildə ildə aparılmış araşdırmalar nəticəsində bu dəliklərin dinozavrların ayaq izləri olduğu məlum olmuşdur. Bu, Yaponiyada kəşf edilmiş ilk dinozavr izləri kimi tarixə düşmüşdür. Burada 50-dən çox dinozavr izi müəyyən edilmişdir. Dinozavr izlərinin kəşf edildiyi həmin il Kanna qəsəbəsinə 30.000-dən çox turist gəlmişdir. Nəticədə, Kanna qəsəbəsi özünü "dinozavr krallığı" kimi tanıtmağa başlamışdır. 1987-ci ildə burada Kanna Dinozavr Mərkəzi açılmışdır.

Xüsusiyyətlər Abidənin yerləşdiyi yer Mezozoy dövründə – təxminən 100 milyon il əvvəl qumlu okean sahili idi. Su hərəkəti nəticəsində qumda xəfif ləpə nişanələri yaranmış və fosilləşmişdir. Qayada Mezosoy dövrünə aid balıqqulağı fosilləri aşkar edilmişdir. Qaya 12 metr hündürlüyündə və 10 metr genişliyindədir.

İstinadlar

Xarici keçidlər Kanna Dinozavr Mərkəzi

Kateqoriya:Yaponiya uçurumları Kateqoriya:Yaponiyanın təbiət abidələri Kateqoriya:Fərdi qayalar Kateqoriya:Qunma prefekturası relyefi Kateqoriya:Kanna (Qunma)