Böyük Malta mühasirəsi () — 1565-ci ilin may–sentyabr aylarında Osmanlı sultanı Qanuni Sultan Süleymanın ordusu tərəfindən Malta adasının mühasirəsi. O dövrdə ada Malta hospitalyerləri tərəfindən işğal edilmişdi. Mühasirə Aralıq dənizində hökmranlıq uğrunda Avropa gücləri ilə Osmanlı imperiyası arasındakı rəqabətin pik nöqtəsi idi.

1522-ci ildə Sultan Süleyman tərəfindən Rodos adası ələ keçirildikdən və ordenin cəngavərləri səkkiz il Avropanı dolaşdıqdan sonra 1530-cu ildə Maltaya gəldilər. Onlar Osmanlı gəmiləri tərəfindən təqib edilirdi. Hospitalyerlərin piratçılıq fəaliyyətindən xəbərdar olan Süleyman Qanuni ordusunu Malta arxipelaqına göndərmək qərarına gəldi. Bunun digər bir məqsədi isə orada strateji dəniz bazası yaratmaq idi. 1565-ci il may ayının sonunda Mustafa paşa və Piyalə paşanın komandanlığı altında türk ordusu və donanması Maltaya gələrək adanın qalalarını mühasirəyə aldı. Ordenin Böyük magistrı Jan Parizo de la Valett İtalyan və İspan muzdluları və Malta milisləri tərəfindən dəstəklənən orden cəngavərlərinə rəhbərlik edirdi. Müdafiəçilər möhkəmləndirilmiş Birqu və Senqlea şəhərlərinə sığınaraq İspaniya kralı II Filippin vəd etdiyi yardımı gözləyirdilər. Hücum edənlər mühasirəni limanın girişini qoruyan Sen-Elmo qalasına hücum edərək başladılar. Cəngavərlər düşmən qüvvələrinin əhəmiyyətli bir hissəsini məhv edərək, vaxtı gecikdirərək qalanı bir ay saxlaya bildilər. İyulun əvvəlində türklər Birqu və Senqleanı mühasirəyə aldılar. Üç ay ərzində Osmanlı artilleriyasının say üstünlüyünə və gücünə baxmayaraq, türklərin bütün hücumları uğursuz oldu. Sentyabrın əvvəlində Siciliyanın vitse-kralı Don Qarsiya de Toledonun başçılıq etdiyi ordu Maltaya gəldi və türklər uğursuzluqdan ruhdan düşərək, xəstəlik və aclıqdan zəifləyərək geri çəkilmək məcburiyyətində qaldılar.

Qələbə ordenə böyük nüfuz qazandırdı və müsəlman ekspansiyasına qarşı xristian dünyasının müdafiəçisi kimi onun şöhrətini bərpa etdi. Mühasirə XVI əsrdə Avropa tarixində ən məşhur hadisələrdən birinə çevrildi. Volter deyib: "Süleymanın bəxti gətirmədiyi mühasirədən, yaxşı heç nə məlum deyil". Məğlubiyyət, ağır itkilərdən başqa, Osmanlı imperiyası üçün ciddi hərbi nəticələr yaratmasa da, Osmanlı ordusunun yenilməzliyinə inamı sarsıtdı və Aralıq dənizi tarixində yeni bir dövrün — İspaniya hökmranlığının başlanğıcı oldu.

Mühasirə bitdikdən sonra, əvvəlcə Şiberras yarımadasını qorumaq üçün Çitta Umilissima adlanan yeni şəhər tikildi ( və ya ). Şəhər daha sonra Jan de la Vallettin şərəfinə adlandırıldı. ()

Tarixi mənbələr Grande Soccorso (Böyük kömək) üzvü Françesko Cirni, 1567-ci ildə nəşr olunan Cometarii d'Antonfrancesco Cirni Corso kitabında öz müşahidələrini və müdafiənin digər iştirakçıları ilə söhbətlərini yazıb. Mühasirə zamanı Messinada yaşayan Covanni Antonio Viperano, mühasirədən sonra adanı gəzib və elə həmin 1567-ci ildə şahidlərin təsvirlərini və müəllifin öz müşahidələrini özündə əks etdirən "De Bello Melitensi Historia" əsərini nəşr etdirib. Osmanlı donanması ilə səyahət edən Genuya casusu Breqante türklər tərəfdən hadisələri müşahidə edərək, 5 səhifəlik qeydlərini Genuyaya göndərmişdi. Onun iyula qədər olan hadisələrlə yekunlaşan qeydləri, demək olar ki, Qərb mənbələrini təsdiqləyirdi. Ən ətraflı və dəqiq hesabatı adanın müdafiəsinin iştirakçısı, ispan korpusunda arkebuzçu kimi xidmət edən italyan muzdlu Françesko Balbi di Korrecio verib. Onun mühasirə haqqında "La verdadera relación de todo lo que el anno de M. D. LXV ha succedido en la isla de Malta" adlı hesabatı 1566 və 1568-ci illərdə dərc edilmişdir. Vinçenzo Anastaqi (Mdinadakı süvari dəstəsinin komandiri) və Orden cəngavər Hippolit Sanz da mühasirə ilə bağlı xatirələrini paylaşıblar. Jan de la Valettin Ordenin başçıları ilə: Papa ilə, Don Qarsiya və II Filiplə, həmçinin Siciliya vitse-kralı Don Qarsiyanın II Filiplə yazışmaları, Meskitanın evindən Madridə göndərilən hesabatlar qorunub saxlanılmışdır.

Mühasirə haqqında bir neçə Osmanlı hesabatı bu günə gəlib çatmışdır. Digər səbəblərlə yanaşı, Osmanlı imperiyasında 1729-cu ilə qədər çap qadağan edilmişdi ki, bu da informasiyanın yayılmasına mane olurdu. İbrahim Peçevi və Mustafa Salonikinin müəyyən yığcam hekayələri də vardır. Arxivlərdə sərkərdələrin divana və sultana göndərdikləri hesabatlar, habelə Osmanlı sarayındakı Avropa səfirlərinin öz monarxları ilə diplomatik yazışmaları da qorunur.

Tarixçilərin əsərləri arasında Cakomo Bozionun (1544–1627) "Dell'istoria della Sacra Religione, Giovanni di Santo dell'illustrissima milizia Gierosolimitano" əsərini qeyd etmək olar ki, 1594-cü ildə nəşr olunan bu əsər Orden tarixində mühasirənin ən dolğun təsvirini verən yeganə əsərdir.

Erkən tarixi 281x281px|thumb|Filipp Vilers de Lil-Adamın 26 oktyabr 1530-cu ildə Maltanı ələ keçirməsi. Rene Teodor Berton (1776–1859). Səlib yürüşləri zalı, Versal sarayı Hospitalyerlər ordeni "Müqəddəs İoann ordeni" və ya "Müqəddəs İoann cəngavərləri", "Malta cəngavərləri" və "Rodos cəngavərləri" kimi də tanınırdı. 1522-ci ilin sonunda Qanuni Sultan Süleyman altı aylıq mühasirədən sonra Rodosu ələ keçirdi və ordeni qovdu. 1523-cü ildən 1530-cu ilə qədər ordenin daimi yeri yox idi. Orden və Müqəddəs Roma imperatoru V Karl arasında qarşılıqlı etimadsızlıq nəticəsində yaranan çoxlu tərəddüd və danışıqlardan sonra, cəngavərlərin Fransa ilə əlaqələrindən qorxan Karl, Papa VII Klementinin təzyiqinə boyun əydi və ordeni Malta adasının əmrinə verdi. 26 oktyabr 1530-cu ildə Ordenin Böyük magistrı Filip Vilers de Lil-Adam ardıcıllarının bir hissəsi ilə Malta limanına gəldi. Bunun müqabilində Siciliya vitse-kralına hər il bir şahin göndərilməsi və Bütün Müqəddəslər günündə təntənəli şəkildə bayram edilməsi əmri verildi. Həm də orden imperatora qarşı silahlanmamalı idi. Lakin Karlın adanı sərəncama verməsinin əsas səbəbi, cəngavərlərin Şimali Afrika sahillərindəki Tripoli şəhərini müdafiə edəcəkləri idi. Tripoli, Osmanlı imperiyasının müttəfiqlərindən olan Bərbər piratlarının nəzarətində olan ərazidə idi.

Orden təklifi könülsüz qəbul etdi, çünki Malta kiçik, boş bir ada idi və uzun müddət ərzində bir çox cəngavər Rodosa qayıtmaq ümidini hələ də itirməmişdi. Cəngavərlərin dəniz fəaliyyəti onların məskunlaşdıqları yeri — adanın şimal sahilində təyin etdi. Onlar hər iki tərəfdən iki böyük körfəzlə — Marsamxet və Marsa (indiki Böyük liman) ilə əhatə olunmuş qayalı Şiberras yarımadasını seçdilər. Vilers de Lil-Adam hər iki körfəzə nəzarət edən yarımadanın əlverişli yerini bilirdi və orada məskunlaşmağı planlaşdırdı, lakin bunun üçün kifayət qədər vəsait yox idi. Cəngavərlər Mars körfəzinin o biri tərəfindəki bir yarımadada mövcud olan Borqo (Birqu) qəsəbəsində məskunlaşdılar. Bütün Birqu yarımadası dənizdən Sen-Anjelo qalası ilə əhatələnmişdi.

1535-ci ildə orden cəngavərləri V Karl tərəfindən Tunisin tutulmasında iştirak etdilər. Onlar Osmanlı gəmilərini, Osmanlı korsarları isə öz növbəsində xristian gəmilərini tuturdular. Aralıq dənizi üçün xarakterik olan bu döyüş növü müqəddəs müharibə bəhanəsi ilə hər iki tərəfdən dəniz quldurluğu idi. Əldə edilən qənimətlər çatışmayan maliyyəni tamamladı və müdafiə strukturlarının tikintisi üçün zəruri olan tikinti işlərini həyata keçirməyə imkan verdi.

1540-cı illərdə Osmanlı dəniz quldurları basqınlarını artırdılar. Buna görə də 1540-cı illərdə Böyük magistr Xuan de Homedesin rəhbərliyi ilə növbəti Osmanlı istilası ərəfəsində əlavə tikinti işləri aparılmışdır. Birqudakı Sen-Anjelo qalası (indiki Vittoriosa) möhkəmləndirildi və iki yeni qalanın: Birqunun cənubunda yerləşən yarımadada Sant Mişel və Şiberras yarımadasının qurtaracağındakı Sen-Elmo qalalarının tikintisinə başlandı. 1550-ci ildə cəngavərlər Turqut Rəisin (Draqut) gəmilərinin yerləşdiyi Mehdiyə şəhərinə hücum edərək onu yandırdılar. Cavab olaraq Draqut Osmanlı admiralı Sinan Paşa ilə birlikdə 1551-ci ilin iyulunda Maltaya endi və adanı viran etdi. Nə Birqunu, nə də Mdinanı birdən tutmaq mümkün olmayanda Draqut və Sinan Paşa qonşu Qozo adasına gəldilər və buradan bir neçə gün qalanı atəşə tutdular. Qozo qubernatoru Celatian de Sessa müqavimətin əbəs olduğuna qərar verərək qalanın qapılarını onların üzünə açdı. Korsarlar şəhəri işğal etdilər və Qozonun demək olar ki, bütün əhalisini (təxminən 5 min nəfər) ələ keçirdilər. Draqut və Sinan Paşa daha sonra cənuba üzərək Tripoliyə getdilər və orada avqustun 14-də orden cəngavərlərindən ibarət qarnizonunu ələ keçirdilər. Öncə yerli bəy Hadım Murad Ağanı vali təyin etdilər, lakin sonradan Draqut özü Tripoli bəylərbəyi oldu.

Omedesin varisi Klod de la Sanql Birqunun cənubunda yerləşən yarımadanı inkişaf etdirərək, Sen-Mişel qalasını gücləndirdi (la Sanqlyanın şərəfinə bu yarımada Senqlea adlandırıldı). Qalalar 1552-ci ildə altı ay ərzində tələsik tikildi və Maltanın etibarlı dəniz bazasına çevrildi. Hər üç qala (Sen-Anjelo, Sen-Mişel və Sen-Elmo) Böyük mühasirə zamanı Osmanlı ordusuna müqavimət göstərməkdə mühüm rol oynamışdır. Adanın Aralıq dənizinin mərkəzində olması onu strateji əhəmiyyətli nöqtəyə çevirdi və Aralıq dənizinin şərq və qərb hissələri arasındakı su yollarına nəzarət etməyə imkan verdi. Ancaq Maltaya qoyulan bütün pul sərmayəsinə baxmayaraq, cəngavərlər Rodosa qayıtmaq istəyirdilər və Maltada qalmalarını müvəqqəti hesab edirdilər. thumb|right| Jan Parizo de la Valett|282x282px Sonrakı bir neçə il nisbətən sakit keçdi, baxmayaraq ki, müsəlmanlar və xristianlar arasında döyüşlərin intensivliyi səngimədən davam edirdi. 1557-ci ildə cəngavərlər Jan Parizo de La Valettanı ordenin Böyük magistrı seçdilər. O, Böyük magistr olduğu müddətdə təxminən 3000 müsəlman və yəhudi qulunu əsir götürərək qeyri-xristian gəmilərinə hücum etməyə davam etdi.

Öz növbəsində, 1559-cu ilə qədər Draqut avropalıları elə bir fəlakətə uğratdı ki, hətta İspaniya sahillərinə basqın etməyə cəsarət etdi ki, bu, kral II Filippi dəniz quldurlarını Tripolidən qovmaq üçün əlli ildə ən böyük dəniz ekspedisiyasını təşkil etməyə məcbur etdi. Cəngavər hospitalyerler, 54 qaladan ibarət, 14 min nəfəri daşıyan İspan eskadronuna qoşuldular. Bu uğursuz yürüş, 1560-cı ilin mayında Osmanlı admiralı Piyalə Paşanın Cerba adasının yaxınlığında Avropa güclərinin donanmasını məğlub edərək gəmilərinin təxminən yarısını ələ keçirməsi və ya batırması ilə dəniz döyüşü ilə başa çatdı. Cerbadakı məğlubiyyət xristianlar üçün fəlakət oldu və döyüş Aralıq dənizində Osmanlı hökmranlığının yüksək nöqtəsi idi. Döyüşdən sonra Cerbadakı türklərin yenidən Maltaya hücum edəcəyinə şübhə qalmırdı. Bu ada Osmanlıların uzunmüddətli planları üçün böyük strateji əhəmiyyət kəsb edirdi, çünki Siciliyanın tutulması üçün tramplin rolunu oynaya bilər, Siciliya isə öz növbəsində Neapol krallığının işğalı üçün bazaya çevrilə bilərdi. 1560-cı ilin avqustunda vəziyyət o qədər gərginləşdi ki, Jan de la Valett ordenin Maltada olmayan bütün cəngavərlərinə xəbər gələn kimi Maltaya qayıtmağa hazırlaşmalarını əmr etdi. İspan donanmasının praktiki olaraq məhv edildiyi Cerbadan dərhal sonra türklər hücuma keçməməklə strateji səhvə yol verdilər: beş illik gecikmə İspaniyaya gücünü bərpa etməyə imkan verdi.

Hazırlıqlar

Süleymanın qərarı thumb|right|I Süleyman|367x367px