– 2018-ci ildə Yaponiyada buraxılmış elmi fantastika vizual romanı və interaktiv film videooyunu. "Science Adventure" seriyasına daxildir. Oyun 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş, animasiya edilmiş remeykidir. Oyunun hazırlanması zamanı 2011-ci ildə yayımlanmış anime serialının səhnələrindən, eləcə də, White Fox studiyası tərəfindən hazırlanmış yeni animasiyalardan istifadə olunmuşdur.
Oyun Çiyomaru Şikura tərəfindən vizual roman janrını inkişaf etdirmək məqsədilə yaradılmışdır. O, xüsusilə, tam animasiya olunmuş "Yarudora" oyun seriyasından təsirlənmişdir, lakin yüksək xərclər və uzun istehsal müddəti səbəbilə mövcud animasiyalardan istifadə etməyə qərar vermişdir. Oyun tənqidçilər tərəfindən bəyənilmişdir.
Ümumi baxış "Steins;Gate Elite" elmi fantastika janrında olan vizual roman və interaktiv film oyunudur. 2009-cu ildə buraxılmış "Steins;Gate" oyununun yenilənmiş versiyasıdır. "Science Adventure" seriyasına daxil olan digər oyunlardan fərqli olaraq tam animasiya olunmuşdur. Oyundakı animasiya səhnələrinin çoxu 2011-ci ildə yayımlanmış "Steins;Gate" anime serialından götürülmüşdür. Anime serialında olmayan hekayə yolları üçün White Fox tərəfindən yeni animasiya səhnələri hazırlanmışdır. Oyunda orijinal oyunun səs dialoqlarından və yazılarından da istifadə olunmuşdur. Oyunçu ekrandakı mətni oxuduqdan sonra düyməyə basmalı və animasiyanı həyata keçirməlidir. Bəzi məqamlarda oyunçunun etdiyi seçimlər hekayənin budaqlanmasına və fərqli sonluqların olmasına gətirib çıxarır.
İstehsal "Steins;Gate Elite" 5pb. tərəfindən inkişaf etdirilmiş, Çiyomaru Şikura tərəfindən planlaşdırılmış və Tatsuya Matsuhara tərəfindən istehsal olunmuşdur. Yeni animasiyalar anime serialının da istehsalçısı olan White Fox studiyası tərəfindən hazırlanmışdır. Şikura uzun müddət vizual roman janrını necə inkişaf etdirmək barədə düşünürdü. O, tam animasiya olunmuş "Yarudora" seriyasından təsirlənmiş, tam animasiya olunmuş vizual romanın personajları daha yaxşı təsvir etməsini bəyənmişdir. Lakin o başa düşmüşdür ki, bu cür vizual roman hazırlamaq böyük büdcə və vaxt tələb edir. Nəticədə, köhnə animasiyalardan istifadə etməyin daha məqsədəuyğun olduğunu hesab etmiş və hekayənin böyük hissəsinin təsvir olunduğu animedən istifadə etməyə qərar vermişdir.
Lakin anime səhnələrinin oyuna daxil edilməsində bir sıra çətinliklər yaşanmışdır. Tipik vizual romanda hər personaj ancaq oyunçu düyməyə basdıqca danışır və hərəkət edir, lakin animedə bir neçə personaj eyni anda danışa və hərəkət edə bilər. Buna görə də anime səhnələri yenidən işlənmiş və hər personajın hərəkətləri öz animasiyalarına bölünmüşdür. Oyunçu personaj bəzən öz mobil telefonundan istifadə etdiyi üçün buna uyğun yeni animasiyalar əlavə olunmuşdur. Digər çətinlik orijinal oyun və anime adaptasiyası arasındakı fərqliliklər idi: bəzi səhnələr zamanı animedəki personajlar oyundakından fərqli məkanda ola bilirdilər. Bu cür situasiyaları həll etmək altı ay çəkmişdir. İstifadəçi intefeysi də yenidən dizayn olunmuşdur.
Buraxılış thumb|left|Kanako İto oyunun "Cosmic Looper" adlı açılış mahnısını ifa etmişdir.|alt=Kanako İtonun 2012-ci ilə aid fotosu. Oyun 2017-ci ilin mayında Tokioda baş tutmuş Chiyo-ST Live 2017 Genesis tədbiri zamanı anons edilmişdir. 2017-ci ildə baş tutmuş Tokio Oyun Şousu verilişi zamanı oyun nümayiş etdirilmiş və 7 dəqiqlik demo versiyası təqdim olunmuşdur. "Tam animasiyalı macəra" kimi təqdim olunan tam oyun 20 sentyabr 2018-ci ildə Yaponiyada PlayStation 4, PlayStation Vita və Nintendo Switch platformaları üçün buraxılmışdır. Oyunun əvvəlcə 15 mart 2018-ci ildə buraxılması planlaşdırılsa da, keyfiyyəti artırmaq məqsədilə təxirə salınmışdı. 2018-ci ilin martında Spike Chunsoft oyunu Şimali Amerika və Avropada PlayStation 4, Nintendo Switch və Microsoft Windows platformaları üçün buraxacağını açıqlamış və 19 fevral 2019-cu ildə buraxmışdır. İngiliscə versiya üçün orijinal oyunun ingiliscə buraxılışının mətnindən və yaponca audiosundan istifadə olunmuşdur. 15 oktyabr 2019-cu ildə Yaponiyada iOS versiyası buraxılmışdır.
PlayStation 4, PlayStation Vita və Microsoft Windows versiyalarına 2013-cü ildə buraxılmış "Steins;Gate: Linear Bounded Phenogram" oyununun HD remasteri, Nintendo Switch versiyasına isə "Steins;Gate" oyununun 1980-ci illərin üslubunda olan 8-bit ADV versiyası daxil edilmişdir.
Qəbul
Prereliz Oyunun demo versiyasına rəy bildirən Famitsu orijianl oyunu oynamalarına və animeni izləmələrinə baxmayaraq, oyunun yeni hiss etdirdiyini bildirmişdir. Əlavə olunmuş animasiyalara görə onlar orijinal oyundakından daha çox "təcililik" hiss etdiririr. Dengeki PlayStation əvvəlcə animenin animasiyaları ile remeyk hazırlamağa mənfi yanaşsa da, demonu oynayanda təəccüblənmişdirlər. IGN demonu bəyənmiş, vizul romanın stabil arxa plan və şəkillərindən fərqli olaraq bu oyunun monoton hiss etdirmədiyini bildirmişdirlər.
Postreliz Oyunun PlayStation 4, Nintendo Switch və PlayStation Vita versiyaları debüt həftəsində Yaponiyada ən çox satılan 2-ci, 4-cü və 20-ci videooyunlar olmuş, ümumilikdə 30.445 nüsxəsi satılmıdır. PC versiyası Steam platformasında ayın ən çox satılan yeni oyunlarından biri olmuşdur.
"Steins;Gate Elite" Metacritic tərəfindən müsbət rəylər almış, ilin ən yaxşı rəy alan 10-cu PlayStation 4 oyunu və 22-ci Nintendo Switch oyunu olmuşdur. Famitsu vizual romanı oxumaq və animasiyaları izləmək kombinasiyasını bəyənmiş, yeni animasiya səhnələrini tərifləmişdir.
Digər media Oyunun açılış mahnısı "Cosmic Looper", daxili mahnıları "Technovision", "Sky Clas Observer" və "A. R.", eləcə də, birinci bağlanış mahnısı "Another Heaven" Kanako İto tərəfindən ifa olunmuşdur. İkinci bağlanış mahnısı və daxili mahnı "Masquerade" Yui Sakakibara tərəfindən ifa olunmuşdur. Həm açılış, həm də bağlanış mahnıları 19 sentyabr 2018-ci ildə sinqllar kimi buraxılmışdır. 18 mart 2018-ci ildə Mages tərəfindən tam orijinal saundtrek yayımlanmışdır.
2020-ci ilin yanvarında "Science Adventure Live" tədbiri zamanı "Steins;Gate 0" oyunu üçün də "Steins;Gate 0 Elite" adlı remeyk anons edilmişdir. Oyun Mages tərəfindən hazırlanır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:2018-ci ilin videooyunları Kateqoriya:Steins;Gate Kateqoriya:PlayStation 4 videooyunları Kateqoriya:PlayStation Vita videooyunları Kateqoriya:Spike Chunsoft oyunları Kateqoriya:Alternativ sonluqlu videooyunlar Kateqoriya:Yaponiya videooyunları Kateqoriya:White Fox Kateqoriya:İOS videooyunları Kateqoriya:Vizual romanlar Kateqoriya:Windows videooyunları Kateqoriya:Birnəfərli videooyunlar Kateqoriya:Nintendo Switch videooyunları