Cemal Kütahya () – Türkiyə həndbolçusu. Türkiyənin həm milli həndbol komandasının, həm də milli çimərlik həndbolu komandasının kapitanı idi.
Karyerası Həndbol karyerasına Akdeniz Universitetinin komandasında başlamışdır. Türkiyədə "Ankara İl Özəl İdarə", "İstanbul Yeditəpəspor", "Ankaraspor", "Antalyaspor", "Beykoz Bələdiyyəsi" klublarında, Qətərdə "Əl-Şəmal" klubunda, Rumıniyada isə "Suçava" klubunda çıxış etmişdir. "Əl-Şəmal" klubu ilə 2020-ci ildə Ərəb Çempionlar Liqasının qalibi olmuşdur. Sonuncu klubu Türkiyənin "Hatay Böyüşəhər Bələdiyyəspor" idi və komandası Türkiyə çempionatında məğlubiyyətsiz irəliləyirdi.
Cemal Kütahya Türkiyə milli həndbol komandasının kapitanı kimi 2022-ci ildə baş tutmuş İslam Həmrəylik Oyunlarında çıxış etmiş və gümüş medalın sahibi olmuşdur. Türkiyə millisinin heyətində 150-dən çox oyuna çıxmışdır.
Çimərlik həndbolu O, Türkiyə milli çimərlik həndbol komandasının da kapitanı olmuşdur. 2019-cu ildə 172 qolla, 2021-ci ildə isə 151 qolla çimərlik həndbolu üzrə keçirilmiş Avropa çempionatlarının bombardiri olmuşdur. Dalbadal iki çempionatın bombardiri olan ilk həndbolçu olmuşdur. 2015-ci ildə İtaliyanın Peskara şəhərində baş tutmuş Aralıq Dənizi Çimərlik Oyunlarında milli komanda ilə üçüncü olmuşdur.
Ölümü 6 fevral 2023-cü ildə baş vermiş Türkiyə–Suriya zəlzələsində Antakyada yaşadığı evin dağıntıları altında qalaraq 5 yaşlı oğlu Çınar Kütahya ilə birlikdə ölmüşdür. 15 fevralda Konyanın Kurtuluş qəbiristanlığında dəfn olunmuşdur.
İstinadlar
Xarici keçidlər Avropa Həndbol Federasiyası profili
Kateqoriya:Türkiyə–Suriya zəlzələsində (2023) ölənlər Kateqoriya:Türkiyə həndbolçuları Kateqoriya:Çimərlik həndbolçuları Kateqoriya:Kişi həndbolçular Kateqoriya:2021 İslam Həmrəyliyi Oyunlarında medal qazananlar