Azərbaycanın İrandakı səfirliyinə terror hücumu — 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyinə silahlı hücum. Hücum edən şəxs, İran vətəndaşı Yasin Hüseynzadə "Kalaşnikov" markalı avtomat silahla mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. Bu zaman səfirlik əməkdaşları onu zərərsizləşdirməyə cəhd göstərmişdir. Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır.
Yasin Hüseynzadə İran hüquq-mühafizə orqanları tərəfindən saxlanılmış və istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başladılmışdır. Azərbaycan Prezidenti İlham Əliyev hücumu qınamışdır. Azərbaycan tərəfi məsuliyyətin İranda olduğunu vurğulamış və hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının evakuasiya ediləcəyini açıqlamışdır. 30 yanvarda səfirliyin əməkdaşları Tehrandan evakuasiya edilmiş və səfirliyin fəaliyyəti dayandırılmışdır.
İran rəsmilərinin bəyanatlarında hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. İran hüquq-mühafizə orqanlarını hücumun şəxsi zəmində törədildiyini, Hüseynzadənin əraziyə iki azyaşlı uşaqla gəldiyini iddia etmişdir. Buna baxmayaraq, təhlükəsizlik kameralarının lentə aldığı görüntülərdə onun tək olduğu müşahidə edilir.
BMT baş katibi Antoniu Quterreş, Avropa İttifaqı, NATO, GUAM, 60-dan çox ölkənin dövlət başçısı, xarici işlər nazirləri və səfirləri hadisəni terror aktı kimi pisləmişdir. Hücumdan sonra İran azərbaycanlıları Azərbaycanın Təbrizdəki Baş konsulluğunun binası qarşısına gələrək gül dəstələri qoymağa başlamışdılar.
Zəmin 250px|thumb|left|Azərbaycan Prezidenti İlham Əliyev ilə İranın Ali Rəhbəri Əli Xamenei arasında görüş. 2017-ci il.
Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra Azərbaycanın səfirliklərinə qarşı bir neçə dəfə hücum olmuşdur. 2022-ci ilin avqustunda Azərbaycanın Birləşmiş Krallığın paytaxtı Londonda yerləşən səfirliyinə "Xoddam əl-Mehdi"nin üzvü olduğunu iddia edən bir neçə şəxs hücum edərək səfirliyin yerləşdiyi binada Azərbaycan bayrağını çıxarıb yerinə dini şüar yazılmış bayraq taxmış, divarlara, pəncərələrə ərəb dilində şüar yazmış və səsləndirmişdilər. 2022-ci ilin sentyabrında Azərbaycanın Fransanın paytaxtı Paris şəhərində yerləşən səfirliyi səfirlik binasına soxulmağa cəhd edən bir qrup erməni etirazçı tərəfindən hücuma məruz qalmışdır. Fransanın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış, ona etiraz notası verilmişdir. Fransa rəsmiləri təhlükəsizliyin bərpası və gələcəkdə belə halların baş verməməsi üçün hər cür tədbir gördüklərini bəyan etmişdilər. 11 oktyabr 2022-ci ildə Azərbaycanın ABŞ-nin Vaşinqton şəhərində yerləşən səfirliyinin xidməti avtomobili atəşə tutulmuşdur. Bundan sonra Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ-nin müvəqqəti işlər vəkilini çağıraraq Azərbaycan diplomatik missiyasının təhlükəsizliyini təmin etməyi xahiş etmişdir.
İranda əvvəllər xarici ölkələrin səfirliklərinə hücum halları qeydə alınmışdır. 4 noyabr 1979-cu ildə iranlı tələbələr müxtəlif şüarlarla ABŞ-nin Tehrandakı səfirliyinə basqın etmişdir. Onlar 66 nəfəri girov götürmüş, 13 nəfər isə sonradan azad edilmişdir, lakin səfirlik əməkdaşlarının əksəriyyəti İran girov böhranı zamanı 444 gün girov saxlanılmışdır.
Azərbaycan və Ermənistan 2020-ci ildə Qarabağ uğrunda apardığı müharibədən sonra Azərbaycan ilə İran arasında gərginlik yaranmışdır. Müharibə vaxtı İranın nümayiş etdirdiyi mövqe azərbaycanlı dindarlarda suallar doğurmuş, İrana qarşı skeptik düşüncə və çaşqınlıq yaratmışdır. Müharibə zamanı İran vasitəsilə Ermənistana silahların daşınması ölkədə qızğın müzakirələrə səbəb olmuşdu. Bu, İranın illər ərzində Azərbaycan daxilində yaratdığı imicin müharibə dövründə və sonrasında ciddi zərbə və zədələr almasına səbəb olmuşdur. Müharibədən sonra Zəngəzur dəhlizi ətrafında yaşanan geosiyasi proseslər daha da alovlanmış və İran tərəfinin sərt reaksiyası ilə diqqət çəkmişdir. Başda hökumətə yaxınlığı ilə bilinən media qurumları olmaqla İran mətbuatında Azərbaycan və Türkiyəni təhdid edən yazılar dərc edilir və "şeytanlaşdırma" kampaniyası aparılır.
2022-ci ilin oktyabr ayında İran Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlərə başlamışdır. Milyonlarla etnik azərbaycanlının yaşadığı İran uzun müddətdir ki, Azərbaycanı öz ərazisində separatçı əhval-ruhiyyəni qızışdırmaqda ittiham edir. Türkdilli Azərbaycan İranın tarixi rəqibi Türkiyənin yaxın müttəfiqi olduğu üçün Azərbaycan ilə İran arasında münasibətlər ənənəvi olaraq gərgin olmuşdur. İran Azərbaycanın əsas silah tədarükçüsü olan İsraillə hərbi əməkdaşlığından da şübhələnir və bildirir ki, İsrail Azərbaycan ərazisindən potensial olaraq İrana qarşı körpü kimi istifadə edə bilər. İran Xarici İşlər naziri Hüseyn Əmir Abdullahian 2022-ci ildə İsraili Azərbaycanla hərbi mövcudiyyət və gizli ittifaq qurmaqda ittiham etmişdi. 2023-cü ilin yanvarında Azərbaycan İsrailə ilk səfirini təyin etmiş, prezident İlham Əliyev Muxtar Məmmədovun bu vəzifəyə təyin edilməsi haqqında sərəncam imzalamışdır.
Hücum
Hücum 27 yanvar 2023-cü ildə, yerli vaxt ilə səhər saat 08:00 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yerləşən səfirliyində törədilmişdir. Hücumçu, İran vətəndaşı Yasin Hüseynzadə səfirlik əməkdaşlarının binaya girdiyi anlarda özünün idarə etdiyi avtomobili səfirlik əməkdaşlarının ərazidə saxlanılmış "Hyundai Sonata" markalı avtomobilinə çırpmış, ardınca binanın önündə yerləşən, hücumçunu dayandırmağa cəhd göstərməyən İran mühafizə postunu yan keçərək əlində "Kalaşnikov" markalı avtomat silahla səfirlik binasına daxil olmuş, içəridəki mühafizə postunu yarmış, səfirlik əməkdaşlarına atəş açmışdır. O, başqa otağa qaçan iki nəfərin arxasına düşmüş, üçüncü şəxs isə tüfəngi uzaqlaşdırmaq üçün açıq-aydın cəhdlə təcavüzkarın üstünə qaçmışdır. "RİA Novosti"nin məlumatına görə, hücum edən şəxs diplomatik missiyanın avtomobilini də yandırmağa cəhd etmişdir.
Sosial şəbəkələrdə paylaşılan videoda səfirliyin yaxınlığında boş bir diplomatik mühafizə postunun olduğu, bir nəfərin çöldə park edilmiş avtomobildə yaralı halda olduğu görünür. Ərazidən çəkilmiş görüntülərdə hücumdan sonra səfirliyin qapısında güllə dəlikləri olduğu müşahidə edilir. Həmin günün günorta saatlarında hücumun səfirliyin kamerasından görüntüsü yayılmışdır.
İtkilər 250px|thumb|right|"İmarət Tayfa"nın hücum ilə bağlı banneri. Bannerdə "O tayda, bu taylı başın sağolsun, Azərbaycan" yazılmışdır.
Basqın nəticəsində diplomatik nümayəndəliyin mühafizə xidmətinin rəhbəri, baş leytenant Orxan Rizvan oğlu Əsgərov həlak olmuşdur. Hücumun dəf edilməsi zamanı iki mühafizəçi yaralanmışdır. Onlardan biri, terrorçunu zərərsizləşdirməyə nail olan Vasif Tağıyev çiynindən və çənəsindən güllə yaraları almış, əməliyyat olunmuşdur. Digər yaralanan şəxs də əməliyyat olunmuş və bədənindən güllə çıxarılmışdır. Hücumun baş tutduğu gün verilən məlumata görə, yaralananların vəziyyəti qənaətbəxş idi.
29 yanvarda Orxan Əsgərovun cənazəsi, səfirliyin terror aktı zamanı yaralanmış iki əməkdaşı və Azərbaycan səfirliyinin təxliyə edilmiş əməkdaşları ailə üzvləri daxil olmaqla 53 nəfər Tehranın İmam Xomeyni adına Beynəlxalq Hava Limanından təyyarə ilə Bakıya, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına gətirilmişdir. Bundan sonra Əsgərovun cənazəsi Təzə Pir məscidinə gətirilmişdir. Orxan Əsgərov 30 yanvarda, saat 12:00-da İkinci Fəxri Xiyabanda dəfn edilmişdir. Dəfn mərasimində Azərbaycan müdafiə naziri Zakir Həsənov, Azərbaycan müdafiə sənayəsi naziri Mədət Quliyev, Azərbaycan daxili işlər naziri Vilayət Eyvazov, Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Müqəddəs Taxt-Tacın Azərbaycandakı apostol nunsisi arxiyepiskop Marek Solçinski, Alban-Udi Xristian Dini İcmasının sədri Robert Mobili, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev və başqaları iştirak etmiş, həmçinin izdiham yaranmışdır.
Nəticə və motiv Hücumu törədən Yasin Hüseynzadə İran vətəndaşıdır, Urmiyada yaşamışdır. O, Bakıdan olan bir qadınla evlənmiş və cütlüyün iki övladı olmuşdur. Hüseynzadənin sözlərinə görə, səfirlik binasına girəndə "Colt" və "Kalaşnikov" markalı odlu silahları üzərində daşıyırdı. O, bu silahları təxminən 5 ay əvvəl satın almış və Urmiya şəhəri yaxınlığındakı kənddə gizlətmişdir. Hüseynzadə, öz sözlərinə görə, 26 yanvarda uşaqları ilə birlikdə özünə məxsus olan minik avtomobilinə minərək Tehrana yola düşmüşdür. Hüseynzadə səhər saat 4-də Tehrana çatmış və avtomobilini Azadi meydanı yaxınlığında saxlamışdır. O, bir neçə saat avtomobildə dincəlmiş, daha sonra Azərbaycan səfirliyinə getmişdir.
Heç kim Tehrandakı hücumun motivini dərhal açıqlamamışdır. İran dövlət mediası hücum haqqında dərhal məlumat verməmişdir. Azərbaycan tərəfi hücumu "terror aktı" kimi qiymətləndirmişdir. Sonradan İran rəsmilərinin verdiyi bəyanatlarda hücumun siyasi motivli olduğuna dair heç bir əlamət yoxdur. İran tərəfi hücumdan çox keçməmiş, məsələ ilə əlaqədar araşdırmalara başladığını açıqlamışdır. Azərbaycan tərəfi də araşdırmalara başladığını bildirmişdir. Hüseynzadə hücumdan sonra əlindəki silahı ataraq əraziyə gələn polisə təslim olmuşdur. İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani bildirmişdir ki, hücumdan sonra polis və təhlükəsizlik qüvvələrini dərhal müdaxilə etmiş, hücum edən şəxs saxlanılmışdır. Hadisəni törədən şəxs istintaqa cəlb olunmuşdur. Hücum aktı ilə bağlı Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Cinayət Məcəlləsinin 12.2, 120.2.1, 12.2, 120.2.4, 12.2, 120.2.11, 12.2, 29, 120.2.7, 12.3, 214.2.1, 12.3, 214.2.3 və 12.2, 228.2.1-ci maddələri ilə cinayət işi başladılmışdır. Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov terror hücumu ilə əlaqədar Azərbaycan tərəfində "lazımi qədər tutarlı sübutlar"ın olduğunu qeyd etmişdir. 1 fevralda Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosuna və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə Azərbaycan tərəfindən kommünike və bəyanat layihələri təqdim edilmişdir, lakin İran tərəfi etiraz etmiş və bu sənədlərin qəbuluna mane olmuşdur.
Tehran polisinin rəisi Sərdar Hüseyn Rəhimi bildirmişdir ki, ilkin istintaqda hücumçunun motivinin şəxsi və ailə problemləri olduğuna inanılır. O, əlavə etmişdir ki, hücum edən şəxs ilk növbədə 14 yaşlı qız və 7 yaşlı oğlanla birlikdə "Pride" markalı avtomobillə inzibati binaya getmişdir. Tehranın Cinayət Prokurorluğunun rəhbəri Məhəmməd Şəhriyarinin sözlərinə görə, ilkin istintaqda təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayında həyat yoldaşının səfirliyə getdiyini və evə qayıtmadığını iddia etmişdir. O, səfirliyə dəfələrlə səfər etdiyi zaman onlardan heç bir cavab almadığını və həyat yoldaşının səfirlikdə olduğunu və onun görüşmək istəmədiyini düşündüyünü bildirmişdir. Yasin Hüseynzadə ardınca demişdir: "Bu səhər mən artıq hazırladığım "Kalaşnikov" tüfəngi ilə səfirliyə getməyə qərar verdim".
İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələri olan "Tasnim" xəbər agentliyi yazmışdır ki, "ilin əvvəlində təcavüzkarın həyat yoldaşı ailəsinin digər iki üzvünün köməyi ilə Azərbaycana getmiş və geri qayıtmamışdır". "Tasnim" yazmışdır ki, hücumçunun həyat yoldaşının "keçən ilin aprel ayında Azərbaycanın Tehrandakı səfirliyinə baş çəkmiş və bundan sonra evə qayıtmamış", "təqsirləndirilən şəxs Azərbaycanın Tehrandakı səfirliyinə çoxsaylı müraciətləri və səfirlik rəsmilərindən lazımi cavab almamasına görə səfirliyə hücum etmək qərarına gəlmişdir". "BBC"-nin farsca xidməti qeyd etmişdir ki, bu açıqlama hücumçunun həyat yoldaşının səfirlikdə olduğunu düşündüyü və buna görə də oraya hücum etdiyi barədə digər məlumatlarla ziddiyyət təşkil edir.