Məsiağa Əhməd oğlu Məhəmmədi () — şərqşünas-alim və tərcüməçi, filologiya üzrə fəlsəfə doktoru (1991), Azərbaycan Yazıçılar Birliyinin üzvü.

Həyatı 1963-cü il mayın 1-də Əli-Bayramlı şəhərində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir.

1985–1987-ci illərdə Əfqanıstanda tərcüməçi kimi hərbi xidmətdə olmuşdur. 1987-ci ildən etibarən Azərbaycan Milli Elmlər Akademiyası Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda laborant, kiçik elmi işçi, böyük elmi işçi, bölmə müdiri, direktor müavini vəzifələrində çalışmışdır. 2004-cü ildən 2022-ci ilə qədər həmin institutun İran filologiyası şöbəsinin müdiri olmuşdur.

1993-cü ildə Qarabağ müharibəsində iştirak etmiş, 1993–1994-cü illərdə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinin (indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi) xarici dillər kafedrasının dosenti olmuşdur. 2003–2004-cü illərdə Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi işlər üzrə direktor müavini işləmişdir.

2011–2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin İran üzrə eksperti olmuşdur. 2019-cu ildən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisidir.

Fəaliyyəti 1991-ci ildə şərqşünas, professor Rüstəm Əliyevin rəhbərliyi altında "Saib Təbrizinin lirikası və farsdilli poeziyada "hind üslubu" problemi" mövzusunda dissertasiya müdafiə etmiş, həmin tədqiqat təkcə Azərbaycanda deyil, Rusiya, Özbəkistan, Gürcüstan, İran və Almaniyada yaşayan mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Dissertasiyada ilk dəfə olaraq, "hind üslubu"nun təkamül mərhələləri, ideoloji və estetik əsası müəyyən edilmişdir.

Bundan əlavə, Nizami, Sədi, Xacu, Hafiz, Füzuli, Tərzi Əfşar, Kəlim Kaşani, Şəhriyar və s. kimi şairlərin yaradıcılığı haqqında elmi yeniliyi ilə seçilən araşdırmaların müəllifidir.

Məqalələri Bakıdan əlavə, Moskvada, Sankt-Peterburqda, Daşkənddə, Təbrizdə, Tehranda, İstanbulda çap olunmuşdur.

Elmi fəaliyyətinin mühüm bir istiqaməti də mənbəşünaslıqdır. "Qızılbaşlar tarixi" adlı anonim mənbəni, Yusif Qarabağinin "Yeddi bağ" risaləsini, Bədr Şirvaninin divanını geniş şərhlərlə fars dilindən Azərbaycan dilinə tərcümə və çap etmişdir. Həmçinin İmam Qəzzalinin "Kimiyayi-səadət" əsərindən müəyyən parçaları, Əbu Səid Əbül-Xeyr, Baba Kuhi Bakuvi, Şəms Təbrizi, Cəlaləddin Rumi, Şeyx Məhəmməd Xiyabani yaradıcılığından müəyyən nümunələri dilimizə çevirmişdir.

Müasir İran və Əfqanıstan ədəbiyyatından tərcümələr də etmişdir, xüsusən fars şairi Söhrab Sepehridən etdiyi tərcümələr elmi-ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır.

Bir sıra beynəlxalq və respublika konfranslarında iştirak və çıxış etmiş, çoxsaylı elmi monoqrafiya və topluların redaktoru olmuşdur. Rəsmi opponent və üzv qismində Dissertasiya Şuralarının işində iştirak etmişdir.

Pedaqoji fəliyyətlə də məşğul olmuş, Azərbaycan Universitetində və Bakı Dövlət Universitetində Şərq ədəbiyyatı tarixindən mühazirələr oxumuşdur.

Mətbuat sahəsində də fəaliyyət göstərmiş, bir sıra qəzet və jurnalların redaktoru və redaksiya heyətinin üzvü olmuşdur.

1992-ci ildə yaranmış Vətəndaş Həmrəyliyi Partiyasının qurucularından biri və partiyanın siyasi məsələlər üzrə ilk katibi olmuşdur. Hazırda bitərəfdir.

Kitabları Elmi araşdırmaları

Saib Təbrizi və farsdilli poeziyada "hind üslubu". Bakı, "Elm", 1994 Sədi və Hafiz. Bakı, "Nurlan", 2004 Tədqiqlər və Tərcümələr. Bakı, "Nafta-press", 2004 Şəms və Mövlana. Bakı, "Nurlan", 2010 Güney Azərbaycan məsələləri. Bakı, "Bakı Çap Evi" nəşriyyatı, 2012 Şəhriyar və zəmanəmiz. Bakı, ADMİU nəşriyyatı, 2015 Əfqanıstan: Sovet işğalından Amerika müdaxiləsinə. Bakı, "Poliart", 2017 İran İslam Respublikasında siyasi partiyalar. Bakı, "Costco Company" MMC, 2018

Tərcümələri

Qızılbaşlar tarixi. Fars dilindən tərcümə və şərhlər. Bakı, "Azərbaycan", 1993 Yusif Qarabaği. Yeddi bağ. Fars dilindən tərcümə, ön söz və şərhlər. Bakı, "İrşad", 1997 Müdərris Rəzəvi. Nəsirəddin Tusinin həyatı və əsərləri. Fars dilindən tərcümə (Vidadi Mustafayevlə birlikdə). Bakı, "Nurlan 2002 Söhrab Sipehri. Suyun ayaq səsi (şeirlər və poema). Fars dilindən tərcümə və ön söz. Bakı, "Mütərcim", 2010 Tərcümə çələngi. Bakı, "Nurlan", 2012 Bədr Şirvani. Divan. Fars dilindən tərcümə və şərhlər. Bakı, "Elm və təhsil", 2024

Tərtib etdiyi kitablar

Şərqin aktual problemləri: tarix və müasirlik (akad. Z. M. Bünyadovun 80 illiyinə həsr olunmuş toplu). Bakı, "Nurlan", 2003 "Şərq" tərcümə toplusu. Bakı, "Araz", 2004 Rüstəm Əliyev fenomeni. Bakı, "Nurlan", 2004 Rza Bərahəni: Şeirlər, Müsahibələr, Araşdırma. Bakı, "Qanun", 2009 Söz mülkünün Şəhriyarı. Bakı, "Bakı Çap Evi", 2011 Восточные общества: традиции и современность (Материалы II съезда молодых востоковедов стран СНГ). Москва-Баку, 2014

Redaktoru olduğu nəşrlər "Cahan" — elmi, ədəbi, ictimai jurnal – 1997–1998. "Elita" – ictimai-siyasi qəzet – 1998–1999 "Hikmət" – elmi araşdırmalar toplusu – 2003–2004 "Bakı-Təbriz" – dünya azərbaycanlılarının dərgisi – 2006–2010

Mükafatları SSRİ Ali Soveti Rəyasət Heyətinin 23.07.1987-ci il tarixli fərmanı ilə "Döyüş xidmətlərinə görə" medalı ilə təltif olunmuşdur. Əfqanıstan Demokratik Respublikası İnqilab Şurasının sədri Bəbrək Karməlin 05.05.1987-ci il tarixli fərmanı ilə "Əla hərbi xidmətə görə" medalı ilə təltif olunmuşdur. SSRİ Ali Soveti Rəyasət Heyətinin 28.01.1988-ci il tarixli fərmanı ilə "SSRİ Silahlı Qüvvələrinin 70 illiyi" yubiley medalı ilə təltif olunmuşdur. Əfqanıstan Respublikasının prezidenti Nəcibullanın 15.05.1988-ci il tarixli fərmanı ilə "Beynəlmiləlçi döyüşçüyə minnətdar əfqan xalqından" medalı ilə təltif olunmuşdur. 2013-cü ildə "Dünya ədəbiyyatı" jurnalının "Ustad" mükafatı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 10.11.2017-ci il tarixli sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunmuşdur. Tərcüməçilik fəaliyyətinə görə 02.05.2019-cu il tarixdə Azərbaycan Yazıçılar Birliyinin Əhməd bəy Ağaoğlu adına mükafatına layiq görülmüşdür. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25.07.2019-cu il tarixli sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən 30.12.2021-ci il tarixdə "Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif olunmuşdur.

Haqqında

Məsiağa Məhəmmədi – 50. Bakı, "Bakı Çap Evi", 2013

İstinadlar

Xarici keçidlər Zümrüd Rəhimova. Elmin kamillik zirvəsi Qurban Bayramov. Tanıdığımız və tanımadığımız Məsiağa Məhəmmədi İlham Əliyev tanınmış alimi təltif etdi Şəhriyar şeirinə yeni baxış

Kateqoriya:Azərbaycan şərqşünasları Kateqoriya:Azərbaycanlı şərqşünaslar Kateqoriya:Azərbaycan tərcüməçiləri Kateqoriya:Azərbaycanlı tərcüməçilər Kateqoriya:Azərbaycan alimləri Kateqoriya:Azərbaycanlı alimlər Kateqoriya:İranşünaslar Kateqoriya:Azərbaycan ədəbiyyatşünasları Kateqoriya:Filologiya üzrə fəlsəfə doktorları Kateqoriya:Azərbaycan Yazıçılar Birliyinin üzvləri Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:"Nizami Gəncəvinin 880 illiyi (1141-2021)" xatirə nişanı ilə təltif edilənlər Kateqoriya:Vətəndaş Həmrəyliyi Partiyasının üzvləri